Son bir ay xəstələnməyimiz, ofisin dəyişməyi, digər qayğılarla o qədər məşğul olmuşam ki, artıq fevralın bitdiyinin, bununla qışın da bitməsinin fərqində belə deyildim. Bəli biz psixoloqlar da belə hallar yaşayırıq. Bizim də psixoloq dəstəyinə, emosional münasibətlərə, bəzən ağlamağa, bəzən dinlənilməyə ehtiyacı olur. Çünki psixoloq da bir insandır. Adətən biz insanlar üçün layiq gördüklərimiz sadəcə başqaları üçün olur. Özümüzə bu haqqı vermirik. Çünki özümüzə emosional və Mərkəzdən baxdığımız üçün kənardan görə bilmirik. Ancaq bütün bunların olması, hər şeyin bərbad olması mənasına gəlmir. Üstəlik bunların fərqində olmaq və üzərində işləmək də psixi sağlamlığın bir hissəsidir. Mən də nələrinsə yanlış getməsinin fərqində idim. Ancaq Kələxanaya çatana qədər tapa bilmirdim. Nəhayət ki, orda pazl tamamandı…

Bu dəfəki səfərdə özümdən başqa 37 nəfərin məsuliyyəti ilə yola çıxmışdım. Adətən salonda otururdum. Bu dəfə sürücünün yanında oturdum. Çox da maraqlı oldu. Belə olan halda həm də yol videolarını daha rahat çəkə bilirəm. Üstəlik tək düşünə, nələrləsə məşğul ola bilirəm. Salondakı ünsiyyəti təşkil etdikdən sonra kənara çəkildim. Sadəcə kənardan izlədim.
Saat 11:30 da artıq Kələxanada idik. Türbələr haqqında məlumat verdikdən sonra, piknik üçün seçdiyim yerə getdik. Maşında hiss etməsəm də acmışammış. Hər kəs yeməyini yeyirdi, çox da fərqində deyillər ki, hava küləklidir. Qrupa göndərdiyim məlumatı çoxu dinləməmişdi. Mən isə çayımı içib bir növ onları gözləyirdim.



Yol boyu fikirləşdiyim məsələnin nə olduğunu tapdım. “Özümə vaxt ayırmıram” Bəzən bu qədər gərginliyin səbəbi sadəcə bu ola bilir. Özümə vaxt ayırmaq deyəndə oturub özüm haqqında düşünmək deyil. Sevdiyim fəaliyyətlərə tam bir aydır ki, vaxt ayıra bilmirəm. Nəticədə sadəcə iş görən, ora-bura qaçan bir robota dönürəm. Ancaq indi sevdiyim fəaliyyətlə məşğulam. Gəzməyə gəlmişəm, möhtəşəm mənzərələr var, təbiətdəyəm.


Daha sonra programa əsasən yaxınlıqdakı təpəyə yürüşə başladıq. Çox rahat marşrut olduğuna görə hamı rahat gəlirdi. Ona görə 1.5 km əvəzinə 6 km gəzdik. Həm yuxarı qalxdıqca mənzərələri daha yuxarıdan və rahat görürdük, həm də gəzməyin verdiyi enerjini hiss edirdik. Səmada isə tam bir bulud şousu var idi. Günəş gah gizlənir, gah da, mən gəlirəm demək üçün özünü göstərirdi. Ancaq bir problem var idi. Külək. Günəş nə qədər yandırsa da hər kəs onu sevir. Ancaq külək nə qədər sərinlətsə də, insanların əksəriyyəti onu sevmir. Bu gün biz də sevmirdik. Üstəlik yay olmadığına görə də soyuq idi.



Yürüşdən qayıtdıqdan sonra uşaqlar sosial program üzrə oyunlarını oynadılar. Mən də ətrafı gəzib fotolar çəkdim. Bunu da çoxdan etmirdim. Onları çəkmək, kadrları tuta bilmək özü ayrı bir zövqdür. Bunu unutmadığıma da içdən fərəhlənirdim.











Ancaq artıq külək daha sürətlə əsirdi. Normal olaraq insanı üşüdür. Ona görə də planladığımızdan 20 dəqiqə daha tez çıxdıq. Çox qalsaq üşüyərdik. Qayıdanda Şamaxı şəhərini qarşıdan və daha yuxarıdan gördüm. Bəzən içində olduğumuz yerlər və hadisələr kənardan daha möhtəşəm görünür. Dağətəyi şəhərlər də mənə elə təsir bağışlayır.

Ancaq üzən şeylərdən də qaça bilmərik. Türbələrə qədər yol asvalt olsa da, türbələr baxımsız vəziyyətdədir. Heç bir məlumat verən və qoruyucu tablo yoxdur. Biz özümüzə biganə olduğumuz kimi, tariximizə də biganəyik. İnşallah ki, tez bir zamanda dövlət mühafizəsinə alınar.

Növbədə soyuq havaların və təbiət yürüşlərinin vazkeçilməzi olan çay var. Çay üçün durduğumuz yerdə odun peçi, üstündəki qazan və çaydanlar mənə kənddəki evimizi xatırlatdı. İnsanların səs-küyündən bir anda orda olmadığımı xatırladım. İştirakçıları yerləşdirdikdən sonra özüm də oturdum. Açığı belə dadlı çay olacağını düşünmədim. 37 nəfərə 3 samovar içdiyimizə görə hər kəsin xoşuna gəldiyini düşünürəm.



Bu dəfəki yürüşümüz qısa havanın soyuq olduğunu nəzərə alıb Bakıya dönüş vaxtını axşam 7 qoymuşdum. Yarım saat gec çatdıq. İştirakçılar küləyə görə yarım saxladıqları söhbətləri odun peçinin yanında davam etdirdilər. Sonra maşında gələndə artıq mənim nələrsə etməyimə ehtiyac yox idi. Hər kəs bir-birilə söhbət edir, deyib-gülürdü. Mən də çəkdiyim şəkillərə baxıb fərəhlənirdim. Həm də bilirdim ki, növbəti gün ciddi bir işim yoxdur. Artıq fiziki və mənəvi dincəlməkdən qaçmaq üçün heç bir bəhanəm yoxdur. Bu da məni ayrı sevindirir. Fərqində olduğunuz fəaliyyətlər və gəzintilər dolu bir yay arzu edirəm. Sağlam olun.