Turizmin inkişaf etdiyi bölgələrdə turist axını adətən mövsümi xarakter daşıyır. Bir çox yerdə bu yaz-yay aylarında olur. Qışda isə Tufandağ və Şahdağ istirahət kompleksləri diqqət mərkəzində olur. Lahıc da yaz-yay aylarında üzü gülənlərdəndir. Bilsəm də görməklə əmin oldum.
Keçək səfərimizə. Bu dəfə addım.at komandasının idarə heyəti ilə, komandanın qəlbi olan mentorlarla getdik. Yəni marafon iştirakçıları yox idi. Ona görə də özümü bir bələdçi kimi yox, bir komanda yoldaşı kimi hiss edirdim. Çox relaks, eyni zamanda anın dadını çıxarmağa çalışdım. Düşünürəm ki, alındı.

Avtobuslardan düşəndən sonra, əsas küçə ilə hərəkətə başladıq. Buraların təmir olunmağı tarixiliyinə zərər verməyib deyə düşünürəm. Çünki yenə də tarixi bir ərazidə gəzdiyimi hiss edirdim. Çay daşından tikilən evlər, yerə döşənmiş iri daşlar, köhnə qapı və balkonlar. Lap yadımdan çıxıb. Siz də demirsiz ki, ay Murad bu Lahıc haradır? Ora niyə indi getmişdin. Necə bir yerdi? Yəgin hekayəyə başınız qarışıb yaddan çıxıb. Xülasə Lahıc İsmayıllının etnoturizm mərkəzlərindən biridir. Yəni yerli əhali tatdır. Öz dillərində danışır. Mədəniyyətlərini qoruyub saxlayırlar. Girdiman çayının sahilində yerləşir. Dəniz səviyyəsindən 1100+ metr yüksəkdə yerləşir.


Küçələrdə gəzəndə bələdçilik etmədim. Əksinə maraqlı gələn nədirsə onlarla maraqlanaraq davam etsək daha yaddaqalan olar fikrindəyəm. Özüm də həyatımda ilk dəfə müsahibə aldım. Kəndin papaqçısından aldığım müsahibəni Yutubda səfər vlogundan izləyə bilərsiniz. Çox çox maraqlı təcrübədir. Xoşuma gəldi. Yəginki indidən sonra getdiyim yerlərdə fürsət düşdükcə istfadə edəcəm.





Daha sonra Ərəkitə keçən körpüdən sola döndük. Ordan Girdiman çayı üzərində salınmış körpüdən də keçib kəndi tam görən bir təpədə piknik üçün dayandıq. Burdan hər yer əlinin içi kimi görünür. İlk başda bir az narahat idim. Yemək yedikdən sonra anladım ki, ac imişəm. Ondan sonra Nərzinlə ətrafı gəzdik. Qərarlaşdırdıq ki, yazda burda kamp edək. İndidən planını və marşurutu qurmuşam artıq.









Daha sonra Əvvəlcədən danışdığımız yerə Polad dayının yerinə getdik. Biz gələndə artıq Samovar stolun üstündə bizi gözləyirdi. Bir çayzadə üçün bundan gözəl nə ola bilər? Hər kəsə payladıqdan sonra özüm də içdim. Amma ikinci stəkanda sonra saymadım. Toğrulla səfər namazımızı qıldıqdan sonra düşündüm ki, iştirakçılar artıq qayıtmaq istəyər. Ancaq əksinə içərdə söhbət edən kim, qarla oynayan kim. Bizdə çöldəkilərə qoşulduq. Bəzilərində kimin vurduğunu da heç bilmədim. Amma uşaqlar kimi əylənirdik. Əslində sadəcə uşaq vaxtı elə içdən əylənmişik. İndi içdən etdiyimiz hər şey bizə uşaqlıq kimi gəlir.







Nə isə kefinizə soğan doğradığıma görə davam edə bilərəm səfər haqqında yazmağa. Qayıtmalıyıq deyəndə əksəriyyətinin cavabı bu oldu ki, “bu qədər tez?” mən də, sakitcə saata baxmalarını təklif etdim. Bəli vaxt çox möhtəşəm keçirdi. Ona görə çox qısa gəldi. İçi mən qarışıq hamı üçün.
Qayıdanda da eyni templə yavaş-yavaş, ətrafa baxa-baxa getdik. Yerdə qar, yuxarıda günəş həqiqətən əla mənzərədir. Tutdura bilməziyimizə ayrıca sevindim.






Hava qaralana yaxın artıq maşınlara çatmışdıq. Mətin abi ilə Süleyman dayı bizi gözləyirdi. Onlarla da bir az söhbət etmə şansım oldu. Hansı yolları neçə dəfə getməklərindən tutun, hansı agentliklərlə çalışmaqlarına qədər. Sürücülərin həmişə maraqlı əhvalatları və gülməli söhbətləri olur. Belə insanlar hər zaman diqqətimi çəkir.


Bakıya çatanda özümü dincəlmiş hiss edirdim. Sağ tərəfdə günəş batımı qızarmış qürub şəklində görünür. Hər kəs məmnundur. Çox yorulmadım, gəzdim amma hiking formasında yox, sadə turist kimi. Nəticə etibarilə daha bir sevdiyim yer əlavə etdim siyahıma.
Bu günlük bu qədər. Çalışın anın dadını çıxarın. Mümkün qədər gəzin. Fərqli insanlarla söhbət edin. Onların statuslarına baxmadan. Bu sizə çox xoş aura olaraq geri dönəcək. Gələn səfərlərdə görüşənədək.