Keçən ilin bu günlərində 2020 üçün hesabat tipli blogumu yazmışdım. Bu ildə artıq bütün hesabatlarımı apardıqdan sonra düşünürəm ki, özümə faydalı olan bir neçə punktu qeyd etməyim, sizə də faydalı ola bilər.
Tələm-tələsik plan qurmağı sevmirəm. Öncə etdiyim işlərin hesabatını aparmalıyam. Bəli yanvarın 26-sıdır. Mən hesabatımı indi bitirdim. Planlarım haqqında detallı fikirlərim, nəyi harda edəcəyim, nəyə ehtiyacım olduğunu, nəyi həyatımdan çıxarmalı olduğumu indi daha aydın görə bilirəm.
Mövzu blogdan başladığı üçün ilk öncə elə bu barədə yazım. 2020 mənə görə fantastik sıçrayış olmuşdu. Hansı ki, 2019 cu ildə cəmi 974 dəfə oxunan blogum, 2020 də 7023 dəfə oxunmuşdu. Mənim hədəfim isə 5000 idi. 2021 üçün isə o rəqəmləri birləşdirib, 12 min qoydum. 13 minlə ili tamamladım. Ötən ildə 21 yazı yazmışdım. 2021 də bu rəqəmi 32 etdim. Bu ilki hədəfim isə 50 dir. Bu statistikalar mənə ötən ilki yazıların “sadəcə camaat boş qalıb deyə oxuyur” fikrimi çürütdü. Artıq yazı tərzimlə bağlı maraqlı geridönüşlər alıram.
İkinci məsələ isə YouTubedir. Hansı ki, 3 il idi özümü bu gün sabah deyə aldadırdım. Ancaq başladım. Özümü rahat hiss etmək üçün öncə səyahət videolarından başladım. Nəhayət oktyabr ayında isə Psixoloq olaraq keçdim kamera qarşısına, illik 5 min izlənmə hədəfi qoymuşdum. 12 min oldu. 15 video nəzərdə tuturdum. 35 oldu. Bu il isə 50 video planlamışam. Üstəlik bununla bağlı hələ heç bir kurs almamışkən nəticələrin effektiv olduğunu düşünürəm.

Daha sonra özümü çox şanslı hesab etdiyim dağ səyahətləri məni bir neçə səviyyə irəli daşıdığını düşünürəm. Hansı ki, iki il öncə zirvə sıradan bir şeymiş kimi davranan, əslində ora çıxa biləcəyinə inanmayan Murad, il ərzində çoxdandır sevdiyi Qızılqaya (3723), ölkənin iki ən hündür zirvələri olan Bazardüzü (4466m) və Zəfər (4301m) qalxmağı bacardı. Bundan əlavə səyahət baxımından çox rəngarəng və dolu bir il oldu. 18 fərqli səfərdə oldum. Həm bələdçi olaraq, həm də səyahətçi olaraq komfort zonamı genişləndirdim. Ən hündür zirvələrdən sonra 4 günlük Xalaxe gölü Trekkinginin sonunda artıq dağla bağlı hər hansı inamsızlığım qalmayıb demək olar ki. Çünki təcrübələrim artıq müəyyən şeyləri bacardığımı göstərir. Köhnə mükəmməlliyətçi olan Murad hələ də bəzi şeyləri etmək üçün xüsusi nələrinsə lazım olduğunu düşünür. Bu fikirlərimi, youtube, blog və dağçılıqla olan hissəsini həll etmişəm artıq. Bunların öhdəsindən gəlməyim isə, özümə qoyduğum digər bir çox sərhədin də mənasızlığını göstərir.







Bütün inkişaf edən bacarıqlarımla bərabər, komanda daxili işlər də məni daha çalışqan və şəraitə uyğunlaşan biri halına gətirib. Bu il ərzində 3 kreşendo addım.at marafonunda həm mentor həm də supervisor olaraq çalışdım. İstər mentor təlimləri, istər menti görüşləri, istərsə də qrup səyahətləri məni öz komfortumu pozmağa vadar edir. Ona görə mühitin hələ də məni inkişaf etdirdiyini və mühitə lazım olduğum qədər mənim də ehtiyacım var deyə düşünürəm.

Başqa bir məsələ isə kiçik də olsa biznes fəaliyyətinə başladım. Maraqlı və fərqli təcrübədir. İdarəetmədən hər zaman xoşum gəlib. Bunu tətbiq edə bilmək, öz səhvlərimi və fikirlərimi həyata keçirmək fikri məni həyəcanlandırır. Artıq Chayzade.az satış məhsulları ilə qarşınızdadır.



Yadımdan çıxmışdı az qala psixoloq olmağım. 5 ildir çalışdığım mərkəzimdəki işdən ayrıldım. Yeni mərkəzdə fəaliyyətə başladım. Burfa işlərim ordakı qədər yaxşı deyil hələ. Çünki müəyyən qədər vaxta və tanınmağa ehtiyacım var. Ancaq burda yaxşıyam. Başqa yerdə necə olaram? Deyə düşünərək əslində komfortumu qoruduğumun fərqinə vardım. Uyğun şərait axtarıb işimi dəyişdim.

Ən əsası isə həyatımda köklü dəyişiklik etdim. Evlənmək bir çox insan üçün qorxulu, anlaşılmazlıqlarla dolu qaranlıq bir ifadədir. 6 aylıq kiçik təcrübə sayəsində deyə bilərəm ki, evlilik 2 nəfərlikdir. Yəni, seçdiyiniz şəxsin həyatınıza təsiri çox böyükdür. Yuxarıda saydığım fəaliyyətlərin davamı və inkişafı üçün yenə emosional dəstəyə ehtiyacım var. İnsan olaraq hər birimiz gördüyümüz işlərin görünməsini, alqışlanmasını istəyirik. Ailədə sizə dəstək varsa inkişaf edə biləcəksiniz. Eyni zamanda təkcə dəstək gözləməklə də olmaz. İlk öncə özünüzün də anlayıb, dəstək olmanız lazımdır.

Bu ildən çıxardığım əsas dərslər:
– Başqalarına baxaraq sadəcə ruhdan düşə bilərsiniz. Ancaq işinizə fokuslansanız, ordakı problemləri həll edərək özünüzü və işinizi bir üst səviyyəyə daşıya bilərsiniz.
– Heç nə üçün gec deyil. Çox klişe səslənə bilər. Ancaq insanlar adətən hər şeyi rasional qəbul edir. Emosional səviyyədə isə buna inanmırlar. Bax indi mən emosional inanıram.
– İş hər zaman var. Sevdiyin insanlara və fəaliyyətlərə zaman ayırmaq lazımdır. Yoxsa tam gücünü işə verdiyinə görə işini itirəndə həyatını da itirmiş olacaqsan.
– Bacarıq öyrənmək, zaman, səbr, əzm və iradə tələb edir. Heç nə bir anda formalaşmadığı üçün neqativ davranışları da bir anda tərgitmək mümkün deyil.
Bir işi görə bilməyiniz üçün özünüzü inkişaf etdirməklə bərabər bu sahədə olan çevrəyə də ehtiyacımız var.
Allah insana hər şeyi hazır olduğunda verir. Hər addımda Allaha sığınmaq, təslim olmaq və planları ondan sonra qurmaq lazımdır.
Son olaraq bütün bu işlərdə yanımda olan insanlara Həyat yoldaşım Nəzrinə, bütün dağ təcrübələrimdə müəllimlik edən Toğrul Cəfərova, addım.at komandasına, ortağım Fatma Qurbanovaya, Video dəstəyi üçün Orxan və Ramidə, Kolleqalarım Aydan və Cəmiləyə həyatıma daxil olan möhtəşəm insanlara, dostlarıma, valideynlərimə mənə toxunuşu olan hər kəsə (adlarə yazsam blog iki-üç dəfə uzanacaq) təşəkkür edirəm.