İllər ötdükcə qlobal istiləşmənin təsirləri daha çox hiss olunur. Bunun ən bariz nümunəsi də qış mövsümündə havaların isti keçməsi, beləcə qarın yağmamasıdır. Şəhərdə yaşayanlar üçün isə qar, qışın qlamur tərəfidir. Kəndlilər eyni fikirdə deyil. Bu dəfəki səfərimizdə isə qarın o qədər kənardan göründüyü qədər gözəl olmaqla bərabər, əziyyətli bir şey olduğunu yaşadıq.

Bu dəfəki səfərimiz, Qusarın ən məşhur marşrutlarından olan Laza-Kuzun marşrutu idi. Marşrut yay üçün də çətindir. Qış üçün isə, qar və soyuğu üstəlik, isti keçən havanın yarada biləcəyi palçığı da nəzərə alanda dözülməz bir hal alacağını bilirdim. Ancaq burada dözülməz olan qar, soyuq yaxud palçıq yox, yolun bitməməsi idi. Macəra olmaqla bərabər həm də üzərimdəki məsuliyyətin də fərqində idim.
Səhər saat 7:30 da artıq Gənclikdə idik. Mətin abi yenə bizi gözləyirdi. İştirakçıların da bəziləri artıq çatmışdı. Planladığım kimi gecikən olmadı və 8:00 da hərəkətə başladıq. Yolda iki dəfə fasilə verməklə Qusara, ordan da Lazaya çatdıq. Yolun bitməyinə az qalmış, Mətin abi bildirdi ki, yol buzdur və geridönüş çətin olacaq. Ona görə 600 + metr məsafəni kəndə qədər piyada getməli olduq. Ancaq əhval-ruhiyyə əla olduğuna görə bu heç kimin vecinə olmadı.



Kəndin içində fasilə üçün dayandığımız vaxt diqqətimi çəkən bir məqam isə uşaqların xizəklə sürüşməkləri idi. Böyüklər öz işlərində olsalar da, qar onlar üçün hələ də əyləncə idi. İştirakçıların bəziləri bu fürsətdən yararlanıb, onlarda xizəklə sürüşməyin dadına baxdılar. Daha sonra isə, 2018- ci ilin noyabrında, axşam kəndə qayıdarkən Lazada bizə Samovar çayı verən Xanpəri xalanı gördüm. O vaxtdan deyirdim ki, növbəti dəfə Lazaya getsəm mütləq xanıma təkrar təşəkkür etmək istəyirəm. Oktyabrın 31 də, Laza şəlalələrinə getsək də kəndə girməmişdik. Bu dəfə küçədə oturmuşdu. Marşrut isə onların evinin düz qabağından keçir. Sanki bir doğmamı görmüş qədər xoşbəxt idim. O xanım cəmi bircə dəfə mənə yorğun və üşüdüyüm halda çay vermişdi. Onu heç vaxt unutmamışdım. Digər tərəfdən sevdiklərimizin bizə etdiklərini çox az dəyərləndirdiyimizi düşündüm. Onların bizə etdikləri dəfələrlə olur. Ancaq biz onları heç yadda saxlamırıq. Olmalı imiş kimi qəbul edirik. Digər tərəfdən isə, tanımadığı insanlara bu qədər mərhəmətli davranan insanların olmağı onları bizim üçün fərqli və yadda qalan edir. Kənddəb çıxana qədər bunlar beynimi məşğul etməkdə davam etdi.







Kənddən çıxandan sonra isə “3D action film” başlayır. Çünki buradan yol aşağıya doğru düşür. Və aşağısı dərədir. Bu da təcrübəsiz və daha az təcrübəlilər üçün qorxuludur. Bunu normal qəbul edirəm. Davranışlarımı da ona əsasən nizamlayıram. Mənə adi gəldiyi üçün sürətlə gedə bilirəm. Ancaq komandanı görməyim kifayətdir ki, sürətimi onlarla eyniləşdirim. Əsas məsələ onlara moral və fiziki dəstək göstərim. Üstəlik də düşündüm ki, acdılar və günortadır. Ona görə yemək fasiləsi verməyi qərara aldım. Əslində yoldakı şəlalədə yaxud onu da keçəndən sonra fasilə verməyi düşünürdüm.






Yemək fasiləsindən sonra, gözlərinə sanki işıq gəldi, deyib gülməkləri, qar topu oynamaqları, daha tez-tez yola davam etməkləri qərarımın doğru olduğunu göstərdi. Nəticə etibarilə Kuzuna doğru yolun əsas hissəsini 2 saat yarıma enib qalxdıq. Yolda yemək fasiləsi verməyi düşündüyüm şəlalənin qarşısında yenə fasilə verdik. Amma çox qısa. Kollektiv foto çəkdikdən sonra yolumuza davam etdik.







Yuxarıya çatanda artıq gün batmaq üzrə idi. Üstəlik iştirakçılar da yorulmuşdu. Mən isə konkret məlumat verməyim onları bir az da ruhdan salacağını bildiyim üçün ümumi cavablarla onları yola davam etmələrinə yönləndirirdim. Üstəlik arxaya qayıtmaq daha çətin idi, nəyinki, finişə çatmaq.




Ancaq dumanla onların könüllərini aldım. Gün batsa da hava qaralmamışdı. Kuzun kəndi üzərində möhtəşəm duman var idi. Foto çəkmək istədiklərini bilirdim, ona görə fasilə verib, son dəfə enerji toplamaları üçün şərait yaratmaq heç də pis olmazdı deyə düşündüm. Qışda tez-tez görünən mənzərə olsa da, duman mənim üçün də süpriz oldu. Allaha şükür edib, yoluma davam etdim.


Aşağıya doğru yorğunluqları daha da artır. Biz isə, gördüyümüz dumanın içində idik. Bəziləri artıq sürüşərək davam edirdi. Ancaq hər kəs bir-birinə dəstək idi. Komandanın bu şəkildə olması məni sadəcə sevindirə bilər.
Çayı keçdikdən sonra ilk fermada itlər bizi qarşıladı. Hava qatı duman idi, üstəlik zil qaranlıq olduğuna görə yavaş-yavaş hamını görə biləcəyim şəkildə gedirdim. Kəndə çatandan sonra öndə davam etdim. Maşını görəndən sonra qabaqda gələnləri yönləndirib, yenidən dala qayıtdım.
Maşında olanda isə, hamı yorğun, ac, susamış, üşümüş şəkildə idi. Üzlərindən hiss olunurdu ki, sadəcə evə çatmaq istəyirlər. Ancaq onlara çay sözüm var idi. Bu halda olduqlarına görə, çayı elə maşına gətirtdik. Çay içdikdən sonra bəziləri yatdı, digərləri söhbətlərinə davam elədi. Nəticə etibarilə uzaq tanışlar olaraq getdiyimiz bu səfər bizim üçün doğma insanlar qazandırdı. Heç bir səfərdən sonra votsap qrupu bu qədər aktiv və əyləncəli qalmırdı. İndi isə belədir. Və bu mənim çox xoşuma gəlir.


Nəzərə almaq lazımdır ki, bizim çox istədiyimiz hər şeyə çatmaq üçün zəhmət çəkməliyik. Adi görünən qar üçün də zəhmət çəkdik. Ancaq komfort zonamızdan kənarda fəaliyyətlər etmək, bizim iradəmizə də möhtəşəm təsir edir. İndidən sonrakı səfərlərdə daha inamla irəli atılacağıq. Bu da bizi şəhərdə olan fəaliyyətlərimizə də öz təsirini göstərir. Necəki səyahət mənim həyatımı dəyişməyə davam edir. İnkişaf etmək istəyirsinizsə, bəzən sevmədiyiniz, bəzən təkrar və yorucu fəaliyyətlərlə məşğul olmalıyıq. Necəki qarda gəzmək çox əyləncəlidir. Ancaq 16 km bir gündə gəzmiş biri olaraq günün sonunda o qədər cazibədar gəlmir. Qazandırdığı bacarıqlar və şükranlıq hissini yaşadığım üçün soruşursanız, bəli yenə gedərəm. Daha çətin yolları belə. Bu dəfəlik bu qədər. Gələn səfərlərdə görüşənədək. Çalışın təbiətin hər anından zövq alın.