Qış aylarında komanda ilə birlikdə getmək üçün əsas çətinliklərdən biri də yer seçimidir. Mənim üçün elə də ciddi fərqi yoxdur hara gedirəm. Əsas məsələ yeni və fərqli olsun. Ancaq çox adam qışda qar olan, palçıq olmayan yerlərə getməyi uyğun görürlər. Təbiətə yeni başlayanların bu tərzdə yanaşması anlaşılandır. Ancaq bir müddət sonra təbiət aşiqləri artıq mövsümə, yerə göyə baxmadan səfərlərinə davam edirlər. Ölkədə inkişaf edən daxili turizm fəaliyyətlərinin fonunda bu tərz problemlərin olması əslində özü inkişaf göstəricisidir. Nəticə etibarilə insanlar yenə gəzmək istəyir.
Dağ yürüşlərində özü demiş “bişməyimdə” böyük əməyi olan müəllimim Toğrulla məsləhətləşəndən sonra bu dəfəki Addım.at Komandası üçün olan səfərimiz üçün ən optimal variant olaraq Ağsunun Dilman kəndini uyğun gördüm. 53 nəfərlik əmbil gölü səfərindən sonra 38 nəfəri idarə etmək mənə asan görünməsə də öyrəşmişdim. Ən əsası köməkçi bələdçilər olaraq Ramid və Murad möhtəşəm iş çıxardılar. Üstəlik Aytən də, təşkilatçılığın qüsursuz keçməsi üçün əlindən gələni elədi. Hər üçünə təşəkkür edirəm.


Keçək səfərin gedişatına. Hər zaman olduğu kimi toplanış yerimiz Gənclik metrosundan başladıq. Səhər bir az yuxulu və yorğun olsam da avtobusa minəndən sonra yadımdan çıxdı. Yol boyu oyunlar maraqlı söhbətlərə başım o qədər qarışdı ki, bir də baxdım artıq çatmışıq.
Kənd özü çox maraqlı yerdə yerləşir. Əhali yerli deyil, XIX əsrdə Cənubi Azərbaycanın Dilman mahalından köçüb gələnlərdir. Coğrafi mövqeyi çox əlverişlidir, nə Bakıya o qədər uzaq deyil, nə tam dağlıq deyil. Mənə görə ideala yaxın bir mövqeyi var. Yürüş boyu bu fikrimi qətiləşdirdim. Bir tərəfdə ağaclar, bir tərəfdə təzədən cücərən otlar, günəşli hava və palçıqlı yer. Qarşımızda açılan mənzərələr sanki yerdəki palçığa görə üzr istəyirdi. Ancaq bu da işin dadı-duzudur mənə görə.












Ramid öndə, mən ortada, Murad isə axırda gəlirdi. Vəziyyət tam nəzarət altında olduğuna görə, rahat şəkil çəkə, kimlərləsə söhbət edə, iştirakçı kimi də prosesdən zövq ala bilirdim. Bu səfər bəzən də sadəcə iştirakçı kimi qoşulmalı olduğumu düşündüm. Sırf təbiətə fokuslanmaq üçün. Bunun üçün isə kiçik qruplarla, dostlar yaxud ailəmlə olan səfərləri təkrarlamalı olduğum qənaətinə də gəldim.
Bayaqdan oxuyursunuz, bəsdir də Murad mənə nə sənin ağlına gələnlərdən. Danış görək beynin işində yox çöldə nə görüb bəs. Düşünürəm ki, o görünənləri vlog və şəkillər vasitəsilə təqdim edirəm. Ancaq blogları yazmaqda məqsədim onların necə təsir etməsi haqqındadır. Yaxşı-yaxşı, çox danışdım. Keçək hikingimizə.
Hava günəşli olduğuna görə, əhvalımıza əla təsir edir. Amma yerdəki buz bizimlə eyni fikirdə deyil. O günəşdə incidiyi üçün xeyli palçıqla bizdən bunun əvəzini çıxdı. Ancaq kəndən çıxandan sonra qarşımızda açılan mənzərə ilə palçığa baxmağa heç vaxtımız olmadı. Dekabr ayında təbiətin bu qədər rəngarəngliyi həqiqətən məni heyrətləndirmişdi.







3 km yürüşdən sonra artıq şəlaləyə çatmışdıq. Ancaq burda kərəmi ağlamaq tutur. Ocaq qalamaq lazım idi. Lakin odunlar yaş idi. Yarımsaata ancaq yandırdığımız şey ocağa oxşadı. Çox keçmədən hər iki çaydan qaynadı. İnsanlara çayı öz əlimlə süzdükdən sonra nə gözümü kor edən tüstü, nə də ki yorğunluğum vecimə deyildi. Sadəcə prosesdən zövq alırdım. Ancaq bu da çox davam etmədi. İşlərin əsas hissəsi bitdiyinə görə, növbənin özünə gəldiyini düşünən mədəm dava saldı. Mən də məcbur yemək yeməli oldum. Nəzrinlə bir az ətrafı gəzdikdən sonra təkrar ocaqbaşına gəldim.







Planladığımız kimi iştirakçılar artıq bir-birinə qaynayıb-qarışmışdı. Təşkilatçı olaraq “mission completed” deyə düşündüm. Qaldı, onları sağ-salamat Bakıya çatdırmaq. Ancaq hələ buna çox var. Muradın məşhur tenis topu ilə artıq adət halını alan oyunumuzu oynadıq. Biri musiqi qoşub rəqs edir, digəri söz oyunu oynayır. Başqa biri xəzəli tapdalamaqla anın dadını çıxarmağa çalışırdı.





Saat 4 ə yaxın hava soyumağa doğru gedirdi. Bizim də gün işığında kəndə çatmağımız üçün yola düşməyimiz lazımdır. Son çayımızı da içib, ocağı söndürdük. Kollektiv foto çəkildikdən sonra yola davam elədik. Bu dəfə ən axırda mən idim. Geri qalanlar artıq yorğun olacaqdı. Ona görə dəstək lazım ola bilərdi. Üstəlik bu mənə video və foto çəkməyə şərait yaradır.
Dərədən çıxıb kəndi gördüyümüzdə günəş qürubda idi. Ancaq mən əsr vaxtının pərəstişkarı olaraq bu anın heç bitməsini istəmirdim. Ona görə daha çox söhbət edir, ətrafa da daha çox baxırdım.








Hava qaralanda artıq kənddə idik. Ayaqqabılarımızı təmizləyib, maşına doğru davam elədik. Artıq maşınlardakı üzlərə baxanda hamı yorğun və hüzur qarışıq bir aurada idi. Yəginki kənardan mən də elə görünürdüm. İndi isə təkcə bir şey istəyirdim, duş alıb öz yerimdə yatmaq. Bu səfərdən bu qədər. Gələn səfərlərdə görüşənədək. Çalışın təbiətin hər anından zövq almağa çalışın. Bunun üçün isə həyatın hər anından zövq aıa bilməyiniz lazımdır. Hələlik!