Laza yürüşü |addım.at

2018 ci ildə bu kənddən keçən marşrutdan möhtəşəm xatirələrlə qayıtmışdım. İlk öncə qoşa şəlaləyə, orada Mıxtökənə, daha sonra ordan qayıdıb Kəndin içi ilə Kuzun yolundakı şəlaləyə getmişdik. Günün sonunda isə, Ləzgi mətbəxindən “Tskan”ın dadına baxdıq. Ən yadımda qalan isə, su ehtiyacı üçün döydüyüm qapıda öncə çaydan daha sonra samovarla təqdim olunan çay oldu. Axşamdır. Yorğunsan, boğazın quruyub, hava soyuqdur və sənə çay təklif edirlər. Xanpəri xala hələ də o vaxtdan yadımdadır. İlk dəfə bu il təkrar qismət oldu Lazaya getmək. Bütün bunların fonunda çox gözəl də təbiəti var Lazanın.

Gələk 2021-ə. 31 oktyabr birlikdə getdiyimiz Kreşendo komandası və iştirakçıları üçün əlamətdar gündür. Beləki, 5 ci marafonun ilk ayının son günüdür. Ənənəyə sadiq qalaraq, həm iştirakçılar həm də mentorlar aylıq analiz və hesabatlarını paylaşırlar. Bunu bir səfər çərçivəsində etməyi təklif etdiyimdə çox maraqla qarşıladılar. Ona görə səfəri məhz bu tarixə saldıq. Nəticə olaraq 34 nəfərlik böyük qrupla yola düşdük.

Səfərin ikinci böyük məqsədi isə, online davam edən marafon iştirakçılarını bir araya toplamaq, şəbəkələşmə (networking) bacarıqlarını inkişaf etdirməkdir. Ona görə mentorlar sadəcə öz tanışları ilə deyil, fərqli iştirakçılarla birgə gedirdi. 2 maşın olduğumuzu nəzərə alsaq, hər iki maşında sosial programlar, oyunlara o qədər başımız qarışdı ki, bir də baxdıq artıq Kuzun yolundakı şəlalə yolun sağında görünür. Bir bələdçi olaraq ilk ağlıma gələn, “Bu qədər heyran oldularsa, niyə ora da aparmayım ki?” dedim. Sonra düşündüm ki, yol uzundur. Ona görə hiking, mənzərə filan gözlərinə görünməyəcək yorğunluqdan. İlk təcrübələrindən çətinliyə düşmək onları qorxuda bilər. Ayrıca programı artıq qurmuşdum. Əlavə olaraq sadəcə Suvar şəlaləsinə gedə bilərdik.

Lazaya çatdıqdan sonra, baxdığım hava proqnozu nöqtəsi-vergülünə qədər doğru idi. Öncəki günlərdə qar yağmışdı, amma bu gün hava günəşli, yer isə quru idi. Tam arzuladığım kimi, həm qar görəcəkdik, həm də günəşli bir gündə ətrafdakı məznərələrdən zövq alacaqdıq. Artıq kəndə çatanda Suvar şəlaləsini programdan çıxardım.

Qoşa şəlalə pilləli şəkildə axan, ən səliqəli axan şəlalələrdəndir. Qısa yürüş məsafəsi olmasına baxmayaraq insanlar üçün həddindən artıq maraqlıdır. Qrupla bərabər buraları gəzdikdən sonra, daha çox xoşlarına gələcəyi istiqamət üzrə yolumuza davam etdik.

Heç bir yerə tələsmirdim. Bələdçi köməkçisi olaraq Ramid, Nərgiz, Murad, Nəzrin işimi çox asanlaşdırmaqla bərabər məni bəzi məsuliyyətlərdən də azad etmişdilər. Ona görə çox rahat bir şəkildə həm mənzərədən, həm də yeni tanış olduğum adamlarla söhbətdən zövq alırdım. Nəticə etibarı ilə bu gün möhtəşəm gün olaraq davam edirdi.

Piknik üçün nəzərdə tutduğum yerə çatanda özüm daxil hər kəsin “wooow” (Azərbaycancası aydaaaa nə qəşəngdir) dediyini eşitdim. Ən çox sevdiyim anlardan biri də elə budur. Gözəl bir məkana çatdırandan sonra insanların üzlərindəki mimikalarını izləmək. Buna səbəb olmaq, bu işdə azca da olsa əməyimin olması məni həddən ziyadə məmnun edir. Düşünün ki, ilk qarşı görürsünüz. Aşağıda dərinlərdə bir çay axır, onun mənbəyində qarlı dağları, arxanızda şəlalə, sağınızda kənd və möhtəşəm dağ mənzərələri görürsünüz. Hava da çox aydındır, ona görə taa uzaqları da görə bilirsiniz.

Hər kəs gəlib çatanda sonra programı elan elədim. Burada hər kəs yemək yeyə, ətrafı gəzə, bir biriləri söhbət edə bilərdi. Mən də rahat ətrafı gəzə özümə vaxt ayıra bilərdim. Yoldaşımla həm kəndi, həm piknik yerini, həm də dağları daha əhatəli görən bir təpəyə qalxdıq. Burü küləkli olacağını bildiyim üçün piknik yerini aşağıda təyin etmişdim. Düşüncəm də yanılmadığımın şahidi oldum. Qərar verdik ki, bu tipdə kəndlərə ayrıca gələk. Çünki həyat tərzi, insanları bir başqa maraqlı eyni zamanda bizdən tamam fərqlidir. Dağların əhatəsində bapbalaca görünən bu kənd eyni zamanda insanın təbiət qarşısında nə qədər aciz olduğunu da göstərir.

Qrup üzvləri kiçik qruplar halında nələrinsə müzakirəsinə başları qarışmışdı. Bəziləri növbə ilə şəkil çəkdirir, digər bir qismi isə yemək yeyirdi. Bəli məndə acmışdım. Piknik üçün hazırladığım yeməyimi yedim. Çayımı da içdikdən sonra kollektivlə yol almaq zamanıdır.

Yolun bu tərəfi daha maraqlıdır. Çünki çay sahilinə doğru gəldik. 40-50 metr dərinlikdə axan çay, onun oyduğu çay yatağı, arxasında qalan dağlar həqiqətən adamı valeh edir. Yenə də sakit və rahat şəkildə davam edirdik. Programın bu hissəsini sərbəst qurmuşdum ki, iştirakçılar mənzərələrdən zövq alsınlar. Təbiətdə olduqlarını hiss etsinlər.

Maşına çatanda gün batmağa yaxın idi. Hamı toparlandıqdan sonra yola düşmək olardı. İndi isə programın onların ümumiyyətlə xəbərsiz olduğu, maraqlı bir fəaliyyət gözləyirdi. YEMƏK! Bir də sosial program. Yeməyi də düşündüm ki, ilk dəfə gələnlər çox olduğuna görə ləzgi milli mətbəxindən edək. Bəli, yuxarıda qeyd etmişdim. Üstəlik bu dəfəki yer daha sərbəst və sosial program üçün daha uyğun idi. Öncədən danışdığım Xutorok resortanı çox gözəl qarşılama və xidmətlə bizi qəbul etdi. Onlara da xüsusi diqqət üçün təşəkkür edirik.

İlk anda yeməyə qəribə baxsalar da, dadına baxandan sonra hamı çox rahat yediyini gördüm. Deməkki, bəyənmişdilər. Cəmi iki nəfər, vegeterian olduğu üçün, onlara fərqli menyu sifariş verməli olduq. Digərlərindən aldığım geridönüşlər isə müsbətdir. Ona görə könül rahatlığı ilə sosial programa keçə bilərik.

Sosial program deyəndə restoran idarəetməsi, sadəcə rəqs edəcəyimizi düşünmüşdü. Mən isə mikrofonla hər kəsi səhnəyə dəvət edib, həm marafon haqqında həm də bu günki səfər haqqında fikirlərini bildirməsini istədim. Mikrofon qarşısında çox daha rahat olduğumu hiss etdim. Kamera qabağında danışmağım, mənə bura da yardım edir. Yavaş-yavaş hər kəs gəlirdi. Ancaq sonradan bildiyim bəzi geridönüşlərdən sonra aydın olan o narahatlığın səbəbini tapmış oldum. İştirakçılar mikrofonla danışmaqdan qorxurmuş. Ancaq kollektiv şəkildə hər kəsin bunu etməsi onları da komfort zonalarından çıxarmışdı.

Son olaraq hər kəsin əyləndiyi bu səfərdə mən də həm əylənib həm də zövq aldım. Təşkil edibdə öz təşkilatçılığımdan razı olduğum ilk tur idi deyə bilərdim. Bunun verdiyi məmnunluq isə bir ayrı gözəldir. Bu günlük bu qədər. Lənkəranda, Xanbulan gölündə görüşənədək.

Bir şərh yazın