Öncəki həftə hər hansı səfərə çıxmamışdım. Əvəzində yoldaşımla şəhərdə gəzdik. Şəhərdə nə qədər payız hiss olunmasa da (çünki ağaclar demək olar ki yoxdur, olan yerlərdə də xəzəlini yığırlar) hava payızın gəldiyini, insanların paltarları isə auralarına sirayət etdiyini göstərirdi. Düşünürəm ki, hər həftə şəhərkənarı səyahətlərdə bir müddət sonra adiləşir. Ona görə bu rutini arada müəyyən vaxtlarda ara verməklə davam etmək olar. Bu həm də bəzən düşünməyə, dəyərləndirmə etməyə, eyni zamanda ertələyə biləcəyim işləri görməyimə şərait yaradar.
Keçək səfərimizə. Səhər 8 də hər zaman toplaşdığımız Gənclik metrosunda yığışdıq. Bu dəfəki səfərimizdə yaş və mühit baxımından fərqli iştirakçılarımız vardı. Ona görə, tələsmədən yavaş-yavaş gedəcəyimizi düşünürdüm. Yolda iki dəfə dayandığımız üçün yürüş yerinə 20 dəqiqə gec çatdıq. Ancaq qrup maşından düşəndə artıq hazır vəziyyətdə idi. Ona görə əsas təlimatları verib, yola başladıq.
Xoşbəxtlikdən bu dəfə də Ramid mənimlə idi, və mən içim rahat şəkildə qrupun önündə gedə bilərdim. Çünki Arxada Ramid gəlirdi və heç kimə görə narahat olmayacaqdım. Təbii ki, qrupu gözləyirdim, sonuncu adamı göz məsafəsində görəcək qədər paralel gedirdim. Yenə də 15 nəfər üçün tək bələdçilik etmək asan olmazdı. Ona görə ikinci bir bələdçinin təcrübəli və məsuliyyətli biri olması məni həddən ziyadə rahat hiss etdirir.
Hiss elədim ki, qrupun sürəti yaxşıdır. Baxmayaraq ki, hər yaşdan insanlar vardı. Ona görə ikinci və üçüncü fasilələrini nisbətən daha gec verdim. Ancaq yenə də sürətlə gəlməyə davam edirdik. Fikirləşə bilərsiniz ki, mən sadəcə qrupa baxırdım. Ona görə ətraf maraqlı deyil. Adətən belə yerlərdə kimsə danışdırmamış danışmıram. Həm enerji itkisidir. Həm də bir çox zövq aldığım fəaliyyətlər kimi bunu da səssiz etməyi daha çox sevirəm. Üstəlik belə. olanda təbiətin səslərinə daha diqqətli qulaq asa və zövq ala bilərəm. Yarpaqların ayağımın altında xışıltı ilə əzilməsi, quşların ara-sıra gələn səsləri, küləyin tərpətdiyi ağac budaqları adama həqiqətən sən artıq aid olduğun yerdə, təbiətdəsən! Mesajını verir.
Dediyim kimi, qrup sürətlə gedirdi, ona görə də məntiqi olaraq tez çatdıq. Artıq qalanın aşağısında cəmi 10 dəqiqəyə çatacağımızı elan etdim. Ki, 10 dəqiqədəm daha az yol qalmışdı. 5 dəqiqə sonra qalanın şərq hissəsindəki açıqlığa çıxmışdıq. Burada mənzərələr adamı heyran edir. Baxmayaraq ki, iyunda yaşıl vaxtını görmüşdüm. Amma bu dəfəki rəngarəng meşə daha vahiməli və əzəmətli görünürdü. Bir müddət mənzərəyə tamaşa edib, qalanın özünə qalxdıq.
Hava bir az dumanlı idi, qalanın ətrafı aydın olsa da, dənizi tam diqqətlə baxmasam görmək olmurdu. İçimdə sözünü tutmuş bələdçinin keçirə biləcəyi hissləri dərindən yaşayırdım. Qürur, sevinc və mənzərəyə heyranlıq. Hər kəs qalın paltarını geyindi, şəkillərini çəkdirdi. Hüzurla bu anın dadını çıxarmaqda idi.
Hardasa yarım saat sonra bir polis çavuşu peyda oldu və qalanın bağlı olduğunu, yolda plakat qoyulduğunu, o yolun da, təzə maşın yolu olduğunu, özü istifadə etməsinə baxmayaraq, bizim qalxdığımız yolun bağlı olduğunu, yola plakat asmamaqlarına heç bir hüquqi əsas gətirə bilmədi. Ona görə qalanı programda qeyd etdiyimiz vaxtdan 1 saat tez tərk etdik. Amma hər kəs qaladan zövq alacaq qədər vaxtı oldu.
Təzə maşın yolunun bağlı olan hissəsinə qədər polis bizimlə gəldi. Mən də asan və fərqli olması üçün həmin yolla qayıtmağa qərar verdim. Şlaqbaundan sonra çox gözəl mənzərələr açılır. Piknik üçün əla yerdir deyə düşündüm. Yeməyimizi yemək üçün dayandıq. Hardasa bir saata yaxın burada qaldıq. Buludlar öz şoularına davam edirdi. Amma günəş də heç itmirdi.
Maşın yolunun qalaya qədər qalxması, burada tikilən kottec və restoranları görəndə ürəyim ağrıdı. Çünki Çıraqqalanı da Qaranohur taleyi gözləyir. Ekoturizm marşrutundan çox, sadəcə maşınla gəzilə biləcək bir yer olacaqdı. Üstəlik bu ətrafdakı təbiət üçün də böhran ola biləcək zibilliklərə və ağac qırılmalarına gətirib çıxaracaq. Düşündüm ki, qalanı gəzəndə bəlkə də bu qədər zövq ala bilməyəcəm. Ona görə yolda qala mənzərəsinə doyunca baxdım. Yenə də möhtəşəm görünür. Öncəki səfərdən fərqli olaraq bu dəfə Qalanı kənardan izləmək şansım çox oldu və maşın yolu uzun olmasına baxmayaraq çox gözəl idi.
Bəyənmədiyim digər məqam isə, ətrafdakı restoranların çoxunun işləməməsi, işləyənlərin isə çay təklif etməməsi idi. Ona görə yolda heç bir uyğun çay içə biləcəyimiz yer tapmadıq. Əvəzində Siyəzən şəhərinə girib orda çay içdik.
Bundan sonra tamamilə rahat və hüzurlu idim. Programa uyğun hər şeyi icra etmişdim. Qalırdı onları sağ-salamat Bakıya çatdırmaq. İlk dəfə idi ki, turdan qayıdanda axşam 8 də evdə idim. Bunun da ayrı bir zövqü var imiş. Çıraqqalaya aylar öncə yazı yazsam da yəqin ki, bu son olar deyə təkrar yazmaq istədim. Mənimlə bu yolu gəldiyiniz üçün təşəkkür edirəm. Lazada görüşənədək.



























