Azadlıqdan məhrum edilmiş insanları hər birimiz görüb-eşidirik. Kinolarda bu kimi mövzulara geniş yer verilib. Adətən istəmədən bu həyatı yaşayan bu insanlar ordakı davranışları və xarakterik xüsusiyyətləri ilə bir-birinə çox oxşasalar da, aralarında hər zaman fərqli olan birini də görmək istəməzlər. Hamı onlar kimi düşünməli, bir-birini incitməli, bir-birinə 4 divarı daha yaşanmaz hala gətirmək üçün əlindən gələni etməyə hazırdırlar. Adətən bu tipdə davranışlara əl atanlar isə ömürlük yaxud uzun müddətli həbs həyatı yaşayanlardır. Çünki sabaha, çölə çıxacaqlarına olan inamı çoxdan itiriblər. Onları həyata həvəsləndirəcək heç bir şey yoxdur.
Müasir dövrdə insanların əksəriyyətinin qarşılaşdığı fərqli növ həbslər onların həyatını zindana çevirib. Bunlardan ən çox rastlananı özü ilə bağlı neqativ inancları sayəsində özünə çox dar çevrə quran insanlardır. Onlar üçün hər şeyin bir qaydası, bir standardı var. Çox parakodsal şəkildə bu qaydalar hər hansı konstitusiyaya yaxud da hər hansı dini qaydalara əsaslanmır. Sadəcə “mən belə bilirəm” deyib məsələni bağlamağa çalışırlar.
Bəli bu günki mövzumuz inanclardır. Özümüz və həyata baxışımızı formalaşdıran inanclar. Bu saat bunu oxuyarkən bəziləriniz düşünürsünüz ki, “İlahi mənim nə uzun burnum var”, “digəri” mən heç kimə lazım deyiləm, hər yerdə artığam”, başqa biri “onsuzda əlimdən bir iş gəlmir, ona görə heç nə etmirəm” kimi inancları var.
Xeyr, xeyr! Kənara baxmayın. Kimdə nə inanc var deyə analiz edib, onlara diaqnoz qoymağa çalışmayın. Bu günki mövzu özümüzük. Özümüzdə olan inanclar. Özümüzə qarşı səmimi olaq. Düşünək ki, “Mən bacarıqsız biriyəm”.Əlimdən doğrudan bir iş gəlmir? Yoxsa özümü buna inandırmışam? – Bu fikri təsdiq edən hansı sübutlarım var? Misal üçün, maşın sürə bilmirəm. Yaxşı başqa? Rəsm çəkə bilmirəm. Yaxşı, başqa? Başqa ağlıma gəlmir.
Bəs bu fikri inkar edən nələr var? Yəni əslində nələrisə bacardığımı göstərən nələr var? Blog yaza bilirəm, kitab analizləri hazırlaya bilirəm, foto çəkə bilirəm. Dizayn bacarığım var. Sürətli qaça bilirəm, və s. Az öncə heç nə bacarmıram deyəndən sonra əslində nə qədər çox şey bacardığımı görməzdən gəlirdim. Çünki, hər şeyi bilməliyəm deyə düşünürdüm. Çünki məktəbə gedəndə valideynlərim əlaçı olmağım üçün bütün fənlərdən 5 almağımı tələb edirdi. Uşaqlığımızın hər addımında bizdən mükəmməl davranışlar tələb olunub. Bizə görə də standarta çevrilib. Nəticədə ya, hər şey, ya da heç nə düşüncəli insanlar kimi özümüzdən əlavə başqalarına da təsir edirik. Bundan əlavə beynimizin ümumiləşdirmə deyə bir funksiyası var. Məsələn yolda kimisə görəndə suyu sizə şirin gəlir. “Aaa bu məsmə xalanın Saatlıdam gələn nəvəsinə oxşayır” deyəndə əslində onlar oxşamır. Sadəcə beynimiz oxşar xüsusiyyətləri birləşdirir. “Ümumiləşdirmənin bizim özümüzə inanmamağımıza nə dəxli var axı Murad?” Deyə bilərsiniz. Biz rəsm çəkəndə alınmırsa, bu ümumiləşdirmə ilə, digər işləri də görə bilməyəcəyimizi düşünürük. Nəticədə bir çox şeyləri heç sınamadan dünyadan köçüb gedirik.
Bütün bunların fərqinə varmağınız belə bu şəkildə düşünməyinizi davam etməyinizə əngəl ola bilməyəcək. Çünki bu illərlə formalaşan bir qəlibdir. Bir gündə dəyişəcəyini gözləmək də özü elə mükəmməlliyətçilikdir. Özünüzə vaxt verərək, davamlı çalışaraq, yaxud mütəxəssis dəstəyi alaraq bu problemin öhdəsindən gələ bilərsiniz. Bu sizin ömürlük həbsiniz deyil. Taleyinizi özünüzə cızdığınız həbsxanada keçirməyi heç istəmirsiniz. Amma bunun üçün iş görməli olan yenə özünüzsünüz. Təkcə özünüz. Elə isə addım atın. Bu gün fərqli bir iş görün, cəhd edin. Çox güman ki, bu gün alınmayacaq. Çünki bunu ilk dəfə edirsiniz. Alınması çətindir. 6 il öncə blog yazanda bu qədər ətraflı yaza bilmirdim. Ancaq illər keçdikcə sınamağa davam edirəm. Hava soyuqdursa odunu özünüz yarmalısınız. Həm odun yaranda qızınacaqsınız, həm də yardığınız odun sizi qızındıracaq. Davranışlarımız həm edərkən bizə zövq verir, həm də nəticələri bizə fərəh gətirir.
Bəs siz həbsxanadan çıxanda ilk nə edəcəksiniz?