Əmbil gölü yürüşü/addım.at

Səyahət deyəndə insanların ağlına dəniz qırağında günün altında qaralmaqla, bir həftəni hansısa oteldə xərcləmək gəlir. Ancaq “ecotourism” səyahətə tamam fərqli bucaqdan baxır. Çevrə dostluğuna (təbiətin mühafizəsi) üstünlük verən bu sistem, eyni zamanda yerlərdə olan insanlara dəstək məqsədi güdür. Məsələn yürüşdən sonra hər hansı kənd evində nahar, həm yorğun iştirakçılar üçün göydəndüşmədir, həm də ev sahibi üçün alternativ gəlir yeri deməkdir. Nəzərə alsaq ki, Azərbaycanın dağ kəndlərində infrastruktur hələ də normanın çox aşağısındadır, iş imkanları zəifdir. Ekoturizmin inkişafı bu insanların həyatına yeni canlanma gətirməklə bərabər şəhərə olan kütləvi köçün də qarşısını alacaq.

Son illərdə Azərbaycanda bu səyahət növü getdikcə məşhurlaşmaqdadır. Fərqli-fərqli agentliklər formalaşıb. Artıq bir çox kənd və rayonlar bir brend halına gəlib. Mənim də aktiv səyahət təcrübələrim bu qruplarla bərabər başlayıb. Bu dəfəki macərada isə təşkilatçı olaraq nə az nə çox 52 nəfərin məsuliyyəti üzərimdə idi. Addım.at platformasının “Kreşendo 4” layihəsinin iştirakçıları üçün nəzərdə tutduğumuz bu yürüşə yenidən sizinlə xəyali gəzmək istəyirəm. Kəmərləri və gözlərinizi bağlamağı unutmayın.

Səhər saat 7 də evdən çıxdım, adətən iştirakçılar və sürücülər gecikir. Bu dəfə əksəriyyəti vaxtında gəlmişdi. Tam toparlanıb çıxanda artıq saat 7:43 idi. Daha effektiv idarəetmə üçün hər maşına iki bələdçi təyin etmişdik. Ancaq yenə də narahat idim. Nəzərə alanda ki, əksəriyyətinin ilk yürüş təcrübəsi olacaq, nə qədər asan marşurut da olsa istər-istəməz məni narahat edirdi. Ancaq hal-hazırda maşındayıq, bunu düşünməklə sadəcə əhvalımı korlamaqdan başqa heç nəyə yaramır. Ona görə maşında oyunlara daldım, bir də baxdım ki, artıq Zeyvə kəndindəyik.

Zeyvə Kəndi Şabran rayonu ərazisində yerləşir. Əmbil gölünə olan bütün yürüşlər bu kənddən keçir. Ancaq gəldiyimiz avtobusları burada qoyub, Qaz-66 ilə yolun müəyyən hissəsini getməyimiz lazımdır. Öncədən danışdığım üçün artıq Yaşar dayı təyinat nöqtəsində bizi gözləyirdi. Hazırlıqlarımızı bitirib, 28 nəfərlə yola başladıq. Qalan 25 nəfər isə maşının yenidən qayıtmağını gözləməli oldu.

“Hiking”ə başlayacağımız nöqtə keçən il gördüyümə nisbətən daha təmiz və səliqəli idi. Bulaq və ayaqyolu tikilmiş, insanların istirahəti üçün masa və oturacaqlar yerləşdirilmişdi. Ancaq qrup iştirakçıları ən çox yelləncəklə maraqlandılar. Bu da anlaşılandır. Hər önə gələndə üzlərində ifadədən necə xoşbəxt və hüzurlu olduqlarını hiss etmək olurdu. Hər addımda, hər anlarından zövq alan insanları görmək ayrı bir zövqdür. Üstəlik bunu yaşamaları üçün kiçik də olsa rolun varsa, qürur qarışıq fərəh hissi adamı öz enerjisi içinə alır. Yelləncəklə məşğul olmayanlar isə yemək və istirahətlə məşğul idi. Yarım saat sonra digər qrup da gəldi çatdı. Onlar da yüngülvari istirahət etdikdən sonra yürüşə başlamaq olar.

İlk öncə hər kəsi ətrafıma toplayıb göl haqqında, səyahət və çətinlikləri barədə məlumat verdim. Burada da yenə maşınlarda gəldiyi bələdçilərlə bərabər yola davam edəcəkdilər. Nəzərə alsaq ki, 40 dəqiqəlik yürüşümüz var. Yorulana qədər artıq göldə olacağıq. Çətin yerlərdə əksəriyyətinin dəstəyə ehtiyacı var idi. Ancaq heç kim, mən gedə bilmirəm, çətindir ifadələrini işlətmədi. Ya da mən eşitmədim. Üstəlik meşə də çox sərin idi. Bakının bürkülü istisindən sonra hamı meşəyə heyran olmuşdu, içi mən qarışıq.

Mən gölə çatanda ilk qrup artıq göldə idi. Artıq bəziləri şəkil çəkir, bəziləri çantalarını eşib yemək axtarır, digərləri isə hələ də nə isə haqqında düşünürdülər. Məni isə düşündürən tək bir şey var idi. ÇAY. Ona görə ocaq qaladıq, çaydanları doldurduq, 15 dəqiqə sonra artıq ilk çaydanımız qaynamışdı. Qara dəmdən əlavə cökə, kəkotu və akasiya çiçəyi də götürmüşdüm. Çay dəmləyəndə onlardan da istifadə elədim. İnsan sayını nəzərə alaraq hamıya öz əlimlə çay payladım ki, hamıya çatacaq dərəcədə bölüm. İkinci dəfə çaydanlar qaynayanda artıq kim istəsə istədiyi qədər çay içə bilərdi. Bu deməkdir ki, mən də dərindən nəfəs alıb çay içə bilərdim.

Şirniyyat detoksunda olduğum üçün çayı peraşki ilə içdim. Bir az göl ətrafında gəzdim, payızda tamaşa elədiyim mənzərələrə bir də yamyaşıl olanda baxmaq ayrı zövqdür. Çayımı bitirib, yenidən ümumi nəzarət üçün ətrafı gəzdim, iştirakçılar kiçik qruplar şəklində söhbət edərək, çay içir, yemək yeyirdilər.

Mən də yüngülvari istirahət üçün hamını görə biləcəyim, eyni zamanda səslərdən nisbətən uzaq bir yerdə uzandım. Artıq nəzarət sosil fəaliyyətlər komandasında idi. Komanda da Sura və Murad olduğu üçün rahat idim. (Bu başqa Muraddır). Qayıdanda artıq qrupun əksəriyyəti oyunda idi. Digərləri də onlara tamaşa edirdi. Çaya da Ramid nəzarət edirdi. Ona görə ocaq başında daim çay tapmaq olurdu.

Qayıdış vaxtı olaraq 17:45 qeyd etmişdim. Ona görə yarımsaat qalmış elan elədim. Hər kəs çayını içdi, əşyalarını yığdı, kollektiv şəklimizi çəkib yola düşdük. Artıq əyləncə və bacarmağın məmnuniyyətini iştirakçıların mimikalarında hiss edə bilirdim. Çox rahat şəkildə yola başladım. Düşüş qalxışdan daha çətindir. Son dərəcə səbrli şəkildə hər kəsin düşməsinə şərait yaratdıq. Sona doğru hər kəs rahat şəkildə düşə bilirdi. Çayı keçəndə isə oturub özünə istirahət fasiləsi belə vermişdilər. İndi isə yelləncək növbəsi ikinci qrupun idi. İlk qrupla mən qayıtdım. Ramid və Murad ikinci qrupa nəzarət edir. Biz çatdıq, onlar gələndə artıq hava qaralmışdı.

Maşınlardan düşəndə artıq dərindən nəfəs aldım. Hamı burnu belə qanamadan geri gətirə bilmişdik. 53 nəfər deyəndə ağlıma gələn narahatedici fikirlər artıq susmuşdu. Onların yerini sevinc və fərəh hissləri əvəz etmişdi. Bununla bərabər kreşendo olaraq ən böyük və ən yadda qalan tədbirimizi həyata keçirmiş olduq. Geriyə qalır sadəcə bu anların dadını çıxarmaq. Yürüş iştirakçılarına, bələdçilik üçün Murad, Kazım, Ramid, Sura, Nərgiz və Hüseynə, fotolar üçün isə Vüsala dərin təşəkkürümü bildirirəm. Bu günlük bu qədər. Növbəti səfərlərdə görüşənədək.

Bir şərh yazın