Adətən səyahətdən öncəki günlərdə beynimə vaz keçməklə bağlı rəngarəng fikirlər gəlir. Təbii ki, bu rəngarənglik qorxulu fikirlərlə özünə rəng qazanır. Bu dəfəki yürüşdən öncəki günlərdə, yürüş əsnasında çox rahat və sakit idim. İdarəetmə tamamilə mənim üzərimdə idi. Ancaq məsuliyyət mənə aşırı həyəcan vermək əvəzinə daha nəzarəti həyata keçirərkən daha soyuqqanlı davranırdım.
Səhər 8 ə qalmış Bakıdan çıxdıq. Hava dəhşətli dərəcədə istidir. Nə qədər pəncərədən külək vursa da, bürkü adamı boğur. Ancaq bu dəfə qrupun əksəriyyətini həm mən tanıyır, həm də öz aralarında tanış idilər. Bu da maraqlı enerji qatırdı ortama.

Saat 11 də artıq “Şahdağ Milli Parkı”nın Talıstan kəndindəki qapısına çatmışdıq. İndidən sonra artıq gəldiyimiz maşını burada qoymalı və yolumuza piyada davam etməli idik.
Qısa fasilə ilə hər kəs çantasını səliqəyə saldı, eynək, papaq, ayaqqabı kimi hazırlıqlarını tamamladıqdan sonra yola başladıq. Qrupun qabağında mən, ən axırda isə Ramid gəlirdi. O gəlir deyə arxayın idim. Çünki hər şeyə çox detallı və ciddi şəkildə nəzarət edir hər zaman. Havanın istiliyi burada da hiss olunur. Üstəlik maşın yolunun çəkilişi üçün yol yenidən kürünmüş beləcə ağac və kollar xeyli aralıda qalmışdı. Bu da məcburən tez-tez, qısa müddətli fasilələr verməli olduq.
Yolun 30 faizə qədər bu şəkildə davam etdikdən sonra, çayiçi yolla davam etdik. Yataq çox dar, çayın suyu da çox az axırdı. Yəni yenə isti idi. Nəhayət çay yolunun bitməsi ilə əsas çətin olan dırmanış tipli yol bizi gözləyirdi. Qrup üzvlərinin əksəriyyəti ilk dəfə idi, həyatlarında təbiət yürüşünə qatılırdılar. Onlar üçün çətin olacağını bilirdim. Bu eyni zamanda bələdçi olaraq mənim də işimi çətinləşdirir. Ancaq onların həyatında qalıcı olacaq bu təcrübəni daha yaxşı xatırlamaları üçün əlimdən gələni etdiyimi düşünürəm.
Ancaq çox nadir hallarda nə qədər qalıb, mən gələ bilmirəm tipli sözlər deyirdi. Bir növ hər kəs özünə əmin idi ki, gölə çıxacaqlar. Həvəsləndirməyə ehtiyacları var idi sözsüz ki. Yüksəklik qalxdıqca təzyiq, yorğunluq, isti qrup şəklində öz sözünü deyirdi. Ancaq yürüş planında yazdığımız vaxtda (14:10) ilk qrup artıq göldə idi.
Ən sevdiyim anlardan biri, insanların hədəflərinə çatdığı anda üzlərindəki ifadələrə tamaşa etməkdir. Bu dəfə də bunu elədim. Təbii ki, onlar sevinc və yorğunluqlarından bəlkə də heç hiss etmədilər. Ancaq onlarla bərabər mən də eyni hissləri keçirirdim. Bu gün bu insanların sevinməsinə səbəb ola bildiyim üçün sevinc qarışıq qürur hiss edirdim.
İndi gözünüzü açın, ocaq qalamaq lazımdır. Eyforiyadan sonrakı yorğunluq daha çətin olur. Ona görə ən azından isti çay, soyuq su kimi məsələləri həll etmək lazımdır. İştirakçıların bir hissəsi, su doldurmaq üçün getdi, mən də odun yığıb ocaq qaladım. Hər ehtimala qarşı kiçik çaydanı özümlə götürmüşdüm. İlk çayları termoslardan içdik. Onu bitirənə qədər də ocaqdakı çay qaynadı. Hər kəsi yerbəyer etdikdən sonra sərbəst vaxtımız oldu. Kimisi söhbət elədi, kimisi gölü gəzdi. Kimi də sadəcə yatdı.
Mən də indi rahat yemək yeyə bilərdim. Elə də etdim. Ardınca hardasa 20 dəqiqəyə yaxın gözümü yumub istirahət elədim. Durub çay süzdüm, artıq çayın sayını itirmişdim. Hava sərin, meşə, xəfif meh, maraqlı söhbət ortamında yarıyuxulu bir az da oturdum.
Daha sonra gölü hər tərəfli görmək üçün durdum. İştirakçıların bəziləri də gəldi, programda qeyd etdiyimiz vaxtdan keçmişdi. Özlərinə bunu bildirdim, gecə 1 saat gecikmələri problem deyil dedilər. Tez-tələsik qayıtmağın tərəfdarı olmamışam. Ona görə özüm də daxil dadını çıxarmaq istədik.
Göl rəngləri ilə, ətrafındakı meşəsi olə suyunun təmizliyi ilə çox gözəl ahəng içindədir. Qışda tamamilə donan bu gözəllik, yayda ətrafındakı ağacların ona bəxş etdiyi rəngləri ilə yamyaşıl görünür. Bəzən mavi səma da öz rəngindən ona hədiyyə edir.
17:20 də göl ətrafında kollektiv şəkil çəkdikdən sonra geri qayıtmağa başladıq.
Əsas çətinliyin indi olacağını bilirdim. Səyahətə ilk dəfə gələnlər üçün ən çətin mərhələ enişdir deyə düşünürəm. Fərqli olmadı. Şəhərdə çox rahat gəzdikləri idman ayaqqabıları onlara sadəcə olaraq mane olurdu. Yürüş təcrübəsinin olmaması, sürüşmək onların təşvişlərinə əlavə ilham verirdi. Ancaq hər birini başa düşür, sadəcə sağlam bir şəkildə aşağı çatmaları üçün çalışırdım. Çox şükür, hər kəs sağ-salamat aşağı düşdü. Mənə isə, maraqlı insan reaksiyaları, avtomatik düşüncə və qorxuların insana nələr edə biləcəyini öz gözümlə görmək nəsib oldu. Üstəlik onlara yardım etməklə, nə qədər zövq aldığımı, onlar üçün unudulmaz olacaq bu anlarda yanlarında olmağım mənə çox xoş hisslər bəxş edir.
Çay yolu ilə gələndə səhər narahat olan insanlar indi oranı görüb sevinirdilər. Mən də nisbətən rahatladım ki, artıü çətin yol arxada qaldı, amma uzun yol bizi gözləyir. Saat 8 də artıq Talıstanda idik. İsmayıllının bu gözəl kəndi əsasən Qaranohur gölü sayəsində məşhurlaşdı. Həm adı, həm də ki, dəniz səviyyəsindən 1500+ metr yüksəklikdə yerləşməsi, çətin yürüş yolu olsa belə insanları özünə çəkən bu gölü yenidən gördüyüm üçün çox şadam. Bu yürüşdə hər addımda mənə yardım edən, bütün narahatlıqlarımı həll edən Ramidə xüsusi təşəkkür edirəm. O olmasa, çox çətin olacaqdı.

Bələdçilik ixtisasımla(psixologiya) əlaqəsi olmadığı komi görünsə də, emosiyalarıml idarəetmək, insanlara yardım etmək, özümü obyektiv qiymətləndirmə, sərhədlərimi genişləndirmək, məsuliyyətimi sakit bir şəkildə yerinə yetirmək kimi möhtəşəm bacarıqlarımı inkişaf etdirir. Bu da məni həyəcanlandırır. Prosesin özündən zövq alıram. Üstəlik mənəvi olaraq mükafatı da çoxdur. Mənə güvənib gələn bu 17 nəfər həyatlarında ilk təbiət yürüşü təcrübəsini mənimlə bərabər yaşadılar. Növbəti dəfə yenə fərqli marşrutlar üzrə gəzmək istəmələrindən də aydındır ki, yorğunluq və çətinliklərə rəğmən gözəl bir gün keçiriblər. Mənim üçün günün ən böyük hədiyyəsi də elə budur. Çantanızı hazır saxlayın, növbəti səfərlərdə görüşənədək!



























