Müasir dövrdə yaşlı-cavan, işli-işsiz, kasıb-varlı demədən hər kəs məşğuldur. Təbii ki, hər kəs üçün öz məşğuliyyəti dünyanı qurtaracaq. Elə bu qorxu sayəsində prosesin içindən çıxmaq insanlara kabus kimi görünür. Ona görə öyrəşdikləri vəziyyət çətin də olsa, bir çoxları ümumiyyətlə sorğulamır, digər bir qisim sorğulayır ancaq tərk etməyə qorxur. Nəticədə işini nə qədər çox sevsə də ondan bezmiş insanlar ordusu yaranır. İşini sevmədən edənləri demirəm heç. Bəs yaxşı NİYƏ?
İlk səbəb odur ki, insanların əksəriyyətinin həyatından işi çıxarsaq boşluq qalır sadəcə. Karantin dönəmində evdən bezən, eyni zamanda fərqli maraq və hobbilərin yoxluğundan əziyyət çəkən insanların üsyankar münasibəti yadımızdadır. Bu insanlar hazırda işləsələr belə yenə yorğundurlar. Çünki istirahət etmirlər. Yaxud da istirahət etdiklərini zənn edirlər. Heç bir perfomans dəyərləndirməsi yoxdur. “Mən bu gedişlə hara gedirəm?” “Bu an nəyə ehtiyacım var?” insanların çox az qisminin özünə verdiyi suallardır. Onlar bunu istəyirlərmi? Əlbəttə. Ancaq alışdıqları standardlar onlara bu işdə mane olur.
Nə qədər çox işlərimizi telefonla görürük deyib, özümüzü aldatsaq da, əksəriyyətimizdə bu artıq asılıq halını alıb. “Mən sosial şəbəkələrə az girirəm axı” deyən insanlar belə youtube yaxud fərqli platformalarda vaxt xərcləyirlər. Nəticədə telefon yeməkdə, yatmaqda, hətta ayaqyolunda belə əlimizdədir. Nə yediyimiz yeməyin dadını hiss etmirik, nə getdiyimiz yoldakı mənzərələri görürük, nə də ki vaxtında yata bilirik. Yuxarıda qeyd etdiyim kimi bu hallar o qədər təkrarlanıb ki, həyatın elə belə olmalı olduğunu düşünürük. Ya elə deyilsə ?

31 iyul 2021-ci ildə, 24 saatlıq telefon detoksu etməyi qərara aldım. Yaxınlarıma bununla bağlı məlumat verdim. Tək olduğum halda mənə çatmaq imkansız olanda narahat olmasınlar. Detoks dediyim 24 saat ərzində heç bir dəfə də olsun telefonun ekranını açmadım. İkinci dəfə etdiyim bu təcrübə öncəkindən çox daha maraqlı və fərqindəliklərlə dolu oldu. İlk öncə reaksiyalardan başlayım:
Fizioloji reaksiyalarım:
- Əlimdə nəyinsə olmalı olduğunu hiss edirdim. Daha sonra yadıma düşürdü ki, bu gün istifadə etmirəm.
- Gün ərzində çox şirniyyat yediyimin fərqinə vardım. Bəli, telefon və çay fasiləsi çox gözəl bəhanədir. Bu zaman şiriniyat hesabsızca qəbul edilirdi. Bu da fokuslanma problemindən tutun, iştaha qədər təsir edirdi. Ona görə avqust ayında şirniyyat detoksu etməyi qərara aldım.
- Şirniyyat və çay barədə olan fərqindəliyim sayəsində su qəbul etməyim normal qaydaya düşdü. (Bəli cəmi 1 günə) Üstəlik iştahsız gündə 2 dəfə yemək yeyən mən, iki gündür 3 dəfə iştahlı şəkildə yemək yeyirəm.
- Ediləcək bütün işləri 3 saata bitirdim. Hansı ki, 10 günə yaxın idi onlardan qaçırdım.
Psixoloji reaksiyalarım:
- “Ya sevdiklərimin başına bir iş gəlibsə?”, “Önəmli bir şey olubsa?” kimi fikirlər ilk başlarda və sona doğru narahat etməyə başlamışdı. Ancaq bunların sadəcə bir fikir olduğunu qəbul etdiyim üçün mane olmadı. Bu fikirləri gerçək olaraq qəbul etsəydim, yenidən telefona dönməli olacaqdım. Gün üçün qoyduğum hədəfə çatmadığıma görə özümü qiymətləndirməyim zərər görəcək, eyni zamanda boşuna həyəcanlandığımı görüb bir az daha üzgün hiss edəcəkdim.
- Ediləcək bütün işlər bitmişdi. Çox zövqlü şəkildə kitab oxuya bilərdim. Bunu dəyərləndirdim. Gün ərzində əslində vaxtımın necə bərəkətli olduğunu da başa düşdüm. İndiyə kimi niyə etmirdim deyə özümü danlamaq əvəzinə o anda oxuyacağım kitaba fokuslandım. Nəticədə günü daha qazanclı şəkildə bitirdim.
- Özümə “bunlar mütləq oxunalıdır” dediyim kitabların 12 dənəsini siyahıdan çıxardım. Çünki ilin başında qoyduğum hədəflərdə müəyyən dəyişiklər olunmasına baxmayaraq, mən ediləcək işləri sadəcə artırmışdım.
- Vəziyyətimi analiz etdim, ilin ilk 7 ayının hesabatlarına baxanda özümlə qürur duydum. Ay sonunda özümə belə hədiyyə verdiyim üçün də özümü təqdir edirəm.
- İlk dəfə edəndə, telefonu açmaq üçün hardasa dəqiqə sayırdım. Bu dəfə isə gün bitməsin istəyirdim. Çünki gün son dövrlərdə heç olmadığı qədər məhsuldar keçirdi.
Detoksdan sonra aldığım qərarlar:
- Hər ay bunu bir dəfə olmaqla təkrar edəcəm.
- Avqust ayında süni şəkər qəbul etməyəcəm
- Yuxu və yemək rejimini qaydaya salacam.
- Planlama və hesabat üçün günlük, həftəlik və aylıq vaxtlar ayıracam.
- Telefon istifadəsini gün ərzində idarəli şəkildə minimuma endirəcəm. (kompüterlə edilə biləcəyim işləri kompüterə köçürməklə, sosial media üçün konktret vaxt limiti qoymaqla. )
24 saat boyunca “24 saat mənə yetmir” dediyim dönəmlərdəki Muradı xatırladım. Əslində telefonu kənara qoysam, çox daha məhsuldar və məmnun həyat yaşaya bildiyimin fərqinə vardım. Artıq bu fərqlilik özü mənə Murada kənardan baxmağıma şans verdi. Siz də özünüzü, öz dəyərli vaxtınızı hara xərclədiyinizi görmk üçün, əlinizdəki oyuncaqları kənara qoyun. Bir tam günü özünüzə ayırın. Sağlam və hüzurlu bir həyat yaşamanız diləyi ilə.