Xalaxı gölü – 4 günlük Trekking tur

Səyahətin həyatımda olan müsbət dəyişiklikləri, onu həyatımın bir parçası halına gətirməyimə səbəb olub. Artıq ətrafımda insanlar həm də bu kimliklə məni tanıyırlar. Bu yaxşı bir hal olaraq qiymətləndirilsə də, mənim əsas marağım yol boyu hiss edib, yaşadıqlarımdır. Şəkillər sadəcə anlardır. Adətən o anlar çox yaxşı şəkildə görünməyə çalışırıq. Blog isə, sizə gerçək hadisələri çatdırmaq üçündür. Ona görə bu dəfə daha detallı yazacam. Üstəlik bu gölü görmək istəyən insanların suallarına da cavab vermiş olaram. Çantanız hazırdırsa getdik…

Səhər 5 radələrində sürücünün zənginə oyandım. Bakıdan gələn qrup artıq Şəkiyə çatmışdı. Tələsik durub, hazırlıq gördüm. Anam stolu hazırlayırdı, mən də gah ona kömək edir, gah da yol çantamın əskikliklərini tamamlayırdım. Yeməyimizi yeyib yola çıxdıq. Yuxarı Çardaxlar kəndinə qədər maşınla getdik. Orada Səfər dayı atlar ilə bizi gözləyirdi.

“Keçən il getdiyin yolu niyə təkrar gedəsən” kimi bir sual gəldi ağlıma. Bu beynimin son vəziyyət analizi idi sanki. “Murad sən əminsən bura gedəcəyinə?” Cavabım “əlbəttə ki” oldu. Daha bu barədə düşünmədim. Əksinə yolu bilmək, insanlara bu barədə danışmaq çox xoşuma gəlirdi. Günorta saat 1 radələrində artıq Əlibəy hidrometeoroloji stansiyasınının yanında idik. Buradan Zaqatala əlimizin altındaymış kimi görünür. Hərə bir ağacın altında yeməyini yedi, çayını içdi, istirahət elədi. Ondan sonra artıq bizi çətin bir yürüş gözləyirdi. Bura qədər olan meşə yolu da çətin idi. Ancaq ən azından ağaclar var idi. İndi isə açıq dağ yamaclarından yolumuz vardı. Təzədən bu yerlərə gəlmək, buraları görmək həqiqətən çox xoşdur.

Axşama doğru qrup üzvlərinin yorğunluğu üzlərindən oxunurdu. Özüm necə görünürdüm? Bu barədə heç bir fikrim yoxdur. Hətta indi ağlıma gəldi bu barədə düşünmək. İlk dəfə idi, 4 günlük yürüşdə bu qədər ağır yüklə yola çıxırdım. Başda ağır olsa da, sonradan sanki öyrəşdim. İlk çoban binəsini keçib, uyğun bir yerdə çadırlarımızı qurduq. Artıq günün batmağına az qalmışdı. Biri çadır qurur, digəri su doldurmağa gedir, bəziləri çay və yemək hazırlanması ilə məşğul idi. Keçən il bu yolu gələndə həyatımda ilk dəfə çadırda qalmışdım. İndi isə başqalarlna çadır qurmağı öyrədəcək qədər inkişaf etmişdim. Bu dəfə həm yolları tanıyır, rahat idim. Digər tərəfdən bələdçi köməkçisi (tur rəhbəri Toğrul idi) kimi gəlmişdim. Üzərimdə məsuliyyət hiss edirdim. Hamı yeyəndən sonra qabımı uzadır, hamı içəndən sonra özümə çay süzür, hamını göz məsafəsində görəcək qədər uzağa gedə bilirdim. Bundan öncəki səfərlərdə xırda-xuruş işlərdə yardım etsəm də, bu dəfə tamam başqa idi. Toğrulu çox daha yaxşı başa düşməyə başlamışdım. Ancaq qrup üzvü kimi tura qoşulan Muradı da unutmurdum. Çünki bu iştirakçıları başa düşməyimə kömək edirdi.

Yemək yedikdən sonra ay işığı altında qrupun yarısı çay içə-içə söhbət elədik. Bir də baxdım saat artıq 12 dir. Sabah yenə yolumuz var. Ona görə söhbət çox maraqlı olsa da, çadıra keçib yatdım. Təbiətə çıxandan ehtiyaclarımı daha yaxşı başa düşür, onları ödəməyə daha çox diqqət edirəm. Yuxu da ən vacib ehtiyaclardan biridir təbii olaraq. Ona görə nəzarətdə saxlamaqla daha səfəri özüm üçün daha rahatlaşdıra bilərəm.

Səhər 6 dan sonra hər kəs durmağa başladı. Yeməyimizi yeyənə qədər çadırları yığdıq.

Günəş şüaları altında yolumuza davam etdik. Növbəti dayanacaq Daşkəsən yaylağı oldu. Bura qədər atla gəldim. Atla gəldim deyəndə atın qabağında piyada getdim. Üzərində yük olduğuna görə ora qədər kömək elədim. Bir əlimdə yüyən, belimdə ağır çantam, digər əlimdə istifadə edə bilmədiyim yürüş çubuqları, günəşin istisi, yolun yoxuşu. Bir an düşündüm ki, axıra qədər belə getsəm yəgin ki, yolda yorulub qalacam. Ancaq buradakı fasilədən sonra, xanımlardan biri ata mindi, beləcə mən də öz yükümlə yoluma davam etdim. Naharı ən son çoban binəsinin yaxınında etdik. Günün altında, ağac olmayan yerdə oturub, çantamızda nə vardısa qoyduq ortaya. Burada 1 saata yaxın qaldıq. Mən də yatmaqla özümü mükafatlandırmağın tam zamanıdır dedim. Düzdü günün altında üstümə uzunqol “kurtkamı” örtmək çox zövq verməsə də, beyni söndürüb yandırmaq yaxşı təsir elədi. Ondan sonra daha bir saatda yolumuza davam edəndən sonra, qrupun əsas hissəsi mənimlə piyada yolu ilə gəldi. Digər hissəsi isə Toğrulla at yolu ilə davam elədi.

Artıq digər qrup gözdən itəndən sonra, məsuliyyətimin fərqinə daha çox vardım. Hər an yolu soruşan iştirakçılar, arada itən cığırlar, çətin qayalıqlar fonunda hər şeyə nəzarət etməli olduğumu gördüm. Əlbəttə ki, bunları edərkən də, son dərəcə təmkinli olmağım vacibdir.

Digər bir tərəfdən isə, möhtəşəm gün batımı, buludların rəqsi təkcə məni yox hər kəsi valeh etmişdi. Tək üzüldüyüm Turalla Şıxəmirin digər qrupda getməyi idi. Onlara bu mənzərələri göstərmək, yol boyu onlarla da söhbət etmək istərdim. Bu arada yeri düşmüşkən qeyd edim. Səyahətdə ən çox zövq aldığım şeylərdən biri də insanları tanımaq, tanıdıqlarımla daha çox söhbət etməkdir. Bu qrupda Nəriman İradə və Elmarı öncədən tanıyırdım. Digərləri ilə sanki dünən və aşağıdakı yolda yox, burada tanış olmuşammış kimi gəlir mənə. Çünki bərabər mənzərəni, yolu, çayımızı, yorğunluğumuzu paylaşmışdıq. Az olduğumuz üçün ünsiyyət daha yaxşı alınırdı. Elmarın davamlı söhbətlər edib, bütün qrupun diqqətini yorğunluqdan mövzulara yönəltməsi çox xoş təsir bağışladı.

Gölə bir saatlıq məsafə qalanda artıq əksəriyyətinin enerjisi tükənmişdi. Mən də hər dəfə Samalit zirvəsini göstərib, gölün onun altında olduğunu izah edirdim. Yol çox uzun, yoxuş çox dik, atmosfer təzyiqi normadan yüksək səviyyədə, iki günün yorğunluğu, havanın qaralmağa doğru getməsi və hədəfini hələ də görməyən bir qrupla yoluma davam edirdim. Onları çox gözəl başa düşür, ancaq ruhdan düşməmələri üçün həvəsləndirməyə çalışırdım. Axşam saat 7 olanda demişdim ki, cəmi 30 dəqiqəlik yolumuz qalıb. Mən artıq 19:23 də gölü görən yüksəklikdə idim. Qrupda az sonra gəlib çatdı.

Gölü görəndən sonra nisbətən rahatladılar. Ancaq hədəfə çatanda yorğunluq daha çox hiss olunur. Hava qaralmağa doğru gedir, hava soyuyur, üstəlik də digər ehtiyaclar qarşılandığına görə aclıq da yadımıza düşür. Digər bir tərəfdən bir nəfər hələ tam gəlib çatmamışdı. Bu da məni narahat edirdi. Ona görə qrupu gölün sahilinə çatdırıb yüngülvari yemək yeyib əynimi dəyişdim. Çünki tərləmişdim, külək də üşüdürdü. Sağolsun Elmar da mənimlə bərabər gəldi. Qaranlıq çökmüşdü. Ancaq nə çağırışlarımızq hay verən vardı, nə də görünən bir qaraltı. Yarım saata qədər yol gedəndən sonra nəhayət səs verdi. Yoldan bir az aşağı düşmüşdü. O an o qədər sevindim ki. Son dəfə bu qədər içdən necə sevinmişdim bəlkə də xatırlamaram. Beynimə artıq neqativ ssenarilər gəlməyə başlamışdı. Çox şükür ki, hər şey yaxşı bitdi.

Qayıdanda gördüm ki, digər tərəfdən gedənlər də çatıb. Çadırları qurub, çayın qaynamağını gözləyirlər. Yorğunluq qaraşıq məmnunluq vardı içimdə. Həm gölə çatmağın sevinci, həm arxada qalanı tapıb gətirmək, həm ümumi bələdçiliyimin ilk tapşırığının uğurlu bitməsi məni qürurlandırır. Yemək yemişdim. Sadəcə çay içib çadırıma keçib yatdım.

Növbəti gün sübh namazından sonra təkrar yatdım. Yorğunluğu hiss edirdim. Ancaq 8 də durdum. Çünki bu gün Qurban bayramı idi. Biz də 4 nəfər camaatla bayram namazı qıldıq. Heç. Belə xatirəm olmamışdı. Bu bayram namazı bəlkə də həyatımın ən gözəl xatirələrindən biri olaraq qalacaq. Daha sonra yutub kanalım üçün videolar çəkmək üçün gölün ətrafını nisbətən yuxarıdan gəzdim. Nəticədə 5 fərqli məzmunda videolar çəkmişəm. Dağın arxa hissəsinə keçib, sevdiklərimin bayramını təbrik etdikdən sonra aşağı düşdüm.

Kampda Səfər dayı, orda qoyun otaran çobanlar, Şıxəmir və İradə var idi. Bir hissəsi zirvəyə çıxmış, digərləri göl ətrafında gəzir ya üzürdü. Hazır çaya gəlmək qədər ikinci bir şey məni xoşbəxt etməzdi bu anda. Üstəlik İradə yemək də hazırlayırdı. Məhdud imkanlarla çox gözəl yemək hazırlamışdı. İki boşqab yeməyimi başqa cür izah edə bilmərəm. Bütün turlarda bizimlə gəlsə əla olar 😀

Günorta saat 15:30 da yola çıxdıq. Toğrul atlarla gələcəyinə görə özümdən əlavə 10 nəfərlik qrupu mənə tapşırdı. İlk istirahətdə onları gözlədik. Növbəti istirahətə qədər (keçən il qaldığımız quzuluğa qədər) bərabər getdik. Ondan sonra mən yenə qrupla tək çıxdım. Toğrulgil atları dincəltmək üçün gözləməli oldular. Demişdi ki, “gün batsa ən son yaylaqda dayanarsız”. Sürətli getdiyimiz üçün ora çatanda günəş hələ üstümüzdə idi. Ordan sonra çətin enişlər geridə qalmışdı. Dağ cığırları mənə asfalt kimi gəlirdi. Təbii ki, burada daha da sürətlə getdik. Qabaqda mən, sonra Elnur, Tural, İradə Yuliya və Fatimə. Digərləri isə arxada yavaş-yavaş gəlirdi. Hər 5 dəqiqədən bir geridönüb bir az gözləyir, hamısını göz məsafəsindən görəndən sonra yoluma davam edirdim. Fasilələri çox qısa etdim ki, Daşkəsən yaylağına çataq. İmkan olsa birinci yaylağa qədər gedək.

Daşkəsənə çatanda hava zil qaranlıq idi. İtlərin səsindən çobanlar qarşılamağa çıxmışdı. Qrup üzvlərini görəndəm sonra xatırladım ki, həqiqətən itlərdən qorxmurmuşam. Qabaqda 8 itin üstümə gəlməyinə baxmayaraq yoluma davam etməyimlə fəxr edirdim. Digərləri də mənə baxıb arxamca gəlirdilər. Orada durmağı təklif elədim. Çünki həqiqətən yorğun idilər. Ancaq çay olmadığına görə dedilər ki, ondansa gedək birinci yaylağa. Dedim əla. Beləcə davam etdik. Burada atlar gəlib bizə çatdı. Hava qaranlıq olduğuna görə sürətimiz azalmışdı. Qrup üzvləri də yorğun idi.

Saat 22:20 də ilk düşərgə qurduğumuz yerə çatdıq. Bəli, o vaxta qədər gəzirdik. Elə sevinirdik ki. Nəhayət rahat bir yerə çatdıq deyə. Ancaq sevincimizi yaylaqdakı çobanlar birə-yüz artırdılar. Öncə isti çay gətirdilər. Daha sonra isə bir qazan buğlama. İndi də, yadıma düşəndə iştahım açıldı. Acsan, üşüyürsən, 17 km dağ yolu gəlmisən və qabağına isti çay, dadlı yemək qoyurlar. Haqqı ödənməz bu insanların. Bizim bölgənin insanlarını yenə daha çox sevdim. (birdə Lənkəran, Gəncə və Qubanı çox sevirəm) Mahirin timsalında bütün zəhmət çəkən çoban qardaşlarımıza təşəkkür edirəm.

Hava isti idi. Çadır qurmaq da gözümə durmuşdu. Şıxəmir dedi ki, mən açıq havada yatacam. Mən də fikirləşdim, bunu dq sınasam çox maraqlı olar. Həqiqətən çadırda yatsam bişərdim. Külək var idi düzdür. Ancaq açıq hava çox gözəl təsir etdi.

İçimdə mənşəyi bilinməyən bir sevinc var idi. İndi xatırlayanda başa düşürəm ki, bu bacardığımıza görədir. Programın 70 faizdən çox hissəsini tamamlamışdıq. Ona görə sübh namazından sonra yata bilmədim. Əvəzində qoyunların binədən ayrılın otaqlara getməyinə, balaca küçüklərin bir-birilə oynamağına baxdım. Sonra Şıxəmirlə İradə durdu. Çobanlar çaya dəvət elədi. Üçümüz səhər yeməyini də onlarla bərabər, hazırladıqları pendirlə etdik. Bəli dünənki qonaqpərvərliklərinə davam etdilər. Saat 8 də hamı artıq oyanmışdı. Mən də əşyalarımı topladım. Düşərgəyə qayıdanlar da çadırlarını, əşyalarını yığdılar.

Saat 11 radələrində yola çıxdıq. Yenə dünənki qabaqda mən arxada qrup gəldi. Əlibəy stansiyasında dincimizi alıb yolumuza davam elədik. Saat 15:30 da çatacağımızı düşünürdüm. Amma qrupun 4 gündür yol gəldiyini unutmuşdum. Ona görə 17 də maşınlara çatdıq. Kəndin içində gəzərkən niyə burda ev tikmək istədiyimi bir daha başa düşdüm. Bir tərəfdə Pəri qalası, digər tərəfdə meşə, çay, gözəl cənuba doğru açılan mənzərə. Zaqatalanın ən çox sevdiyim kəndi Yuxarı Çardaxlar.

Ondan sonra yemək üçün bizə gəldik. Suvagil kəndinə. Anamla bacım süfrəni hazırlayıb bizi gözləyirdilər. Yeməkdən sonra hər kəs yır-yığış edib yola düşdü. Toğrul ilə Nəriman isə gecə çıxdılar. Mən də gecə çox pis yuxum gəlsə də, yata bilmirdim. Çünki bu günün, bu bacarmaq hissinin verdiyi fərəhi daha çox hiss etmək istəyirdim. Amma yorğunluq öz sözünü deyir.

Gecə iki də yatıb, səhər 7 də ayıldım. Görsəm yaxşıdır. Yağış yağır, hava çox sərindir. Elə bilirdim, yorğun olduğum üçün bu qədər dərin yatmışam. Sən demə hava sərin imiş. Bu gözəl anları dəyərləndirib əlavə 2 saat da yerimdə qurdalandım. İndi isə durub yazını yazıram. Səyahət bax belə şeydir. İnsan daimi düşündürür, həyəcanlandırır, sevindirir, əsəblərini gərir. Ancaq sonda belə möhtəşəm xatirələr qalır. 4 gün ərzində 3200+ metrə qədər qalxdıq, yol özü 60km olsa da, ətrafı gəzməklə 75 km yol qət etmiş oldum.

Bu səfərdə mənimlə yol gəlib, hər işdə əlini daşın altına qoyan 9 illik dostum Şıxəmirə,qonaqlar üçün hər şeyi düşünüb hazır edən anama, bütün məsuliyyəti üzərində daşıyan və hər şeyi möhtəşəm təşkil edən böyük qardaşım bildiyim Toğrula, möhtəşəm yol yoldaşlığına, ortaq dəyərləri paylaşaraq yolu daha rahat haıa gətirən İradəyə, Turala və Elnura, bütün yol boyu bizimlə gələn, atı ilə yüklərimizi daşıyan hər kəsin sevimlisinə çevrilən Səfər dayıya, hər zaman maraqlı söhbətləri ilə qrupu aktiv saxlamağa çalışan Elmara, yol boyu hər şeylərini paylaşan Nərimana, Yuliya və Fatiməyə, çoban qardaşlarımıza əməyi keçən hər kəsə təşəkkür edirəm. Var olun. Sizinlə yenə səfərlərdə olmaq istəyəcək qədər zövq aldım. Çantalarınızı hazır saxlayın. Növbəti səfərlərdə görüşənədək.

Bir şərh yazın