2021 ci il üçün planlarımı gözdən keçirəndə, ən azı bir 4000+ zirvə çıxmaq istədiyimi qeyd etmişdim. Amma ən hündür 2 zirvəni eyni gündə çıxacağım ağlıma belə gəlməzdi. Yürüşə gəlim, gəlməyim deyə düşünərkən, hər zaman bu fikirlərin mənim beynimi məşğul etdiyinin fərqindəyəm. Ona görə də getdim. “Həyat seçimlərdən ibarətdir”. Mən də seçimimi özümə qoyduğum sərhədləri aşmaqdan yana etdim.
Şənbə günü gecə 3:30 da yola çıxdıq. Toğrul Qubada olduğuna görə, əşyaları toplamaq, siyahı üzrə hər kəsi yoxlayıb yola çıxmağı mən və Əli Rza etdik. Gecə yatmamışdım. Yol boyu günəşin doğmasını seyr etdim.
Maşınlar bizi bir başa Xınalıq kəndinə qədər apardı. İlk dəfə idi, bu kənddə olurdum. İndi yolüstü olduğu üçün, Əli ilə buranı ayrıca gün ayırıb gəzmək üçün sözləşdik. Yüklərimizi yük maşınına yığıb Şahyaylağına doğru yola çıxdıq. O qədər yorğun və yuxusuz idim ki, sərhəd keçid məntəqəsində gözləyərkən yük maşının tərkində, günəşin altında yuxuya getmişdim. Amma yorğunluğum azaldı.
Şahyaylağında 2 həftə əvvəl çıxdığım, ancaq külək və duman sayəsində ətrafı 16 saniyə görə bildiyim Qızılqaya zirvəsini də gördüm. Zirvəyə kənardan baxanda özümlə təkrar qürur duydum. Möhtəşəm görünürdü kənardan da. Meteoroloji stansiyada Asim və Elnurla da görüşdükdən sonra yolumuza davam etdik.
Günorta saatlarında artıq Bazardüzü birinci kampında idik. Sağ tərəfimizdə əzəmətli Şahdağ, qarşımızda Yatıqdərə və Yatıqçay, onun üstündə Bazaryurd zirvəsi. Möhtəşəm mənzərəmiz var idi. Oturub izlədikcə gözümün pası təmizlənirdi sanki. Toğrulun bizim üçün hazırlatdığı aşı yedikdən (bəli 2800+ metr yüksəklikdə aş yedik) özümü mükafatlandırmaq üçün çadırda qəşəng yata biləcəyimi düşündüm. 2 saatlıq yuxu bütün enerjimi yenidən bərpa elədi. Dalbadal 3 çay içdikdən sonra tam özümə gəldim.
Çay içərkən, Əli və digər qrupun bələdçilərindən Nima Şah Mohammadi ilə söhbət edirdik. Uzaq bir nöqtədə telefon rabitəsi üçün dalğa tutan məkan olduğunu bildirdi. Sevdiklərimə xəbər vermədiyim üçün narahat idim. Özümə görə deyil, onların mənə görə narahat olacaqlarını bilirdim. Ona görə bunu dəyərləndirmək qərarına gəldik. Yolda maraqlı söhbətlər elədik. Qəşəng şəkillər çəkdik. Amma dalğa görmədik. Kampa qayıdanda axşam idi. Yemək yeyib çadırıma keçdim. Saat 10 idi və mən yatmağa hazırlaşırdım. Təbiətin bu tərəflərini çox bəyənirəm. İnsanı öz təbii standartlarına geri dönməyə məcbur edir. İnternet yox, səhər zirvə çıxışı var. Sadəcə yatmaq qalır mənə də.
Səhər 3 də qalxdıq, yemək yedik, hazırlaşdıq, 4:30 da yola başladıq. Günəş arxamızda qalırdı. Kölgəm qaraldıqca havanın açıldığını hiss edirdim.
İkinci kampa çatanda Toğrul qrupu ikiyə böldü. Bir qrup çox sürətlə qalxırdı. Digərləri yavaş-yavaş gəldiyi üçün, bizi gözlətmədi. Hamının and-aman etdiyi ziqzaq yolda çətinlik çəkmədən qalxdım. Ancaq daha sonra sağ ayağımın damarı tutuldu. Buna görə qrupdan geri qalmışdım. Ətrafda heç kim yoxdur. İçimdən bir səs “Vəssalam, bura qədər. Bu da sənin Bazardüzün” kimi fikirlər pıçıldayırdı. Təbii ki, qəbul etmədim. Daha sonra Asif Əşrəfov gəldi çatdı. Ayağımı düzəltməyim üçün yardım elədi. Sonra ayaqqabılarımı soyunub, dağın döşündə ayaqlarım yuxarı olacaq şəkildə uzandım. Hardasa 20 dəqiqə gözlədim. Ardınca ayaqqabıları geyinib Asiflə yolumuza davam etdik. Yavaş-yavaş inanmağa başlayırdım ki, bəli bacarıram.
Artıq Bazardüzünü də Zəfəri də görürdüm. “Görünən dağa nə bələdçi?” deyiblər. Həqiqətən zirvəni görəndə daha çox inanır insan. Qeyri-müəyyənlikdən qurtulursan çünki. Zirvəni görməyən beyin, daha çox enerji xərcləyəcəmi hesablayır. Ona görə enerjini qorumaq üçün bizi ən zəif nöqtələrimizdən vuraraq bundan çəkindirməyə çalışır. “öləcəksən, donacaqsan, ayaqların tutulacaq,təzyiqdən özündən gedəcəksən, heç kim də görməyəcək” kimi fikirlər beyni darmadağın etməyə bəs edir.
Zəfər Bazardüzü zirvələri arasında olan buzlağa çatanda arxada qaldığım qrup Bazardüzündən düşüb Zəfər zirvəsinə doğru yol almışdı. Mənə də təklif etdilər ki, sən də bir başa Zəfərə gəl. Özümə meydan oxumaq üçün Bazardüzünə qalxmağı özümə şərt kimi qoymuşdum. Ona görə qalxdım.
Zirvəyə çatanda qar yağmağa başladı. O qədər xoşuma gəldi ki, bu qar. Zirvədə olduğumu həqiqətən hiss edirdim. Ətrafdakı hər şey ayağımın altında idi. Bir tərəfi Dağıstan olan bu dağ həm Azərbaycanın həm də Dağıstanın ən hündür nöqtəsidir. Şabuzdağın möhtəşəm mənzərəsini də buradan seyr etmək mümkündür. İçimdə qürur qarışıq sevinc var idi. Həm bacarmağıma qürurlanır, həm də hiss etdiklərimə görə sevinirdim.
Burada şəkillər çəkib, ətrafı da doyunca izlədikdən sonra aşağı düşdüm. Toğrul da növbəti qrupun başında gəlib çatmışdı. Öndə gedən qrup isə Zəfərdə görünürdü. Burada artıq yeni ikinci qrup formalaşdı, Toğrul onları kapma qədər çatdırmağımı tapşırdı. Zəfər yolunun mənzərəsi çox möhtəşəm idi. Şabuzdağla bərabər Şahdağ silsiləsi, Bazaryurd, Olimpiya zirvələri də görünürdü. Artıq hava da günəşli idi.
Zəfər zirvəsi mənim üçün mənəvi əhəmiyyətli zirvədir. Qışda Toğrul ilk ekspedisiya ilə gələndə çox çətin olduğundan danışmışdı. Ancaq Zəfər zirvəsi, Qarabağın azad olunması şərəfinə, bu dağa Zəfər adı verilib. Mən də bu zirvəni kəndimizin şəhidləri Elvin, Ehtiram və dostum Fəqanın timsalında bütün şəhidlərimizə həsr edirəm. Qaziləri, döyüş iştirakçılarını, bütün xidmət görən bəyləri isə “26 iyun silahlı qüvvələri günü” münasibətilə təbrik edirəm. Nəhayət bu il alnımız açıq bu günü qeyd edə bilərik. Mən də bu təbriki Zəfər zirvəsindən edə bildiyim üçün çox xoşbəxtəm.
Zəfər zirvəsindən düşəndə cəmi 2 dəfə istirahət elədik. Bir tərəfdən düşdükcə yol azalardı və hamar yerə yaxınlaşırdım. Digər tərəfdən isə qrebendə bata-bata qaçmaq da xoşuma gəlirdi.
İkinci kampdan birinci kampa qədər olan yol səhər gözümüzə görünməsə də, qayıdanda həqiqətən çox uzaq olduğunu gördük. Mənə tapşırılan qrup nisbətən yavaş gəldiyi üçün çox sürətli də gedə bilmirdim. Nəhayət uzaqdan kamp çadırlarımızı gördüm. Hava limanında yaxınınızı gözləyəndə o sizə terminaldan əl edire, bax tam o şəkildə sevinirdim.
Kampa çatıb bolluca su içdim. Əl-üzümü buz kimi suda yudum. Üşüyərək çadıra qaçdım. Ayaqlarımın altına çantalarımı yığdım. 1 saat o şəkildə uzansam da yuxum gəlmədi. Ancaq ayaqlarım çox rahatlamışdı. Çadırda oturub, zirvədə yemək üçün götürdüyüm, ancaq heç yadıma belə düşməyən ton balığını yedim. Yolda sadəcə su içmişdim. Hərtərəfli tamamlanmış şəkildə yatdım.

Foto Elçin İslamova məxsusdur 
Foto Elvin Mikayılova məxsusdur 
Foto Nigar İbrahimbəyliyə məxsusdur 

Foto Elvin Mikayılova məxsusdur
Səhər saat 5 də, Elçinin daş yığmasına oyandım. Kamp üçün çox gözəl ocaq yeri hazırlamışdı. Bunu indidən sonra hər kampa gələn insan istifadə edə biləcəkdi. Elçinin xətrini zatən çox istəyirdim. İndi içimdə onu alqışladım.
Çay və kofeni dalbadal içdikdən sonra üstündən birdə yemək yedik. Kampın üstündəki yamacdan çox dadlı kəkotu yığdım. Əslində xəbərim yox idi. Elçin, Nigar əllərində torba yuxarı qalxanda gördüm. Mənim də yadıma düşdü.
Daha sonra çadırlarımızı, əşyalarımızı yığıb yola çıxdıq. Yolda musiqi sədaları altında Şahyaylağından Xınalığa doğru yol aldıq. İndiyədək təbiətdə musiqi dinləmək mənə yad idi. Bu dəfə məcburi dinləməli oldum. Daha sonra çox gözəl təsir etdiyini hiss elədim.
Xınalıqda əşyalarımızı dəyişdik, ardınca Gəmbə düzünə getdik. Toğrulun çox bəyəndiyi yerdə nahar etdik, birlikdə xatirə şəkli çəkdik. İndi isə yol Bakıyadır.
Bütün bunların arxasında isə təkcə bir nəfər Dayanırdı. Cəfərov Toğrul. Sırf dağlara, təbiətə sevgisinə görə özünü işə həsr edən bu möhtəşəm insan bütün təşkilatçılığı tək başına etmişdi. Biz də nə az, nə çox 23 nəfər idik. İdarəetməsinə, liderliyinə, dağ təcrübəsinə yenidən şahid oldum. Bütün zəhmət və əziyyəti üçün Toğrula xüsusi təşəkkür edirəm.
Həm fərdi, həm klub adına Tufan Dağçılıq Klubu adına çıxdığım növbəti zirvələri mənimlə birgə yolu paylaşan yol yoldaşlarımın hər birinə ayrı-ayrı təşəkkür edirəm. Hər birinizi təbrik edirəm. Hər zaman zirvələrdə görüşək.




























































