Bu kitab bəlkə də 200 il öncə indiki anı xəbər verən kitab kimi qiymətləndirilə bilər. Yaxud da insan övladı fitrətən minilliklər boyu bu şəkildə davranıb bir-birinə.
Əsər dövlət məmuru olaraq çalışan İvan İliçin yataqda xəstə halda əzraillə boğuşması ilə başlayır. Müəllif bu sayədə vəziyyəti daha yaxşı təsəvvür etmək üçün imkan əldə edir. Yoldaşı və qızı, tamam başqa maraqlarla günlərini axşam edərkən, canını tapşırmaqda olan İvana baxmaq da onlara ağır gəlir. Halbuki ətraflarında gördüyü hər şeyi, bir neçə gün sonra öləcəyini bilərək, nəfəsi boğazında olan adama borcludurlar. Bu yenə də ailə üzvlərinin ona olan münasibətində hər hansı dəyişiklik etmir. Bəlkə heç fərqində belə deyillər.
Digər tərəfdə isə İvanın ölümünə pis olmaqla bərabər, idarədə “onun yerinə görəsən məni təyin edərlərmi?” deyə düşünməyi özlərinə rəva görən iş yoldaşları var. Onlar İvana vaxtaşırı baş çəksələr də beyinlərinin bir tərəfi də bütün ola biləcək ehtimallarda öz xeyrinə olan maddələr tapmaqla məşğuldur.
Gəldik əsərin ən can alan hissəsinə. Yox, bu İvanın ölüm səhnəsi deyil. Yuxarıda qeyd etdiklərimi, öz gözü ilə görüb, beyni ilə qəbul etməməkdə israr etməsindən sonra çarəsiz şəkildə onlarla üzləşməsi ilə bağlıdır. Həyatınızı ona daha yaxşı bir güzəran bəxş etmək üçün xərclədiyiniz həyat yoldaşınız, həyatınızın son günlərini yaşadığınızı bilsə də, çox normal bir vəziyyətmiş kimi davranır. Bir növ evdə xəstə adam yoxmuş kimi. Üstəlik iş yoldaşları da hiss etdirmədən, arzuladıqları işin İvanın ölümündən sonra olacağını bildikləri üçün, ölümü gözləyirlər. Bu da İvanın darmadağın olmuş hisslərinə təslim olmuş Naqasakiyə atılan atom bombası effektini yaşadır. Dəyərli hesab etdiyi hər şey, əslində illuziyadan başqa bir şey deyilmiş. Ümumiləşdirməli olsaq, Qəhrəmanımız basdırılmadan çoxdan öldüyünü başa düşür.
Əsərdən çıxardığım nəticə:
– İnsan hər addımını dəyərlərinə görə atmalıdır. Dəyərlər daim, həyatımızı istiqamətləndirən kompas olmalıdır.
– Hər kəs bir gün öləcək! Bunu hər kəs bilir. Ancaq o hər kəsin içində özüm də varam. Bunu çox zaman unuduruq. Bu o demək deyil ki, mən öləcəm onsuzda yanaşması ilə heç nə etməyək. Əksinə, vaxtımız azdır, əlimizdən gələni elə indi, bu saat etməyimiz lazımdır. Yəni ertələmədən.
İş, iş, iş! Deməklə dünya daha gözəl olmur. Ailəyə vaxt ayırmaq, onları tanımaq lazımdır. Eyni zamanda onlar da sizi tanısınlar.