Səyahət uşaqlıqdan ən çox sevdiyim hobbimdir. Ancaq vaxt keçdikcə bütün hobbilər kimi də səyahət də zamanla inkişaf etməli, yeni fərqli fəaliyyətlərlə zənginləşməlidir. Mənim də səyahət anlayışım getdikcə inkişaf edir, yeni və fərqli növləri ilə davam edirəm.
Son səfərim öncəki yazılardan bildiyiniz kimi çox sevdiyim Qubaya oldu. Bu dəfəki səfərimdə indiyə qədər yaşamadığım tamam fərqli təcrübələr yaşadım. İlk gün maşınla 5 kəndi gəzdik, maşınla və bu qədər uzun müddətdə hər hansı səyahətim olmamışdı. Növbəti gün hiking üçün Şabrandakı Çıraqqalaya qalxdıq. 2019 -cu ilin aprelində buraya gəlsəm də qar və duman səbəbilə ətrafı çox yaxşı görə bilməmişdim. İndi isə Xəzər dənizinə qədər Bütün yerlər ayağımın altında idi.

Ancaq Çıraqqala da əsas mükafatım mənzərədən fərqli oldu. Qəribə görünsə də, yol yoldaşlarım bu dəfə gördüklərimdən daha maraqlı gəldi mənə. Mənimlə ortaq maraqları olan (təkcə səyahət yox, insani münasibətlər, şəhər həyatı, həyta tərzi və s.) insanlarla ünsiyyətdə olmaq içimi məmnunluqla doldurdu. Neçə çay içdim, neçə saat danışdıq heç xatırlamıram. Çünki yolda qayıdandan bəri söhbətləşərək gəlirdik. Bu sürətimizi azaltsa da, tələsmirdik. Hava gözəl, sərin yamyaşıl meşə, oxuyan quşların müşayiəti ilə sevdiyimiz, bizə dəyərli olan nəsnələrdən danışırdıq. Hər zaman icma axtarışında olan biri olaraq bu səfər mənim üçün Allahın mənə bəxş etdiyi növbəti nemətdir.
Növbəti gün yəni 06.06.2021 tarixi mənim üçün daha yaddaqalan oldu. Çünki öz sərhədlərimi yenidən genişləndirdim. Nə qədər təviş və narahatlıqlarım məni bundan çəkindirməyə çalışsa da vazkeçmədim. Söhbət Qızılqaya zirvəsinə (3726 metr) olan yürüşümdən gedir. Həmin gün çox tərəddüd içində idim. İçimdən bir səs, “bu qədər yer gəzmisən bəsdir, zirvə olmasa nə olar ki?”, “uyğun paltarın yoxdur”, “zirvədə yağış yağacaq” kimi düşüncələri real həyat hadisələri kimi təqdim etməyə çalışırdı. Ancaq ən önəmlisi bunların bir düşüncə olduğunu hiss edirdim. Təbii ki, beyin öz bioloji funksiyası olan bədəni qorumağa və enerjini saxlamağa fokuslanıb. Paradoksal olan məhvumlardan biri də, eyni beynin yeni şeylərdən daha xoşbəxt olmasıdır. Yəni bir işi görəcəyimiz vaxt bizi qorumaq (Biabır olmamaq, uğursuz görünməməyimiz üçün)çalışan zehnimiz, bu işi ona rəğmən həyata keçirdiyimizdə ən böyük zövqü alır.
Burada məni məmnun edən digər bir məqam qırmızı xətlərimin, yəni özümə qoyduğum sərhədlərin kənarına çıxa bilməyimlə bağlıdır. İki il öncə zirvələr o qədər də maraqlı deyil, əsas ölkəmi tanıyım, hər qarışını gəzim deyə düşünən mən, hazırda 3000+ metr yüksəklikdə olan zirvələri 4000+ olanlarla əvəz etməyi düşünürəm. Qızılqaya şəxsi rekordumun yenilənməsi, öz performansımı yenidən görməyim üçün çox gözəl başlanğıc oldu. Keçən yay 3500+ (Samalit zirvəsi 3548 m, Zaqatala) metrdən sonra 3700 metr bir az gözümdə adiləşmişdi. 3 il öncə bu haqda danışsalar başqaları nəinki, heç özüm inanmazdım.
Bu səfərimdə ən kilid nöqtələrdən biri daşın içindən çıxmaqla varlığını göstərən kiçik gülləri görməyim oldu. Enerjimin bitdiyini, bəlkə də elə burdan qayıtmalıyam deyə düşündüyüm anda qarşıma çıxdılar. Sübhanallah! dedim. Heç bir əlverişli şəraiti olmayan bu daşdan çıxıb, normal gün işığı almayan gül, həyatda qalmaqla bərabər çox gözəl rəngləri ilə insanın zövqünü oxşayır. Mən təsadüflərə inanmıram. Hər şeyin doğru anda, doğru yerdə qarşımıza çıxdığına inanıram. Bəzən yanlış yerlərdə olduğumuza görə, doğru şeyləri görməyə bilərik. Amma bu gerçəyi dəyişmir. Mən də qarşıma çıxan bu mənzərədən öz dərsimi aldım. Nə olursa olsun, yoluma davam edəcəm dedim. Bundan 10 dəqiqə keçər-keçməz bədənimdə bir rahatlıq hiss etdim. Ayaqlarım sanki özü gedirdi. Sumkam ağır gəlmirdi. Buludlardan və günəşsiz sərin havada gəzməkdən zövq almağa başladım. Bəli, bütün bəhanələrimə yox dedikdən sonra, onların əksinə atdığım addımlar sayəsində oldu. Çox sevdiyim spiker Nurullah Gençin dediyi kimi “Başarı bedel ister”
Sonrakı hisslərim isə zirvəni görəndə ilk hiss etdiyim sevinc oldu. Getmək istədiyim və gəldiyim yer eynidir. Daha sonra bu hiss öz yerini fərəhə buraxdı. Ətrafdakı mənzərələrə valeh olmuşdum. Tam zirvəyə çatanda isə, qürur hamısını üstələdi. “Bunu bacardın” dedi içimdən bir səs. Zirvəyə qədər özümə çox istirahət haqqı verməsəm də, indidən sonra özümü mükafatlandırmağımın vacibliyinin fərqində idim. Elə belə də davrandım.
Bu səyahət həm bütün mövsüm boyu içimə yığılan yorğunluğumu aldı, həm də bu yorğunluq və iş çoxluğu içində itib-batmış, özünə vaxt ayırmayan Murada özünəqayğının vacibliyini xatırlatdı. Artıq özümlə daha çox vaxt keçirirəm. İdman və hobbilərimə daha keyfiyyətli vaxtımı ayırıram. Bu da ən çox professional fəaliyyətimdə məhsuldar olmağımla nəticələnir. Növbəti səfərlərdə görüşənədək.












