Bir uşağın sevinci

Hər zaman uşaqları müşahidə etməkdən xüsusi zövq alıram. İnsanlığın ən təbii halı uşaqlardadır. İstər ağlayanda, istər güləndə, istərsə də əsəbləşəndə. Çünki bütün bu hissləri çox içdən, dərindən yaşayırlar. Olduqları kimi davranırlar.

Sizə pis xəbərim də var. Biz də uşaq olmuşuq. Bəli, çoxumuz bunu nadir hallarda xatırlayırıq ya da heç xatırlamırıq. Nəticədə uşaqları, digər insanları anlamaqda çətinlik çəkirik. Bu gün ki, yazımda bir uşağın dünyasına kiçik bir səyahət edəcəyik. Bayramı qeyd edən uşağın hiss etdiklərinə.

Bütün işləri elə sahmana salmışdım ki, Ramazan bayramında evdə valideynlərimlə bərabər ola bilim. Sentyabr ayından sonra cəmi bircə dəfə yarım günlük evdə olmuşdum. İşlər, layihələr, dərslər deyə-deyə bütün qışı evə getmədən buralarda qalmışammış. Mayın doqquzu artıq evdə idim. Bir gün istirahət edib növbəti gün Honzoqora qalxdıq. Təfərrüatları öncəki blogda qeyd etmişəm. Mövzunu parçalamadan davam edək.

Bu ilki Ramazanın digər bir fərqi isə, valideynlərimin də həyatlarında ilk dəfə oruc tutması idi. İftar və imsak anını onlarla paylaşmaq üçün nələr verməzdim. Neçə illər idi ki, bunun üçün dua edirdim. İndi qəbul olunmuş duamı yaşamaq özü ayrı bir şükür səbəbidir. Çox şükür bu günləri də gördüm deyə, içim içimə sığmırdı. Burda tək başına iftar etmək, imsakda özümə yemək hazırlamaq mənə qəribə gəlirdi. Çünki Ramazan ən çox paylaşmağı əmr edir. Çalışdığım qədər qonaq qəbul etsəm də, yenə tək yaxalandığım günlər də oldu.

Gələk uşaq ikən gördüklərimə. Hər zaman bayramdan bir gün öncə atam və kəndin bütün kişiləri kəndin aşağısına doğru axışardı. Əvvəllər elə bilirdim ki, çayxanaya yığışırlar. Amma atama verdiyim suala cavab olaraq demişdi ki, qəbristanlığa getmişdik. Hər il məni də aparsın deyə 3-4 gün öncədən hər cürə varianta əl atırdım. Ancaq 14 yaşıma qədər icazə vermədi. Atamın qadağan etdiyi şeylərə xüsusi qıcıq və marağım olurdu. Kənardan qəbristanlığı görsəm də, hamı həmin gün nə edir deyə maraqlı gəlirdi. Bu il də getdik adəti üzrə. Bu dəfəki bayram ziyarətində insanların, sanki bir əmr gəlmiş kimi şəhid qəbirlərini ziyarət üçün sıraya düzülməsi içimdə hüzn və təşəkkür qarışıq hisslər oyatdı. “Yanvarda gəlirəm” deyib, oktyabrda şəhid olan dostum Fəqan da orda idi. Bəlkə də buna görə çox hüznləndim. Ancaq indi o qəbristanlıq maraqlısı uşaqdan çox, sabah məni də burda basdıracaqlar fikrini qəbul etmiş bir adam olaraq hərəkət edirdim.

Bayramın ən gözəl atributlarından biri də uşaqların özləridir. Bayram axşamı evə gələn kimi, anamdan uşaqlar üçün nə hazırladığını soruşdum. Bayram günü səhər 8 dən bütün uşaqlar əllərində torba, qruplar halında qapı-qapı gəzərək bayram təbrik edir. Ev sahibləri də bu təbriki qəbul edir, onlara hədiyyə verir. Biz uşaq olanda menyu çox geniş olmurdu. Evdə bişmə şirniyyat, nadir hallarda rənglənmiş yumurta, konfet olurdu. Ancaq indi, çeşid bolluğu uşaqların torbalarında da hiss olunur. Günortaya qədər davam edən bu prosesdən sonra uşaqlar gəlirlərini ortaya qoyub müzakirə edirlər. Yumurtaları çox yediyinə görə köpən kim, aşırı şirniyyat yediyi üçün axşama qədər çay içən kim. Bu şəkildə bayramı başa vururduq. Kim qonaq gəldi, kimə qonaq gedildi maraqlı deyildi. Orda nə hədiyyə alacağımız önəmli idi. Bir ara bu adət az qala itəcək qədər azalmışdı. Ancaq indi yenidən uşaqlar sahələrə geri dönüblər. Bu həqiqətən çox xoşdur.

İndiki Murad üçün isə bunlar xoş bir xatirənin yenidən yada düşməsi oldu. Bu uşaqlar mənim qonşularım və qohumlarımın qonşularıdır. Onlar səhərdən gəzirlər. Hədiyyələrini alırlar. Böyüklər, daha doğrusu gənclər yaşlıları ziyarət edir. Düşünürəm ki, əvvəllər nənəm bayramda mənə nə hədiyyə verəcək, babam bayram da nə qədər pul hədiyyə verəcək deyə düşünən uşaq indi sadəcə onları görməj, bayramlarını təbrik edib sarılmaq üçün kilometrlərlə yol gəlir. Təbii ki, çoxusu indi sağ deyil, xala-bibi əmi-dayılar artıq böyük roluna keçib. Bir baxacağıq biz də yaşlanmışıq. Amma yenə də, mən evdə uşaqlara nə alınıb deyə baxacam. Çünki hədiyyəni alanda hiss etdiklərimi hələ indi də xatırlayıram. Yəgin ki, ölənə qədər də unutmayacam. İçindən bəyəndiklərimi, bacardıqlarımı yeyirdim, qalanını da evə təhvil verirdim. Bütün uşaqlarda eyni ssenari davam edirdi. Bunula da ev üçün xüsusi iş gördüyümüzü düşünürdük. Çünki özün gəzib, yorulub qazandığın şey insana daha əziz gəlir. Üstəlik uşaqlar üçün paylaşmaq çox çətin olur. Biz təbii ki, böyüklərimizin bizimlə paylaşması sayəsində paylaşmağı çox daha erkən yaşlardan öyrənmişik. Necəki Ramazanın əsas mesajı da budur.

Bir uşağın böyüməsi, həyata verdiyi məna, onun yaşadığı, dəyərli hiss etdiyi nəsnələrlə bağlıdır. Dünyanın harasına getsəm də bu dəyərlər mənimlə olacaq, çalışdığım qədər ötürəcəm. İnsan həyatı dəyərlərlə dəyərlidir. Qarşılıqlı bazarlıq üzərində uşaq yetişdirmək mümkün deyil. O sabah sizə də etdiyi cüzi yaxşılığın qiymətini istəyəcək. Ona görə də, uşaqlarınıza dəyərlərlə yaşamağı öyrədin. Öyrətməyin ən yaxşı yolu isə o dəyərləri yaşamaqdır. Sonra o uşaqlar onlara bəxş etdiklərinizi belə yazılarla, sizə təşəkkür edərək, sizə dua edərək insanlara çatdırmağa çalışacaq. Dəyərlərlə qalın, növbəti səfərlərdə görüşənək.

Bir şərh yazın