Çay paytaxtımız Lənkəran

Mövzunun adından anlayacağınız qədərilə bu gün çaydan yazacam. Siz də çaylarınızı təzələyin, maraqlı məqamlar var. Deməli keçən yay karantin müddətində 6 ay öz evimizdə Zaqatalada oldum. Burda tək bir işim var idi. Onu da itirmişdim. Bir növ məcburi gediş olmuşdu. Ancaq orda ikən üzərimdə daha çox çalışmalı olduğumun fərqinə varmışdım. Bununla bağlı ətraflı öncəki yazılarda qeyd etmişəm. Həmin vaxtı Fatma Qurbanova ilə çay içməkdən söhbətimiz olmuşdu. Görüş əsnasında diqqətimizi çəkən çayla bağlı heç bir icmamızın olmaması oldu. Qərara aldıq ki, nə üçün bunu özümüz qurmayaq. O zamanlar təbii ki, vizyonum bu qədər geniş deyildi. Sadəcə insanların çayla bağlı söhbət edəcəyi qrup düşünürdük. Ancaq hazırda 6 nəfərlik idarə heyətimiz var. İcmamızın isə 1200 dən çox üzvü var.

“Murad yazının adına Lənkəran yazmısan, amma çayzadədən danışırsan” deyə bilərsiniz. Ancaq mövzunun əsas çıxış nöqtəsi Çayzadədir. Bu dəfəki gedişim sırf Çayzadə ilə bağlı oldu. Keçən həftə planladığımız çay plantasiyalarına etmək istədiyimiz çay yürüşləri ilə bağlı təklif aldıq. Həqiqətən biz düşünərkən belə təklif qəbul etmək çox xoş və həyəcanlı oldu. Qərarlaşdırdıq ki, öncə biz gedək baxaq, ümumiyyətlə çay sektoru hansı vəziyyətdədir. “Biz icma olaraq çay və çay məhsulları haqqında nə qədər bilirik?” Yayda Zaqatala çay plantasiyalarında olmuşdum vəziyyət qənaətbəxş olmamışdı. Ona görə Lənkəranla bağlı gözləntilərimi də aşağı salmışdım. Nəticələr isə fantastik oldu.

Deməli saat 9 da Bakıdan çıxdıq. Yolda demək olar ki, heç bir yerdə dayanmadıq. Düz yollandıq Lənkəranın İstisu qəsəbəsinə. Burada xeyli plantasiyalar var idi. Biz “Yaşıl çay FT”na getdik. Buradakı plantasiyalar həm böyük, həm də hiss olunurdu ki, diqqətlə becərilir. Plantasiyanın tam yanında eco-hotel tikilirdi. Ancaq yerli üslubda. Mən isə ən çox mavi rəngdə olan qapı-pəncərələrini bəyəndim. Çox gözəl tamamlayırdı.

Bundan öncə Lənkərana ilk və son dəfə 2015 ci ildə gəlmişdim. O vaxtdan buranın yeməklərini (olmazsa olmaz), çaylarını, insanlarını təbiətini sevmişdim. Əsasən də qırmızı kərpiclə tikilən həyət evləri adamın gözünü oxşayır. Daha sonra “çay muzeyi”nə getdik. Bəli, çay muzeyi. Fermer təsərrüfatının qurucusu və rəhbəri Araz bəy sıfırdan bu təsərrüfatın qurulması hazırki vəziyyəti, Azərbaycandakı çay sektoru, çayın onun və insan həyatındakı rolundan ətraflı məlumat verdi. Üstəlik ixtisasca aşpaz olması danışdıqlarını daha da maraqlı edirdi. İşini sevərək adamlar görmüşdüm. Ancaq bu günki təəssüratlarım bir səviyyədə yuxarıdır. Unutmadan deyim, hotelin dizaynını da özü edirdi. Hətta çay işinin əsasını öyrənmək üçün Çində fabriklərdə fəhlə kimi işləmişdi. Eyni şövqlə də indi işinə davam edir.

Çaydan söhbət edirik amma çaysız? Əlbəttə ki, yox! Araz bəy özünün hazırladığı, dəyərli hesab etdiyini 5 fərqli çayı bizim üçün dəmlədi, onları içə-içə həm onlar haqqında, həm də ümumilikdə çay haqqında danışdı. Məndən olsa qalıb axşama qədər bu mövzulara qulaq asardım. Suallarımı verdim. Çox geniş danışırdı deyə, sual verməyə çox ehtiyac olmurdu. Həyatımda ilk dəfə Çaydan bu qədər məlumatlı olmaqla bərabər, çayla yaşayan bir insan görürdüm. Heyran olmağım məncə normaldır. Uşaqlıqdan çaya olan xüsusi bağıma görə babam mənə Çayzadə deyirdi. İcmanın adı da elə ordan seçdik.

Aşpaz olduğunu qeyd etmişdim. Bizim üçün özü milli yeməklərdən çox gözəl masa hazırlamışdı. Hazırlanma qaydasına qədər bizimlə paylaşdı. Bu qədər məlumatlı və bu qədər paylaşmağı sevən ikinci bir adam hələki görməmişəm. Bilmirdim, bu qədər informasiya almağıma, belə insanla tanış olmağıma, yaxud bunların hamısını bir gündə yaşadığıma sevinim. Ancaq nəticə etibarilə sevdiyim, istədiyim yerdə olduğumu hiss etdirdi. Onun dəmlədiyi çayları isə mən ümumiyyətlə görməmişdim. Gələndə üstəlik 3 fərqli çay da hədiyyə verdi. Necə təşəkkür edəcəyimi bilmədim

Bəli bu qablaşdırmalar mağazalarda qarşınıza çıxmaz, çünki çox azdır istehsalı

Qayıdanda isə səhər buzlayacağından qorxduğumuz yolda günəş buludların arxasından özünü göstərməyə çalışırdı.

Günün necə keçdiyini heç hiss etmədim. Zaman anlayışını itirmişdim. Bu gün üçün Zeynala, Cəmilə, Fatmaya və xüsusi olaraq Araz bəyə təşəkkür edirəm. Növbəti çay hekayəsində görüşənədək.

Bir şərh yazın