Son dövrlərdə qida sektorunda olan yeniliklər, yemək sifarişləri, təqdim olunan təamlar, dəyişən dad seçimi fonunda ortaya çıxan mənzərə odur ki, artıq insanlar “hərkəsləşmə”yə doğru gedir. Hər kəs” fast-food” hansısa növündən asılı olduğunu qürurla olduğu mühitlərdə car çəkir, yerli yaxud milli olan yeməklər isə əksinə xor görülür. Restoranların təqdim etdiklərinə baxsaq mənzərəni tam görə bilərik.
Təsəvvür edin milli restorana getmisiniz, indiyə qədər öyrəşmisiniz ki, mədənizin aclıq siqnalı beynə çatan kimi sifarişiniz hazır gəlir. Ancaq bu restoranda yeməyi gözləyirsiniz. Su gəlir, yemək əlavələri gəlir, çəngəl-bıçaq gəlir. Amma yemək gəlmir ki, gəlmir. Üstəlik bunu ilk dəfə edən adam üçün bu sadəcə dəhşətli bir əziyyətdən başqa bir şey deyil. Nəticədə o adam artıq növbəti dəfə yenə köhnə seçimlərinə, tez-bazar olana qayıdır. Ondan asılı hala gəlir. Kənardan verilən motivasiya da elə bu şəkildədir. Hamıya az-az amma lazım olan əsas qatqılar, və nəticəyə götürəcək xüsusi addımlar yoxdur.

Bununla bərabər hər kəsin yediyindən yeyən adam həm də, hər kəs kimi düşünməlidir ki, rahat idarə oluna bilsin. Bunun üçün onun təkcə mədəsini yox, beynini də bu tip “tez-bazar” qidaları ilə doldurmaq lazımdır. Bəli bizə bir neçə günlük motivasiya verən kitablar da eynən bu şəkildədir. Nə vaxt özümüzü üzgün, zəif, bacarıqsız hiss etsək bu kitablardan bir “doza” almağımız bizə düşündüklərimizi unutdurur. “Hər şey istəməklə başlayır.”, “Sən də bacararsan”, “Sən də uğurla olmalısan” Bu kitablar milyonlarla nüsxə satır. Ancaq nəticəsində biz inkişaf edirik mi? Bir çoxunu tənqid etmədən öncə oxumuşam. Tənqid üçün oxuduğum bəzi kitabları təkrar oxumuşam. Ancaq məsələ kitablar deyil. İçlərində effektiv olanları da az deyil. Üstəlik bura Ted çıxışları, təlimlər, vebinarlar da daxildir. Diqqət çəkmək istədiyim məqam hamısında bir hədəfə fokuslanmaqlarıdır, “Uğur” hər gün qulağınızı deşəcək qədər eşitdiyiniz, gözünüz yorulacaq qədər gördüyünüz, özünüzü ən zəif hiss edəcək qədər göstərilən nümunələrlə bol olan uğur.
Bu qəbildən olan ədəbiyyatla ünsiyyətdə olanda insana elə gəlir ki, hər kəs eyni şəkildə uğurlu olmalıdır. Burada vurğulanan məsələlərdən biri də hər kəsin bunu bacaracağına verilən təminatdır. Sual gəlir, orta məktəbini qışın soyuğunda, 5-7 km aralıdakı kəndə gedərək, odun sobası ətrafında utandığından yıxılmayan məktəb binasında dərs keçən, evə gedəndə valideynlərinə işlərində yardım edən uşaqla, hər gün məktəbə maşınla çatdırılıb, dərsdən sonra əlavə dərslərdən tutmuş günün sonuna qədər onun üçün effektiv ola biləcək fəaliyyətlərlə məşğul olan uşaqlar eyni imtahana girir. Bu necə bərabərlikdir? Belə olan insanlar necə eyni imkanlara sahib ola bilərlər? Sonrasını davam edim; Bu uşaqlar şəhərə gəlir, müəllimlərin təzyiqlərinə baxmayaraq qazandıqları təqaüdü şəhərdə “sağ qalmaq” üçün xərcləyən, dərsdən sonra bütün sosial qayğılarını özü etməli olan insanla, hər gün istədiyi təlimə və ya inkişaf programına ailəsindən maliyyə alan, evdə heç bir məsuliyyəti olmayan, işi-gücü ancaq özünü inkişaf etdirmək olan tələbələr sabah əmlak bazarında hansı bərabərlikdən çıxış edəcək görəsən? Bu dediyim məqamlar işin ədalət tərəfini izah etmək üçün idi.

İndi keçək fərdi imkan və xüsusiyyətlərə. İlk növbədə baxmaq lazımdır ki, biz ümumiyyətlə uğur deyəndə nəyi nəzərdə tuturuq? Bu bir illik plandırmı, yoxsa ömürlük bir inkişaf yoludur? Daha sonra baxmağımız lazım olan məqam niyə mən uğurlu olmalıyam? Bu mənə nə verəcək? Bəli uğurlu insan sözünün yanında adımızı görmək bizə çox şirin gəlir. Ancaq gediləcək yol o ədəbiyyatlardakı kimi asan deyil axı. Kimi aldadırıq? Özümüzü əlbəttə ki. Uşaqlıq travmaları olan, şəhərdə böyüsə də valideynlərindən, sosial mühitdən şiddət görən adam, yaxud da hər hansı bir əngəli olan adamla hər ehtiyacı qarşılanan adam bir deyil axı. Məşhur Amerikalı psixoloq Abraham Maslovun tələbatlar iyerarxiyasında insanın özünü aktuallaşdırması beşinci səviyyədədir. Ona qədər olan tələbatlarımızın ödənməsi lazımdır. (araşdır)
Ən sonda qeyd etmək istədiyim məqam isə uğurun konkret şablonlarının olması, bir yarış şəkildə düşünülməsidir. Məsələn bir şirkətiniz yoxdursa uğurlu sayılmazsınız. Instagramda sizi izləyən 15, 20 min insan yoxdursa uğurlu deyilsiniz. Üstəlik bunları insanların nə düşündüyünü soruşmadan, maraqlanmadan onlara deyirik. Universitetə girməyi çox böyük nailiyyət kimi qəbul edən birinci kurs tələbəsinə müəllim “güya siz nə bilirsiz ki?” yaxud, hər hansı rəhbərin “sən onsuzda uğurlu deyilsən, filan işi də bacarmırsan” deməsi o insanlara necə təsir edir? Empatiya, uğurdan sonra hamının ağzında saqqız əvəzinə istifadə etdiyi, amma əməl etmədiyi məhvumlardandır. Amma özümüzü o insanların yerinə qoyanda nə hiss edərik, heç düşünmürük. Gəldiyimiz yollar çox tez yadımızdan çıxır. Öz yolunda getməyən adam həmişə nəyinsə əskik olduğunu hiss edəcək. Bunu bəlkə də dəyişməyə cəsarəti çatmayacaq. Bəlkə buna uyğun daxili şəraitə sahib deyil?
Hər kəsin öz arzuları var. İnsanların arzularını xor görmək, onlara yuxarıdan aşağı baxmaq, onları hansısa qəlibə salıb hər zaman bədbəxt hiss etdirmək, buna görə üstəlik özümüzü uğurlu hesab etmək üçün heç bir haqqımız yoxdur. Hər kəs öz seçimləri ilə yaşayır. Onları özümüzdən asılı hala salmağa heç bir haqqımız yoxdur. İcazə verin insanlar öz yanlış təcrübələri ilə hara getmək istədiklərini müəyyən etsinlər. Yoxsa dönüb dolaşıb yenə özlərini həmin tez-bazar qidaların(kitab, məlumat, söz, çıxış, formul, yemək) qarşısında tapacaqlar. Öz həyat motivasiyanızı tapmaq hər zaman inkişaf etmək, sevdiyiniz işləri görmək istəyirsinizsə həyat missiyanızı tapın. Araşdırın, oxuyun, sınayın, paylaşın. Birdən-birə olmayacaq. Amma bu yolun özü də maraqlıdır. Çünki doğru yolda olduğunuzu hiss edəcəksiniz. Bu sizə növbəti mərhələyə keçmək üçün həvəsləndirəcək. Motivasiyanız hər zaman daxildən gələcək. Xaricdən qəbul etdiyimiz hər çeyin yanaşı təsirləri olur. Motivasiyada bu özünü bir müddət sonra daha dərin boşluğa düşmək kimi özünü göstərir. O dibdən sizə işıq salacaq yeganə şey isə həyata nə üçün gəldiyinizi tapmağınızdır. Hər canlının dünyada öz missiyası var. Siz öz missiyanızı araşdırın. Onu yerinə yetirin. Edilmiş şeyləri təkrar etmək üçün gəlməmişik. İçinizdəki işığı tapmağınız diləyi ilə, növbəti yazılarda görüşünədək