Mixail Bulqakov – Master və Margarita

Sovet sisteminə olan münasibətim Orvelin “Heyvanıtan” və “1984” əsərlərindən sonra aydın oldu. Ona qədər də fərqli əsərlər, materiallar oxumuşdum. Üstəlik valideynlərimizin də həmin sistemdən çıxdığını, cəmiyyətin qərar verən hissəsinin hələ də sosialist olduğunu nəzərə alanda yazıçını başa düşməyim çətin olmadı.

Başlanğıcda sovet şəhər mühitinin vizuallaşdırılması ilə başlayan əsər, anidən İsa Məsih dövründə Suriyada Roma imperiyası adına idarəçilik edən şəxslərin dialoquna keçir. Sıxıcı başlasa da, getdikcə daha maraqlı proseslərin bir-birini əvəz etdiyi əsərdə müəllif bir növ sovet sistemindən hayfını yazmaqla alır.

Sovet şəhər mühitinin izahı yazıçılar birliyinin iki üzvünün bitmiş yaradıcılıq fəaliyyətlərini müzakirə etməsi ilə başlayır. Müəllif burada onu icmalarına qəbul etməyən, bir növ yaradıcılıq korluğu çəkən qələmdaşlarından, onları orada saxlayan hökümətdən acıq çıxır.

Əsərdə maraqlı gələn digər tərəf isə Sehrbazın şəhərə gəlişidir. Zamanda səyahət edə bilən bu sehrbaz, dövlət idarələrini barmağına dolayır. Bu müəllifin onların intellektlərinə ironiyalı münasibətidir. Bunu çox peşəkar şəkildə çatdırdığını düşünürəm. Bu sehrbaz şəhərdə olan, “əyri işlərə” əl atan hər kəsi cəzalandırır. Dövlət məmurlarının çoxunu Kiyev psixiatrik xəstəxanasına göndərir. Onun komandası da elə sehrlidir. Danışa, cild dəyişə bilən pişiyi və assistenti onun bütün “qara işlərini” görməklə məşğuldur.

“Əsərin qəhrəmanları hanı bəs?” dediyinizi hiss edirəm. Ancaq çalışdığım qədər “spoiler” verməməyə çalışıram. Margarita həyatından sıxılmaqda gününü axşam edən xanımdır. O bu sıxıcı həyat tərzindən bezib, həyatına rəng qatacaq bircə Masteri var. Master isə yazdığı romanı çap edəcək maddi imkana sahib olmayan şəxsdir. Qalanlarını oxuyanda görəcəksiniz.

Yuxarıda antik şərq dövrünə baxış olduğunu qeyd etmişdim. İsa Məsihə olan yanlış münasibət Roma bürokratiyasından gəlir. Müəllif də Ateist rejim olan sosialist rejimini dini bir motivlə özünü göstərir. Bu yenə də müəllifin mərkəzi hakimiyyətə qarşı növbəti etirazı kimi başa düşülür.

Əsərin bədii axıcılığı gözəl olmaqla bərabər, əsər boyunca hadisələr bir-birinə gözəl bağlanıb. Yəni antik dövrlə, XX əsr arasında körpü çox gözəl qurulub. Sovet idarəetmə sisteminin nə qədər meşşan olduğunu da göz önündə saxlamağı unutmayıb.

Yekunlaşdıracaq olsam, əsər sevərək oxuduğum, bitməsini istəmədiyim kitablardan biri oldu. Əsərin axıcılığı, mənası, vermək istədiyi mesajdan əlavə ən çox yazıçının mübarizə ruhunu bəyəndim. Buna görə də mənim üçün ən yaxşılar siyahısına daxil oldu. Əsərə sevgi romanı kimi baxmaq çox cılız qalır deyə düşünürəm. Hər addımı mesaj dolu olan bu əsəri oxuduqdan sonra fikirlərinizi mənimlə paylaşmağı unutmayın. Növbəti kitablarda görüşənədək.

Bir şərh yazın