Necə daha yaxşı yata bilərəm?

Texnologiyanın inkişafı ilə əlaqədar olaraq onsuzda qaçdığımız, maraqlanmadığımız şəxsi sağlamlığımızı bir az da özümüzdən uzaqlaşdırdıq. Bütün bunların nəticəsində insanlar gecələr yata, səhərlər isə dura bilmir. Yuxudan doymayan insan isə gün ərzində sadəcə bu aclığı doyurmağın marağında olur. Maslovun tələbatlar iyerarxiyasında göstərdiyi kimi, həyatımızı ehtiyaclarımız dizayn edir. Bir növ nəyə ehtiyacımız varsa gündəmimiz yalnız bu olur. Yuxuya olan ehtiyacımız ödənmədikdə, əsəbi, bədbin, diqqətini bir yerə toplaya bilməyən insanlara çevrilirik. Ətrafınızda belə insanlar varsa, yuxu vərdişləri haqqında sual verə bilərsiniz.

Sağlam yuxu vərdişlərindən danışmadan öncə yuxu haqqında olan miflərdən bəzilərinə toxunmaq istəyirəm. Onlar sayəsində mövzunu daha yaxşı qavrayacağımızı düşünürəm. (Mən özüm belə başa düşmüşəm.) 4 il əvvəl əlimə bir kitab keçdi “Sadece aptallar 8 saat uyur” Bir mükəmməliyyətçi olaraq atladım üstünə. Kitabı oxudum. Bir az mükəmməliyyətçi ruhumu oxşadı. Ancaq məntiq səviyyəsində kitab insanın özünə zülm etməsi, sistem üçün daha çox çalışmasına təşviq etməsindən başqa bir şey deyilmiş. Son dövrlərin trendlərindən biri də məşğulluqdur. Hər kəs məşğuldur. “Yatmağa belə vaxtım yoxdur” kimi deyimlər “mənimlə işin olmasın” mesajının dolayı formasıdır. Biz sadəcə məşğul olmaq istəyirik. Özümüzü yarış atı kimi hiss edirik. Uğurlu olmaq, ceo olmaq, daha nələr-nələr. Siyavuş Novruzov demiş “götürək elə o bacım oğlu bacımoğlu Makindoju”. Biz də misal vermək üçün çox da uzağa getməyək. Heyranlıqla baxdığımız o uğurlu insanların gündəlik vərdişlərinə baxaq bəlkə? “İstədim, oldu”, “çalışdım, oldu”, “gecələr yatmadım, oldu” deməklə olmur bu işlər. Biz də edirik onu. Alınmır ancaq. Hər zaman dediyim bir söz var. “Bizə nəyi göstərdiklərinə deyil, bizdən nəyi gizlətməyə çalışdıqlarına baxsaq, tablonu tam görə bilərik” 50, 100 milyonun oxuduğu fərdi inkişaf kitabları bizi yalnız o 50-100 milyondan biri edir sadəcə. Fərdi şeylər bizim xüsusiyyətlərimizdir. Bu kimi dəyərli şeylər ümumi kitablarda olması mümkün deyil. Üstəlik kitabı oxumaq onu tətbiq etmək demək də deyil. Necəki “Ac olduğunda öləcəyini bilmək qarnını doyurmur, bunun üçün hərəkət etməyin, qida qəbul etməyin lazımdır” Hər kəsin tətbiq etditi ümumi şeylər bizə görə deyil. Üstəlik onların mədəni oxşarlıqları var. Biz onlardan fərqliyik. Yuxu haqqında çoxlu oxumaq da onları tətbiq etmək demək deyil. Mənə görə yuxu insan həyatının əsas enerji mənbəyidir. Üstəlik yuxu beynin təmizlənməsi prosesidir. Yəni biz gün ərzində məruz qaldığımız informasiya yuxuda ikən beyin tərəfindən analiz edilir. Lazımlı informasiyalar operativ yaddaşa həkk olunur, digərləri kənarlaşdırılır. Daha çox oyaq qalmaq, daha çox informasiyaya məruz qalmaq, üstəlik daha az “beyin yuyulması deməkdir”.

Bundan əlavə işin psixoloji tərəfi biz daha çox iş görmək, dünyada daha çox vaxt keçirmək, daha yaxşı olmaq istəyirik. Bunu da xoş niyyətimizlə edirik. Xoşniyyətli olmaq hər zaman, düzgün metodları seçmək demək deyil. Təəssüf ki, biz nəyisə artıq etməyə çalışırıqsa özümüzdən kəsirik. Yuxumuzdan, əyləncəmizdən, yeməyimizdən, istirahətimizdən. Nəticədə isə çökürük. Bir müddət belə davam etdikdən sonra fərdi inkişaf kitabı sayəsində “qaza gəlirik” və eyni şeyləri təkrar edib dibə düşürük. Bu çevrəni təkrarlayırıq. Nəticələr göz qabağındadır.

Yuxu qaydasında deyilsə, yemək və həzm sistemi qaydasında deyil. Bu da disiplinsizlikdən əlavə mədə-bağırsaq xəstəlikləri, qan təzyiqi, məhsuldarlığın azalması kimi problemləri də bizə hədiyyə edir. Sağlamlıq zəhmətli işdir. Ən azından ilk başlarda. Məsələn fiziki sağlamlıq üçün ya vaxt ayırıb normal idman etməli, fəaliyyətdə olmalı, ya da bir müddət özümüzü yola verib, o enerji və vaxtın üstəlik maliyyənin bir neçə qatını əziyyətli şəkildə dərmanlara verəcəyik. Sağlamlıq isə yenə olmayacaq. Hər zaman nəticələrə baxırıq. Səbəblərə yox. O yuxarıda qeyd etdiyimiz uğurlu insanları uğurlu edən səbəblərə baxmırıq. Sadəcə nəticələr maraqlıdır. Ona görə də itiririk. Ona görə yaxşı yatmaq üçün yoxladığım metodları aşağıda sıralayacam.

– İlk növbədə gün ərzində yuxudan əlavə istirahət vaxtlarınız olsun. Beyniniz kənardan informasiya almadan özü ilə qala bilsin. Mən bunun üçün sosial media istifadəsini sistemli hala saldım. Hər gün yalnız 2 saat vaxt keçirə bilərəm. 32 gündür əməl edirəm. İlk başlarda nə edim deyə darıxırdım. Üstəlik ona nə qədər bağlı olduğumu hiss edəndə üzülürdüm. Ancaq indi vaxtımı daha effektiv keçirirəm.

Hər işin sonunda fasilə verin. Bu həm sizə etdiyinizi görməyə imkan verəcək. Həm zövq alacaqsınız, həm də növbətiyə özünüzü hazırlaya biləcəksiniz. Bir işi bitirib, quş qoyub ardınca digərinə keçmək sizi bir yerdən sonra bezdirir. Özünüzü qiymətləndirməyiniz üçün, etdiklərinizə də baxmağınız lazımdır. Fasilə bizə bu imkanı verir. Unutmayın biz öldükdən sonra yenə nələrsə yarım qalacaq, bəzilərini yarımçıq edəcəklər. Bəzilərinə isə heç fikir verməyəcəklər.

Yatmadan öncə bəlli rutinləriniz olsun. Mən də bu duş almaq, yerimə girmədən bir saat öncə cihazlardan uzaqlaşmaq, yerimə girəndə yuxum gələnə qədər kitab oxumaqdır. Bunlar sayəsində bədənimə növbəti mərhələnin yatmaq olduğunu bildirirəm. İlk başlarda kitab çox oxumalı olurdum. İndi 12-17 dəqiqəni keçmir. Əsas məsələ yerinizə telefonla, tabletlə girməyin.

Əsas məsələ niyə hər gün bəlli vaxtda yuxudan durmalısınız? Buna niyə ehtiyacınız var? Yuxudan vaxtında durmaqla, disiplinli olmaqla nə əldə etmək istəyirsiniz? Yuxudan duran kimi edəcəyiniz o önəmli fəaliyyət nədir? Bu fəaliyyət niyə sizin üçün bu qədər dəyərlidir? Bu suallara cavab verməyiniz lazımdır. Mənim üçün bu mənəvi sağlamlığım, Namaz qılmaq, daha sonra kitab və dərs oxumaqdır. Çox dərin yatan biri olaraq mən dəyərli bir səbəbim olmasa yuxudan çətinliklə dururam.

Zəngli saatı, yaxud sizi oyandıracaq hər hansı vasitəni yerinizdən çatacağınız yerdən uzağa qoyun. Mən telefon yanımda olanda söndürüb yatırdım. İndi yerimdən 4 metr aralıdır. Ona qədər də ayılıram.

Oyandığınızı özünüzə sübut edin. Məndə bu pəncərəni açmaq (üşütmə oyadır), su içmək, telefonun çaldığı yerdə yazdığım “Arzularını yaşamaq üçün oyan” yazısı, yerimi anında yığmağım və dəstəmaz almağımdır. Bir növ artıq geriyə-yatağa yolum qalmır. Mənəvi olaraq özümə o haqqı verə bilmirəm. Üstəlik oyanandan sonra nə edəcəyim də aydındır. Ona görə yer bir o qədər də yadıma düşmür.

Yuxarıda beynimizin yuxuda ikən təmizləndiyini qeyd etmişdim. Səhər bizim beynimizin ən təmiz vaxtıdır. Onu gün ərzində daha az çirkləndirmək üçün günə necə başlağımız önəmlidir. Mən yatmadan öncə olduğu kimi, durandan sonra 1 saat müddətində telefona baxmıram. Durmasam, həmin vaxtı telefona baxmayacaqdım. Deməli, təcili bir şey deyil. Ona görə başım qarışmır. Etmək istədiyim işə diqqətimi verə bilirəm.

Gün ərzində qısa yuxu vaxtı ayırın. Bu mənim üçün 16-25 dəqiqə arası gözlərimi bağlamaq və hərəkətsiz qalmaqdır. Adətən işdən gələndən sonra bunu edirəm. 2-3 saat yatıb qalsanız gecə yata bilməyəcəksiniz. Bu bir növ “söndürüb-yandırmaq”dır. Mən istənilən şəraitdə yata bildiyim üçün gündüz yatmaq ayrı bir zövqdür. Yuxunuz gəlməsə belə bu şəkildə qalmanız yorğunluğunuzu alacaq.

Gün ərzində yorulun. Bəli, təkcə zehni deyil, fiziki olaraq da yorulmağımıza ehtiyac var. Ona görə axşam gəzintiləri, 2 kilometrdən az yerlərə piyada getmək, həftədə futbol və ya fərqli bir oyun oynamaq, təbiət yürüşlərinə qatılmaq sizə bu işdə yardım edə bilər. Mən hər gün minimum 3 kilometr gəzirəm. Hər həftə futbol və ya təbiət yürüşünə gedirəm. Bu həm beynimin gündəmini dəyişir, həm də yorulmaq ehtiyacımı ödəmiş oluram.

Bunları oxuyandan sonra “mən gecə məhsuldar oluram”, “sabaha çatdırmalı olduğum işlər necə olacaq bəs?” tipli bəhanələr beyninizin bir tərəfini işğal edəcəyini düşünürəm. Mən də gecələr məhsuldar olduğumu düşünürdüm. Gecələr işləyən insanlar adətən işlərini son ana saxlayan və bunu məcburi özünə etdirən insanlardır. Bir müddət sonra vərdiş halını alır. Ancaq səhərki məhsuldarlıq onun 3-4 qatıdır. İşlər isə sizin yatmadan öncə, yaxud duranda etməlisiz deyə bir şərt qoymayıb. Ümumiyyətlə istirahət vaxtı iş görməyi özümüzə əziyyət olaraq qəbul edirəm. Ona görə işdə yuxumuz gəlir, yemək yeyəndə iş düşünür, iş görəndə özümüzü yutuba baxan yerdə tapırıq. Hər addımızın haqqını verməyimiz lazımdır. Gecələr istirahətimiz üçündür. Keyfiyyətli yuxu yatıb, gözəl səhərlərə oyanmanız diləyi ilə

Necə daha yaxşı yata bilərəm?” üzərinə 7 şərh

  1. Çox faydalı olduğu kimi də axıcıdır. 2082-ci izləyici oldum. Yuxu ilə bağlı bir çox bilgilər edindim. Buna görə sevinir və sizə təşəkkür edirəm, əziz müəllif. Sağ olun ki, belə bir yazı yazmısız. Tam zamanında gəldi, dedim. Şəxsi inkişaf kitabları hissəsi ilə birbaşa sizlə razıyam. Gələn yazılınızı da mütləq oxuyacam. Sizi kəşf etdiyimə sevindim, açığı.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Planlamanı çox sevirəm. Fikirlərinlə demək olar ki, razıyam.

    -oxumaq onu tətbiq etmək demək də deyil. Necəki “Ac olduğunda öləcəyini bilmək qarnını doyurmur, bunun üçün hərəkət etməyin, qida qəbul etməyin lazımdır” Hər kəsin tətbiq etditi ümumi şeylər bizə görə deyil-
    Razıyam, hər kəsin həyat tərzi eyni deyil deyə, bir çox bilikləri hər kəs öz həyatına uyğunlaşdıra bilmir. Mən düşünürəm ki, yazılanların əsas məğzi ortağdır. Hər kəs öz həyatına əldə etdiyi biliyin uyğun olanını aşılasa daha gözəl olar deyə düşünürəm. Şəxsi inkişaf kitabları bir yerə qədərdir. Amma şəxsi inkişaf kitablarını oxuduqdan sonra insan dərk edir ki, bir çoxu eyndir. Çünki artıq Şəxsi inkişafla bir çox bilik əldə edib. Hər kitabın, hər aşıqın öz dövrü var. Yetər ki, bilik olsun.

    Təşəkkürlər faydalı bloq üçün

    tərəfindən bəyənildi 1 şəxs

  3. Dediklərinizi nəzərə almalıyam, çox faydalı bilgilər vermisiz yazınızda. Ən yadımda qalan hissəsi kimi “İşlər isə sizin yatmadan öncə, yaxud duranda etməlisiz deyə bir şərt qoymayıb. Ümumiyyətlə istirahət vaxtı iş görməyi özümüzə əziyyət olaraq qəbul edirəm. Ona görə işdə yuxumuz gəlir, yemək yeyəndə iş düşünür, iş görəndə özümüzü yutuba baxan yerdə tapırıq. Hər addımızın haqqını verməyimiz lazımdır.” qeyd etmək istədim

    tərəfindən bəyənildi 1 şəxs

  4. Geri izləmə: İNİKAS - Addım.at

Bir şərh yazın