Donmuş Gurgur şəlaləsi

Həyatımızda bəzi yeniliklər bir müddət sonra həyat tərzinə keçir. Səyahət etmək, gəzmək mənim üçün bu qəbildən olan alışqanlıqlardandır. Hər zaman faydalılığını gördüyüm üçün, təşviq etməyə də çalışıram. Bu dəfəki səfərimi təşviq etdiyim hər zaman yürüş şəkillərimə baxıb biz də istəyirik deyən Kreşendo komandası ilə oldu. Yürüş iştirakçılarının 80 faizi ilk hayking təcrübələrini yaşadılar. Mən də ilk dəfə idi ki, bələdçi kimi tura gedirdim.

Həftə ərzində ən yaxşı yola düşmə vaxtı, gün ərzində fəaliyyətlər planı üzərində çalışdım. Düşündüyümün ən yaxşısını təqdim elədim. Məsuliyyət qarışıq həyəcan hiss etsəm də, vəziyyət nəzarətdə idi. Qubaya çatıb vaxt itirmədən Qrıza yola düşdük. Burda yol çox sərt olduğundan Qubadan Qrıza nivalarla davam etdik. Hava günəşli olması sevindirici hal olsa da, bu mənə və maşın sürücülərinə görə palçıqlı və sürüşkən yol demək idi. Ancaq yol boyu gördüyüm mənzərələr bu aralar üzərində işlədiyim təşvişli gələcəyi planlama vərdişimi tərgitməyim sayəsində çox rahat gedirdim. Bakıda hər yer o qədər bozdur ki, ordakı qarın ağı gözümü qamaşdırdı.

Ancaq bütün səyahətlərdə olduğu kimi, bu dəfə də sürprizlər bizi gözləyirmiş. Maşınlar yolun ən dik hissəsindən yuxarı qalxa bilmədi. İlk iki maşın qalxsa da axradakılar üçün yolu bərbad hala salmışdılar. Heç istəməzdim iş yoldaşlarım gəzməyə burdan başlasınlar. Çünki yer təzə palçıq olmuşdu. Üstəlik yol çox dik idi. Ancaq çarə yox idi. Özümü itirmədən onların hamısı maşından endirdim. Yola piyada davam edəcəkdik. Hardasa 3 kilometr yol var idi kəndə qədər. Ordan 3 kilometer də şəlaləyə qədər idi. İlk başda nə olduğunu anlmadan şokdaymış kimi davranırdılar. Sonrada öyrəşdilər. Üç dəfə bu aşırımı aşağı yuxarı enib-qalxmalı oldum. İştirakçıların bəziləri çox çətin yeriyirdi. Köhnə təcrübələrimi psixoloji dəstək kimi onlarla paylaşırdım. Ancaq beyinləri onlara daha çoxunu və daha qorxulusunu fısıldayırdı yəginki. Hardasa bir kilometrdən çox yol qət etmişdik. Öncə yolladığım qrupa çatdıq. Tam istirahət edib hərəkət edəcək ki, qalxmadan maşınlara baxım dedim. Gördüm artıq yavaş-yavaş gəlirlər. Çətin, dik yamacı hər 3 maşın qalxmışdı artıq. O an qrupun gözündəki uşaqcasına olan sevinci yəginki heç vaxt unutmayacam. Kəndin yuxarısında 20 dəqiqə yemək fasiləsi verdik. Heyət bura qədər gəldiyinə görə xoşbəxt, gördüyü mənzərələrə görə məmnun, yemək yedikləri üçün daha şən idi. Mən də o sırada bir çaya haqq etdiyimi düşündüm. Bura qədər gəldiksə deməli hər şey yolundadır. Bu gülən üzlərin gülməsinə vasitəçi olduğumamı yoxsa gördüyüm mənzərələrəmi çox sevinirdim bilmirəm. Amma havadaydım sanki.

Bundan sonra daha şən, enerjili şəkildə yola davam etdik. Artıq mənzərələri görməyə şəkil çəkdirməyə başlamışdılar. Mən də sadəcə təhlükəsiz şəkildə yola davam etmələrinə diqqət edirdim. Bu onların ilk təcrübəsi idi. Bakıya bir saat da gec çatsaq ziyanı yoxdur. Ancaq onlar üçün burdakı xatirələr yəginki unudulmaz olacaq. Mən özüm də xeyli şəkil çəkib-çəkdirdim. Havanın aydın olmasının səfasını indi yaşayırdım. Dağların möhtəşəm əzəməti, onları gizlətməyə çalışan qar, işığı ilə səmanın rəngini daha parlaq edən günəş, ətrafdakı səssizlik mənə hüzur verir. İmkan tapdıqca gah qabağa gedir, gah da arxaya qalır, hal-əhvallarını soruşmaqla bərabər hər biri ilə söhbət də edirdim. Mənim də yəgin ki, bu söhbətlər yadımdan çıxmayacaq.

Şəlaləyə çatanda artıq o yorğun, nə olacağını bilmədiyinə görə narahatlığı üzündən oxunan adamlar, artıq woooow ilə bir-bir mağaranıb içinə daxil olurdular. Mən özüm də elə idim. Bura ilk dəfə idi gəlirdim. Şəlalə sanki daşların arasında gizlədilmişdi. Buzun altından axmağa davam edən su görəsən niyə donmur, su qarın altında necə hərəkət edir? kimi suallar da bir tərəfdən beynimi məşğul etməyə çalışırdı. Ancaq bir müddət sonra içərinin üşüdəcək qədər soyuq olduğunu hiss elədim. Bu yəgin ki, içərdə olan buzdan və hərəkət edən küləkdən qaynaqlanırdı. 20-25 dəqiqə içəridə qalandan sonra çölə çıxıb termosda qalan çayı da içdim. İştirakçıların da istədikləri kimi içəridə vaxt keçirib dönmələrini gözlədim.

Bundan sonrakı yürüş artıq daha əyləncəli hal aldı. Kimisi gördüyü mənzərəni çəkirdi, kimisi mənzərədə özünü çəkdirirdi. Mən də imkan tapıb həm çəkdim, həm də çəkdirdim. Üstəlik sonuncu dəfə nə vaxt etdiyimi unutduğum qar topu oynadım. Uşaqlıqdakı həyəcanlı vaxtlarımı xatırlatdı. Gördüyüm mənzərələr isə sadəcə möhtəşəmdir.

Maşınlara çatanda iştirakçılar sadəcə təəccüblənirdilər. Biz artıq bitirdik? Bacardıqlarına inana bilmirdilər. Mən isə zövqlə bu mənzərəyə baxıram. Fərqinə vardım ki, mən onları salamat çatdırmışam deyə sevinirəm. Burdan kənddə yemək yeyəcəyimiz evə getdik. Evin aurası o qədər xoşdur ki, ikinci dəfə gəlsəm də eyni maraqlı baxırdım evə. Saat yarım evdə dincəldikdən sonra yola düşdük. Hava qaralmadan Qubaya çatdıq. Hamının üzündə yorğun bir məmnunluq vardı. Yəgin ki, mən də elə görünürdüm. Boğazım ağrıyırdı. O qədər uzağa bərkdən danışmalı olmuşdum ki, səsim tutulmuşdu. Gənclər yolda mafiya oynadılar. Mən də bu müddətdə səsimi bərpa etməyə çalışdım. Axşam saat 10 idi. Mən ilk dəfə insanları karantin şəraitində tura aparıb gətirməyin sevincini yaşayırdım. Özümə bir çay dəmlədim. Yol üçün aldığım amma yeməyə macal tapmadığım şokoladla çay içə-içə şəkillər baxdım. Onları sağ-salamat çatdıra bildiyim üçün Allaha şükür elədim. Bir tərəfdən isə iştirakçıların təşəkkür məktublarını oxuyaraq yuxuladığımı hiss elədim. Artıq bu gözəl günü bitirməyin vaxtıdır. Mənimlə bu səyahətdə olduğunuz üçün təşəkkür edirəm.

Bir şərh yazın