Fantastik 2020

Bəzən biz xəstələnirik. Ancaq həyatımıza davam edirik. Dərmanla, iynə ilə, pis əhval ruhiyyə ilə tutunmağa çalışırıq. Ancaq gün gəlir, cərrahi əməliyyatlıq oluruq. Bu bizim üçün, ya ağrılardan bir dəfəlik qurtuluş ya da ölüm deməkdir. 2020 də məhz həyatımızın cərrahi əməliyyatı oldu deyə bilərəm. Hər kəsin maraqla gözlədiyi, ancaq bitməsini can sıxıntısı ilə iplə çəkdiyi 2020 yekunlaşdı. Artıq bitdiyinə yavaş-yavaş inanmağa başlayıram. Artıq analiz etməyin vaxtıdır. Təbii ki, bu mənə özümü dəyərləndirmək üçün lazımdır. Sizə isə daha çox başa düşdüklərimi paylaşacam. “Sənin hesabatın nəyimizə lazımdır?” deyə düşünüb yarıda qoya da bilərsiniz. Ancaq məqsədim, həm hesabatın faydalılığını, həm də böhranı fürsətə çevirməyin mümkünlüyünə diqqət çəkməkdir.

Keçək mətləbə. 2020 mənim üçün həqiqətən əlamətdar il oldu. İtkiləri, qazancları, ağrıları, sevincləri ilə unudulmaz olaraq yadımda qalacaq. Hər iki ildən bir mənə sanki yenilənmə gəlir. Bəlkə də fəaliyyətlərimlə buna özümü hazırlayıram. Bu il də yenə dibə vurdum. Ancaq bu dəfə sadəcə orda qalmaq istəyirdim. Heç bir addım atmağa nə gücüm, nə də həvəsim vardı. Ancaq ona qədər də düzgün çevrəm sayəsində bir çox nailiyyətlər əldə etmişdim. Bu dəfə isə çevrəmdən məni yuxarı qaldırmaq üçün tanış və yeni əllər uzandı. Mən də sadəcə onları tutdum. Bununla bərabər dəyərli nələrəsə sahib olduğumu hiss edirdim. Artıq o dibdəki istəksizlik, yorğunluq yerinə enerji dolu, hər gün həvəsi artan bir Muradı hiss edirdim. Nəticədə fəaliyyətlərimə daha geniş, daha fərqli, daha məhsuldar, dəyərlərimlə daha çox örtüşən işlər görməklə davam edirəm. İlin əvvəlində boğulmamaq üçün çabalayan bir Murad var idi. Ancad dibə enəndən sonra hərtərəfli sürətlə yuxarı qalxmaqdayam. Bunun da sayəsində boğulmamağa çalışmaq əvəzinə, sakit bir şəkildə üzməyə davam edirəm.

İlin əvvəlində “IELTS” imtahanını verib, payızda xaricdə magistr təhsili almaq barədə düşünürdüm. Planlarımı bu yöndə qurmuş, özümü buna hazırlamışdım. Ancaq anlayacağınız qədərilə bu planlar hamısı suya düşdü. Sentyabrdan başlayaraq yanvarın axırına qədər axşam saat altıda Xırdalandan işdən çıxıb, tıxacların da verdiyi stresslə 28 maya, saat 7 də olan hazırlığıma çatmaq üçün göstərdiyim bütün səylər heç nə olmuşdu. İşin yorğunluğundan əlavə vaxtında çatmaq stressi, aclıq da bütün həvəsimi əlimdən alırdı. Axşam doqquzda isə evə çatandan sonra gecikmiş axşam yeməyi, enerjisinin hamısını xərcləyən vücudum, digər tərəfdə isə özümə qoyduğum çətin, bir o qədər də dəyərli hədəfim üçün dərs oxumaq məcburiyyəti. Bütün insanlar kimi mən də “niyə axı?” deyə sual verib, özümü, həyatımı, təqsirkar olan-olmayan hər şeyə üsyan edirdim. Ancaq bu sual mənə özümə güvənimi, gələcəklə bağlı ümidlərimi itirməkdən başqa bir işimə yaramdı.

Digər tərəfdən hər zaman məni boğulmamağa qoymayan iş və dost mühitlərimdən uzaqda, məhdud resurlarımın olduğu kənddəki evimizdə idim. Bir işə bağlı olduğum üçün, onu itirməklə Bakıda qalmağım sadəcə qeyri-mümkün oldu. Artıq verəcək imtahanım, maddi təminatımı qarşılayacağım bir işim yox idi. Deməli bu il magistr təhsili də yoxdur. Üstəlik birlikdə böyüdüyüm yaxınımın da ani ölümü ilə artıq dibdə idim.

Sevincin də, acının da zamanında yaşanmasının tərəfdarıyam. Bu hadisələrə qədər özümü güclü hesab edirdim. Ancaq hər bir insan kimi, yaxın itkisi mənə də dərin təsir etdi. İlk növbədə bu mənə öz ölümümü də xatırlatdı. Bu günə qədər sanki, hər zaman yaşayacam kimi arxayn, hər şeyi etməyə çalışırdım. Bu da boğulmağıma səbəb olurdu. Ancaq bundan sonra, limitli bir varlıq olduğumu dərk etdim. Bunu bilirdim, amma insan eqosu bunu görməzdən gəlir. Bundan sonra artıq özümü tamam fərqli formada dəyərləndirməyə etməyə başladım. Əlimdə əslində inkişafım üçün xeyli imkanların olduğunu, mənim isə onlara baxmaq əvəzinə eyni şeyləri etməklə fərqli nəticələr gözlədiyimin fərqinə vardım. Bunu görmək mənim üçün çox ağır oldu. Çünki həyatımın 26 ilini tamam fərqli şəkildə analiz edib, dəyərləndirmişdim. Ən böyük haqsızlığı da yenə özümə etmişdim.

Bütün bunların fonunda alternativlərə fokuslandım. Onlayn layihələrə qoşuldum, bəzilərində təlimçi, bəzilərində sadəcə iştirakçı kimi. Onlayn konsultasiya fəaliyyətinə başladım, hər tərəfli xeyirli bir iş olduğunu da öyrənmiş oldum. Hər gün özümə vaxt ayırmağa, iş görərkən sadəcə etməkdə olduğuma fokuslanmağı öyrənməyə başladım. Hələ tam bacarmamışam, çünki hər şeyin bir anda dəyişməyəcəyini də anladım. Artıq 4 fəqli yerdən maddi təminatım var, “IELTS” imtahanına daha peşəkar şəkildə hazırlaşıram (keçən il versəydim 100 faiz kəsiləcəkmişəm). 26 ildə etmədiyim qədər səfərlər etdim, onların hekayələrini yazdım. Sosial çevrəmi 2 dəfə genişləndirdim. İnsanlara tamam fərqli şəkildə yanaşmağa başlamışam. Önmühakimələrimə rəğmən hər insandan nələrsə öyrənə biləcəyimi başa düşmüşəm. 21 blog yazısı, 15 oxunmuş kitab, 15 gün 10 fərqli təbiət səfəri, bu ilimdən sadəcə görünənlərdir. Görünməyənlərin hamısını burda qeyd edəsi olsam mövzu uzanacaq. Ona görə çıxardığım nəticələri sizə qısa formada sıralamaq istəyirəm:

  • Sən nə qədər plan qursan da, plandan kənar şeylər hər zaman olacaq. Çünki, tək yaşamırsan
  • Sən öldükdən sonra dünya öz işinə davam edəcək. Sənin gördüyün bir çox işlər yarımçıq və heç başlanmamış qalacaq. (bunu qəbul etmək çox ağır oldu)
  • Bizi fərqli edən əsas məqam hadisələrə baxış tərzimizdir. (bunun sayəsində 2020dən qazanclı çıxdım, həm mənəvi, mən ümumi rifah baxımından)
  • Bu ilə qədər özümə nə qədər haqsızlıq etdiyimi, boğularkən əslində boğan da özüm olduğumu anladım. (bəli, bizə ən böyük pisliyi özümüz edirik)
  • Özünü günahlandırmaq, özünü və başqalarını tənqid etmək, özünə cəza vermək, vəziyyəti mənfiyə doğru aparmaqdan başqa bir işə yaramır. Bunun əvəzində edə bildiklərinə şükür edib, özünü təqdir edə, beləcə özünü daha dəyərli hiss edə bilərsən. Biz yarış atı deyilik, bir işi görüb, onu etdiyimizə görə özümüzə təşəkkür etmək bizi daha hüzurlu həyata atılmağımıza şərait yaradacaq.
  • Əhatən sənə təsir edir. Bunun necə olması səndən asılıdır. (yanaşmalarınla insanları bezdirə də bilərsən, həvəsləndirə də. Sənə hansının edilməsini istəyirsənsə onu et.)
  • Çox kitab oxumaq, kitab üzü çıxarmasına oxşayır. Beyin nə qədər çox yüklənsə o qədər az məlumat seçməyə çalışır. Ac qaldığında öləcəyini bilmək, doymaq demək deyil. Bunun üçün məlumatı işlətməli, hərəkət edib, qarnını doyurman lazımdır. Kitabı da tətbiq edəndə sənə xeyir verəcək, yoxsa beynində yer tutan yüzlərlə mənasız məlumatdan biri olaraq qalacaq.
  • Limitli olduğunu qəbul et! Hər gün nələrsə yarımçıq qalacaq. Sən 7 milyardla yarışa bilməzsən. Hər meyvənin öz yetişmə müddəti var.
  • Əgər hamı kimi eyni şeyləri etsən, elə standard biri olacaqsan. Fərqli tərəflərini araşdır, ona yönəl.
  • Öz qayğına qal, bunun sənin üçün səndən başqa heç kim etməyəcək. Kiminsə sənə elə bir borcu da yoxdur.

Gözəl insanlar bir yazının, çətin bir ilin sonuna gəlmiş olduq. Gözləmədiyimiz kimi fərqli oldu. Həyatın marağı bəlkə də elə budur. Bu gün mən həyatımı daha yaxşı etmək üçün bu analizi özümə etdim. Yazanda gah ağladım, gah da sevincdən fərəhləndim. Bəzi yerlərində özümlə qürur duydum. Ən əsası da özümü daha obyektiv dəyərləndirməyi öyrəndim. Bəs sən, özün üçün bu keçən il ərzində nələr etmisən? Sən də hamı kimi ekran başında insanları günahlandırmaqla keçirmisən? Sən də mi, özünü danlamaqla problemlərin həll olacağını düşünürsən. Sən də mi, özünəqayğıdan vaxt oğurlamaqla qazanclı çıxmağa çalışırsan? Bəlkə bunlara bir son verməyin vaxtıdır? Dəyişmək çətindir, ağrılıdır. Nəticələri də dəyərlidir. Mən hələ də dəyişirəm, və yaşamağa başladığımı hiss edirəm. Sağ qalmaqla yaşamaq tamam fərqli anlayışlardır. Sağlam, hüzurlu yaşamanız diləyi ilə…

Bakı şəhəri, 24 Yanvar 2021-ci il.

Fantastik 2020” üzərinə 8 şərh

  1. Əvvəla, onu deyim ki, sən həqiqətən krizi fürsətə çevirə bilmisən. Çünki, bir zamanlar trend olmuşdu, karantindən əvvəl heç nə etməyib, karantində “krizi fürsətə çevirmək” təşəbbüsü ilə özünü trendə qoşanların sayı artmışdı.

    Bəzi ortaq nöqtələrimiz var:

    Sən də İelts ilə əlləşmisən, mən də. Bir aylıq fasilədən sonra yenidən davam edir mənim macərəm. Amma deməzdim ki, indi də tam ciddi yanaşıram..

    Sən də yaxın birini itirmək ilə üzləşmisən, mən 2 yaxınımı itirmişəm 20 gün içərisində… Əvvəlki görüşdəki çıxışımda da qeyd etdiyim kimi belə hadisələr düşüncə tərzini və özünə yanaşmanı çox dəyişir. Fikirlərin ilə tam raızyam.

    2 ildən bir dəyişildiyini qeyd etmisən. Bunun fərqində olmağın çox gözəldi. Sözün düzü mənim hələ o yaşım yoxdu ki, hər 2 illik özümü qiymətləndirim, amma onu deyə bilərəm ki, bu dəyişiklik məni qane edir və yeniliklərlə daha çox dəyişiklik olacağına inanıram.

    Və qaldı ki, yaşamaq və sağ qalmaq ilə bağlı fikirlərinlə razı olsam da, çox təəssüf ki, Azərbaycandakı vəziyyət insanları daha çox sağ qalmağa vadar edir. Bu ünsürü görməzdən gəlmək olmaz və insanları daha çox yaşamağa sövq etmək üçün ilkin olaraq sözügedən ünsürü dəyişmək lazımdı. Yoxsa sağ qalmaq bizlərin prioritet “seçimi” olacaq.

    Son da isə, blogun üçün təşəkkür edirəm, blogu mənə göndərdiyin üçün isə lap-lap çox tənku 🙂 Avtobusda görüşərik 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  2. Blogunuzu oxuyub belə qənaətə gəldim ki, 2020də çox şey itirsənizdə, sonda qazanmısız. Bunun üçün, əzmkarlığınız üçün, yüksək iradəniz üçün sizi təbrik edirəm. Uğurlarınız hər zaman bol olsun!

    tərəfindən bəyənildi 1 şəxs

  3. 2020 əslində bir çoxumuzun yadında avtomatik olaraq neqativ il kimi qalıb.Diqqət etsək elə çoxumuzun uğurları da az olmayıb bu il.
    Əsas odur ki,özümüzə və ətrafımıza vaxtında həssas yanaşmağı bacaraq.Onda təəssüfləndiyimiz məqamlar az olacaq 2021də və daha sonra…:)

    tərəfindən bəyənildi 1 şəxs

  4. Murad,siz ötən ilinizi vərəqlədikcə,biz də yaşadıqlarımızı təfəkkür etməli olduq.Bu cür ibrətamiz məğzli yazılara həqiqətən ehtiyac çoxdur.Mənim üçün faydalı bir xatırlatma oldu,təşəkkür edirəm.

    tərəfindən bəyənildi 1 şəxs

  5. Bir gün başladığın və ya hələ planda olan işlər yarımçıq qalacaq , bəlkə də heç reallaşmayacaq. Ona görə də , necə bogulmadan , sakit üzərək davam etməyi düşünmək lazımdır.

    Qəşəng xatırlatma üçün təşəkkürlər 🌻

    tərəfindən bəyənildi 1 şəxs

Bir şərh yazın