Həyatımızı kim dizayn edir?

Hər birimiz gün ərzində müxtəlif insanlara qarşı, fərqli şəkillərdə davranırıq. Ancaq çox zaman bunun heç fərqində belə olmuruq. Kimisə bəyənməyimiz yaxud, bəyənməməyimiz sadəcə istəyimizə bağlıdır deyə düşünürük. Bəs əslində proses necə baş verir?

Bildiyiniz kimi psixoloq olaraq peşəkar fəaliyyətimə uşaq və yeniyetmələrlə çalışaraq başlamışam. Daha təcrübəsiz olanda nə qədər oxusam da, arzuolunmaz situasiyaların səbəbkarı kimi uşaqları görürdüm. Yəni daha çox gördüklərim əsasında qərar verirdim. Vaxt keçdikcə məsələyə qarşıdan yox, yuxarıdan baxmalı olduğumu anladım. Yəni bütöv ailəyə baxmağa başladım. Bir müddət sonra hiss etdim ki, mən artıq daha çox valideynlərlə işləməyə başlamışam. Arzuolunan dəyişikliklər isə daha tez özünü göstərir.

Bildiyiniz kimi uşaqlar üçün valideyn diqqəti əsas önəmli faktordur. Necəki, bizə öz dünyamızın diqqəti maraqlıdır. Uşaq yaşlarında isə dünya sadəcə ailədən ibarətdir. Belə olan təqdirdə uşaq hansı vasitələrlə diqqət çəkə bilirsə, həmin vasitələrdən davamlı istifadə edir. Məsələn körpəlik dövründə instiktiv olaraq ağlayır, “mənim yardıma ehtiyacım var” deyir. Daha sonra fərqli davranış modelləri də öyrənir. Nəticədə artıq, ailəsini tanıyan, lazım olanda onu diqqət çəkmək üçün istifadə edən bir uşaq qarşımızda olur. Anlayacağınız qədərilə onların hər hansı yanlış davranışlar göstərməsinin də səbəbi yenə ailədir. (Burda bu məqamı qeyd etməkdə məqsədim valideynləri danlamaq, onları günahkar elan etmək deyil. Əksinə bir mütəxəssis olaraq həll yolu təklif etməkdir.) Məsələn ən çox yayılmış problemlərdən biri uşaq valideyn ilə dərs edəndə çox uzun müddət ərzində, bunu ləng şəkildə edir. Valideyn əsəbləşir, şiddət göstərir, öz başına qoyur nəticə dəyişmir. Belə uşaqların valideynlərinin ortaq bir cəhəti də var. Hər zaman “mənim vaxtım yoxdur, amma dərs oxumamasına da dözə bilmirəm. İşimi gücümü atıram, onunla məşğul oluram” deyirlər. Yəni valideyn dolayısıyla uşağına diqqəti sadəcə bu şəkildə verir. Uşaq da artıq bu davranış şəklini öyrənib. Əgər uşaq sağlam bir şəkildə diqqət ala bilmirsə, bunu dolayı yollarla edəcək. Bu bir ehtiyacdır. Ödənilməsi lazımdır. Ona artıq maraqlı deyil ki, mən onu sevilərək aldım, yoxsa acılanaraq. Nəticədə isə sevildiyi düzgün şəkildə qavraya bilməyən bir cəmiyyət üzvümüz də artıq yetişmiş olur. Yəni dərs oxumamaq onun daim diqqətdə qalmasına yardım edir. Niyə onu həll etsin ki? Axı onun buna ehtiyacı var.

Yuxarıda verdiyim sadəcə bir nümunə idi. Nə demək istədiyimi daha praktik şəkildə izah etmək ehtiyacı hiss etdim. Ailə bizim dünya ilə tanışlıq üçün ilkin mərhələdir. Biz onlarla necə davransaq, dünyadan da eynisi tələb edəcəklər. Əgər övladınız üçün hər şeyi etməklə ona yaxşılıq etdiyinizi düşünürsünüzsə, siz olmayan başda siz olmaqla bütün dünyanı günahkar elan edəcək. Çünki zamanında doğru bacarıqları öyrətmək əvəzinə özünüz etmisiz. “Yemək yeyəndə dağıdacaq”, “hələ balacadır, paltarı mən geyindirirəm” kimi cümlələr sizə tanışdır. Bəli onlar sizin arzuladığınız kimi mükəmməl olmayacaqlar. Çünki, biz də belə öyrənmişik. Biz böyüyəndən sonra uşaq olduğumuzu unuduruq. Onlardan böyük gözləntilərimiz var. Niyə? Çünki bizə də belə öyrədiblər. Valideynlərimiz hər zaman bizim üçün ən yaxşısını arzu edirlər. Ancaq istəmədikləri şeylər də etmiş olurlar. Çünki bu istəyimizi reallaşdırmaq metodlarımız uyğun deyil. Bir tərəfdən onun müstəqil bir insan kimi yetişməsini istəyirik. Digər tərəfdən “o xaricə oxumağa getsə, bəs mən nə olacam?” deyirik.

Gəlim əsas demək istədiklərimə. Valideynlər uşaqlarının həyatında düşündüklərindən daha önəmli rola sahibdirlər. Uşağın həyatı bir başa valideynlərin ona və bir-birinə olan münasibətindən asılıdır. Yanlış yanaşmalar, arzuolunmaz nəticələri də özü ilə gətirir. Ola bilər ki, bizə də bir çox şeyi yanlış öyrədiblər. Bu o demək deyil ki, biz də eynisini etməliyik. Valideynlikdən əlavə, bir şəxs kimi özümüzü inkişaf etdirək. Həm öz davranışlarımıza, həm də uşaqların davranışlarına “nə etdi?” sualı ilə yox “hansı səbəbə görə etdi?” sualı ilə yanaşaq. Belə olan təqdirdə biz davranışlarımızın əsl kökünü tapacağıq. Belə olan halda öz həyatımızda bəzi dəyişikliklər edə, eyni zamanda uşaqların həyatına da gözəl toxunuşlar edə bilərik. Beynimizi bir ev kimi düşünsək, ora işıqlı olması üçün yeni pəncərələr qoymaq, otaqları daha səliqəli və yeni dizayna salmaq, divanı, kreslonu (inanclarımızı) dəyişmək, evi havalandırmaq üçün o işıqlı pəncərəni açmaq, evdə ətirli güllər yetişdirmək (fikirlər) bizim əlimizdədir. Unutmayın, o evdə həm biz həm də uşaqlar yaşayırıq. Sağlam yaşayıb, sağlam ölvadlar yetişdirməyimiz diləyi ilə…

Bir şərh yazın