Yeni təqvim ili insanlar üçün hər zaman bir başlanğıc təsiri bağışlayır. Adətən bu başlanğıclar, yarım qoyduqları, edib də bitirə bilmədikləri hədəflərə çatmaq üçün təyin edilir. Əslində isə bunlar başlanğıc deyil, sadəcə davamdır. Əgər bir işi öncədən başlamışıqsa, təkrarda bunu sadəcə davam edə bilərik. Yeni başlanğıc qorxuducu olsa da, davam etmək mövzuya hakim olmaq deməkdir. Buna görə də mən müharibə və karantindən sonra səyahətə çıxmağımı yeni bir başlanğıc yox, sadəcə öncəkilərin davamı kimi görürəm.
Səhər saat 9:40 da Cingirdağın ətəyində idik. Məqsəd Cinqirdağı gəzib, oradan hardasa 7-8 km aralı, dünyanın ən hündür palçıq vulkanı olan Torağaya getmək niyyətində idik. Ancaq orada keşik çəkən polis nəfəri bizim dağa tərəf keçməyimizə imkan vermədi. Sonradan öyrəndim ki, oradan insanlar qaçaq yolla rayonlara gedə bilərmiş. Biz də mümkünsüz olduğunu anlayıb, geri qayıdırdıq. Nə edəcəyimizi bilmirdik. Bizi dəvət edən, bölgənin hər tərəfinə bələd olan fotoqraf Əli Rza isə daha çox məyus olmuşdu. Həm hava çox gözəl idi, həm əhvalımız. Ancaq çarəsizcə maşında oturub, nə edə biləcəyimizi düşünürdük. Bu an Əli təklif etdi ki, bəlkə Qaraquş dağına və Otman vulkanına gedək. Mən bölgəyə ilk dəfə idi ki, gəlirdim. Karantin dönəmində evdə ilişib qalmaq, hərəkətsizlik, üstəlik buralarda hər yeri gəzmək istəyimə baxanda mənim üçün heç bir fərqi yox idi. Nəticədə bütün vulkanları, dağları gəzmək istəyirəm. Meşədi İbad demiş “O olmasın, bu olsun” deyib anında razılaşdım. Əhvalım da yerinə gəldi. Çünki mütləq “filan yeri görməliyəm” niyyəti ilə gəlməmişdim. Məqsəd sadəcə gəzmək idi.
Qaraquş dağının ətəyindəki hissəsi çox dik idi. Amma çox hündür olmadığına görə çətin olmadı. Üstəlik dırmanmaq üçün nə qədər darıxdığımı hiss edirdim. Çox doğma hissləri təkrarən yaşayırdım. Artıq şəhəri unutmuşdum. Təxminən yarım saat sonra dağın Xəzər dənizinə açılan tərəfinə keçməli olduq. Artıq külək çox sürətlə əsirdi. Bura qədər sumkamda olan şərflə papağımı çıxarıb geyindim. Üstəlik kapuşonu da üstündən atdım. Sevindiyimiz yeganə məqam küləyin yandan əsməsi idi. Qarşıdan olsa gəzməyimizi çətinləşdirməsi ilə bərabər, rahat addımlamağımıza da mane olacaqdı. Bir tərəfdən irəlilədikcə ayağımızın altında görünən Sahil qəsəbəsi və dəniz, digər tərəfdən qarşımda gördüyüm, getdikcə yuxarı qalxan yolumuz adamın ürəyini fərəhləndirir. Əli yol boyunca gördüyü kadrları kamerası ilə çəkmək üçün dururdu. Mən və Həsən isə öz aləmimizdə gördüklərimizi telefonumuza çəkirdik.










Müəllif: Əli Rza 
Müəllif: Əli Rza 
Müəllif: Əli Rza 
Müəllif: Əli Rza
Saat 1-dən keçirdi. Qərara aldıq ki, fasilə verək. Öncəsində çay içməyə durmuşduq. İndi isə küləksiz bir yer tapıb yemək yedik. İndiyə qədər ancaq Qafqaz dağlarını gəzən biri üçün, üzərində ağac olmayan alçaq dağlar görmək, eyni zamanda bu ağacların yerində böyük və göz oxşayan mişar daşlarını görmək qəribə gəlirdi. Bütün daşlara oyuncaq mağazasına girən uşaq marağı ilə baxırdım. Təbii ki, bu anları yaşadığım üçün özümü də göyün yeddinci qatında hiss edirdim. Şəkillərdən görəcəyiniz kimi, burada maşın yolu izləri də vardı. Eyni zamanda xeyli sayda mal, qoyun, at izləri də var. Əli bildirdi ki, əsasən Quba tərəflərdən bura qışlaq məqsədi ilə çobanlar gəlir.
Nəhayət növbəti dayanacağımız artıq Otman-Bozdağ vulkanı oldu. Həyatımda ilk dəfə idi vulkan görürdüm. Vezuvi və Klimancarodan fərqli olaraq burada lava əvəzinə palçıq var idi. Yeri gəlmişkən qeyd edim ki, Otman-Bozdağ (digər adı ilə Mod) vulkanı dünyanın ən böyük ikinci palçıq vulkanıdır. Çatan kimi, palçığın içindən maraqlı bir daş tapdım. Qırmızı, içində qızılı rəngli kristallar. Xeyli ətrafda gəzdikdən sonra daşı atdım. Üstümdə gəzdirmək, diqqətimi dağıdırdı. Daha sonra başqa xırda, sadəcə kristal olan daşlar da tapdım. Ancaq məni heyrətləndirən vulkanın ərazisinin quruluşu və radiusu idi. Təsəvvür edin, hektarlarla ərazi şumlanmış kimi görünür. Ancaq bu şumu hansısa traktor səliqəli şəkildə deyil, zərbə dalğası ilə kələkötür şəkildə edib. Bəzi yerlərdə hündür, bəzi yerlərdə dərinə doğru yarğanlar vardı. 1 saata qədər vulkanda qaldıq. Çörək dilimləri kimi doğranmış daşlar, çatların arasında günəşə çıxıb həyata tutunmağa çalışan otlar, əllə doğranmış kimi görünən palçıq layları sanki özündə vahiməli olmaqla bərabər maraqlı nələrsə gizlətdiyinə işarə verirdi.
Havanın tez qaralacağını nəzərə alaraq qayıdarkən bir az iti addımlarla davam etdik. Bir də uzaqdan nə görsək yaxşıdır. Bayaq maşın yollarının kəsişdiyi yerdə mələşən qoyunlar, arxasında isə quzular. Pəəh, deyib biraz kənardan tamaşa elədim. Bəli, insan qoyun-quzu səsi üçün də darıxarmış. Eyni hissi onları otaran çobanın da yaşadığını düşünmürəm. O da yəgin ki, evdə oturub heç nə etmədən vaxt keçirməyə pəəh deyərdi. Salamımı çox soyuq şəkildə alıb, işinə davam elədi. Yəgin ki, gözləmirdi belə qonaqları.
Ardından Qaraquş dağının uzun yalına qalxdıq. Burada külək yenə bizə meydan oxuyacağına and içmişdi. Yaxşı ki, bu dəfə küllək arxadan əsirdi. Ən gözəl qaya nümunələri də elə buradan görünürdü. Günəş isə qış olmasına baxmayaraq istiliyi ilə olmasa da parıltısı ilə özünü göstərirdi. Zatən günü gözəlləşdirən amillərdən biri də havanın aydın və açıq olması idi. Burada bir saata yaxın günün batmasını izlədik. Çoxdan idi ki, gün batımını bu qədər zövqlə və uzun müddətə izləmirdim. Belə gözəl yerdə ac olub yemək yeməmək günah olardı. Ona görə çantamızda olanlarla yenidən yüngülvari yemək yedik. Bu ərəfədə bir-birimizlə daha çox söhbət etmək şansım oldu. Əlini onlayn çoxdan tanısam da, ilk dəfə idi ki, real görüşürdük. Sosial medianın gözəl yanlarından biri də budur. Maraqlı insanlar virtualdan real həyatına daxil olur. Həm də indiyə qədər vauuu deyə baxdığım şəkillərin çəkilmə anını görürdüm. Belə möhtəşəm fotoların müəllifi ilə söhbət etmək, nələrsə öyrənmək həqiqətən zövq verir mənə. Günəş batdıqca bir tərəfdən sevinir, bir tərəfdən yol yoldaşlarıma təşəkkür edir, digər tərəfdən də Allah şükür edirdim ki, belə gözəl hisslər yaşayıram.
Aşağı düşəndə saat 7 yə işləmişdi. Tam 8 saat idi ki, gəzirdik. Çox məmnun şəkildə 16 km gəzməyin yorğunluğunu hiss edirdim. İndi isə yerimdə uzanım çəkdiyim şəkillərə baxmaq, axşama qədər baxmadığım mesaj və bildirişlərə baxaraq çayımı içmək idi. Uzaq səfərlər qadağan olunmuş ola bilər. Ancaq bu bizə hadisələrə başqa tərəfindən baxmağı öyrədir. Məsələn mən 6 ildir Bakıda olmağıma baxmayaraq şəhərdən 1 saatlıq məsafədə olan bu gözəllikləri indiyə qədər görməyə gəlmədiyim üçün yüngül peşmanlıq da hiss etdim. Ancaq öyrəndim ki, insan əslində ətrafına baxıb, onları dəyərləndirə bilsə çox xoşbəxt bir canlı ola bilər. Əhatənizdə olanların fərqində olmağınız diləyi ilə, növbəti səfərlərdə görüşənək. Mənimlə bərabər bu macərada olduğunuz üçün təşəkkür edirəm.































Çox şey itirmiş sayılmırsan. Torağayın da mənzərəsi belə idi. Gözəldir Qaraquş dağı da. Bir məyus olduğum məqam odur ki, Torağayda fərqli olaraq çöl atları və qaval daşları var idi. İnşallah tezliklə ora da gedərsən. Havanın acıq olmağına sevindim. Əks halda hündürlüyə qalxanda külək olmağı təhlükəli ola bilərdi. Fotolar əladır. Wall paper kimi istifadə etmək olar. Təşəkkürlər bizi qiyabi da olsa gəzdirdiyin üçün 🙂
BəyənBəyən
Yenə özümü orda hiss etdiyim yazılarından biri oldu. O qədər gözəl və rəngli təsəvvür edirsənki. oxuduqca zövq aldım. Bakıya yaxın belə gözülliyin olduğunu sayəndə bildim. Günəş batımı şəkillərin isə xüsusi gözəl alınıb. varol
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Çox sağol 🤗 səni oralarda gəzdirmək xoşdur
BəyənBəyən