Biz gənclər olaraq həyatımızın hər anının dadını çıxarmağa çalışırıq. Bəzilərimiz valideyn olandan sonra, bu zövqü uşaqlarına yaxşı nələrsə daddırmaqla əvəz edir. Adətən bunu da özünü ikinci plana ataraq edir. Ancaq tabloya kənardan deyil də, tam qarşısından baxırıq. Belə olan halda isə tablonu tam görməyimiz qeyri-mümkündür. Mütləq ki, nələrisə gözdən qaçırırıq. Bu günki mövzuda isə diqqətdən qaçanlar, görməzdən gəldiyimiz, hal-xətirlərini belə soruşmadığımız yaşlılardır.
Təsəvvür edin: evdə tək və ya ancaq yoldaşınız var. İşdən qoca olduğunuz üçün təqaüdə göndərilmisiniz. İş heyətinə hələ də nələrsə edə bildiyinizi, dolayısıyla işdə qalmaq istədiyinizi göstərdiniz. Amma “65 yaşdan yuxarı olanların evdə oturması lazımdır” dedilər. Siz isə hər səhər saat yeddidə qalxıb, tələsik səhər yeməyini yeməyə oturanda yadınıza düşür ki, mənim artıq işim yoxdur. Artıq kiməsə lazım deyiləm, heç kim işə gəlməməyimlə maraqlanmayacaq. Sizdən nə istədiyinizi belə soruşmurlar. Hər kəs evdə oturacağınıza görə sizi xoşbəxt zənn edir. Düşünə bildiniz mi? Ağır gəldi hə? Mən bir o qədər də düşünməmişdim. Ta ki, kitabı oxuyana qədər. Çox zaman düşünürdüm ki, yaşlansam, onda düşünərəm. Amma hər bir insan yaşlanmaq, həyatın hər çağını görmək istəyir. İndiki təlaşlarımız o qədər gözümüzü bağlayıb ki, uşaqlara baxanda özümüzü, özümüzə baxanda yaşlıları unuduruq. Təəsüf ki, belədir. Mən də kitabı oxuyarkən bunun əksi olduğunu, ən azından belə olmadığını özümə sübut etməyə çalışdım. Kitabı oxuduqca sübutlarım gerçəkliklərin qarşısında aciz qaldı. Özümü sadəcə axışa buraxdım.
Gələk kitabın özünə. Bayaqdan təsirlərindən danışıram. Kitab Mathea və Epsilon adlı yaşlı ər-arvadın gündəlik həyatından bəhs edir. Əsər Matheanın dilindən nəql olunur. İsveçdə yaşayan bu ailə bir-biri ilə çox yaxşı ünsiyyətə sahib olsalar da, ətrafdan heç kəs demək olar ki, onları görməzdən gəlir. İş o yerə çatıb ki, Mathea başqa insanlarla ünsiyyətə girərkən həyəcanlanır. Mümkün qədər insanlarla danışmır. Bütün həyatından bezmək həddində olan Mathea özü üçün nələrsə etməyə çalışır. Ancaq vaxt sanki dayanıb onun üçün. Epsilon da işdən çıxarılmasını hələ qəbul etməyib. Arabir başqa insanlara yardım etmək üçün belə olsa evdən çıxır. Axşamlar evə qayıdır.
Nəyi bəyəndim:
- Kitabın hər addımı fərqindəlikdir. İnsanın öz düşüncələri ilə ünsiyyətindən tutmuş, kənarda axan insan selinə münasibətə qədər.
- Hissləri çox gözəl, detallı izah edir.
- Müəllif göstərmək istədiyini nəsihət kimi deyil, bədii şəkildə göstərir. Daha doğrusu oxuduqca hiss edirsən
Nəyi bəyənmədim: İlk başlarda monoloq olmasından sıxıldım. Ancaq sonra öyrəşdim. Həmin ərəfədə özümü bir az məcbur etməli oldum.
Nə öyrəndim? Gənclik çox sürətlə keçir həqiqətən, iş, karyera, dostlar, ailə, uşaqlar, səyahət, hobbilərə o qədər başımız qarışır ki, bir də baxırıq 45-50 yaşlarındayıq artıq. Ancaq eyni sürətlə davam etməyə çalışırıq. Ancaq bu ana qədər bizə xidmət edən bədənimiz, bizdən daha çox qulluq tələb edir. Qısa vaxt üçün gələcəyimizi düşünürük kimi gəlir bizə. Ancaq əsl gələcək yaşlılıqdır. Bundan heç kim qaça bilmir. Yaşlılığımızı düşünək deyəndə yaxşı pensiya alacağımız iş, rahat yaşayacağımız evi nəzərdə tutmuram qətiyyən. Demək istədiyim, gəncliyi doya-doya enerjini hiss edərək, öz xeyrin üçün xərcləmək, özünə sağlam və daim inkişaf edə biləcəyin bir çevrə qurmaqdan bəhs edirəm. Gələcəkdə pensiya üçün yox, indi sevdiyimiz üçün gördüyümüz işlərə baxaq, onlarda özümüzü sınayaq. Hər kəs kiçik bir kafe və ya kitab mağazası açıb, qocalığını orda keçirəcəyini xəyal edir. Bunun üçün mütləq qocalmalısan mı? Yaxud da səyahət etmək, özünə, hobbilərinə vaxt ayırmaq, mütləq tətil, karantin, pensiya dövrü üçün keçərlidir? Özünü tək bir işi ilə reallaşdıra bilmiş insan, işi itirdikdə hər şeyini itirmiş sayılır. Çünki özünü dəyərli hesab etdiyi başqa bir sfera yoxdur. Özünə qayğı, xüsusi günlər deyil, hər günki işdir. İnkişaf qəbrə qədər davam edən prosesdir. Yaşlandığınızda belə özünüzü dəyərli hiss etməniz diləyi ilə
Kitabı oxumamışam. Amma necə lazımdı kitabı anlatdın. Fikirlərinlə tam razıyam. O qədər başımız məqsədə, hobbiyə və s. qarışıb bəzən ətrafımızı belə görə bilmirik. Arada məqsədlərinə fokuslananların əsas məqsədləri olan yaşama məqsədlərinə də fokuslanmalarını görmək çox xoş olardı. Fikirlərini bölüşdüyün üçün təşəkkür edirəm.)
Bəyəntərəfindən bəyənildi 2 şəxs