Əmbil gölü- Şabran

Bütün yayı səyahətlərdə keçirdiyim üçün Bakıya dönüşümdə də yenə hər həftəsonu səyahətə getmək ehtiyacı hiss edirdim. Ancaq 6 aydan sonra yenidən iş mühitinə qayıtmaq, sərbəst, səssiz kənd mühitindən çıxıb şəhərə uyğunlaşmaq bir az çətin oldu. Amma gəlmədən öncə özümü buna hazırlamışdım, üstəlik buranın da müsbət tərəfləri üçün darıxmışdım. Ona görə qəbul etmək çox da uzun çəkmədi. Sentyabrın ikinci yarısında artıq planım hazır idi.

Səhər 7 də maşının bizi götürəcəyi yerdə idik. Gecə gunorta yeməyini hazırlamaq üçün gec saata qədər oyaq qalmalı oldum. Ona görə maşına minən kimi yatmağı düşünürdüm. Səyahət maşınıdırsa, bu kimi planların suya düşməsi özünü çox gözlətmir. Qoşulduğumuz qrupla ilk dəfə idi gedirdim. Elvini fərqli marşurutlarda görsəm də, ilk dəfə idi ki, 11 nömrəni seçmişdim. Yeni nələrsə sınayanda sadəcə olacaqları görməyə çalışıram. Özümdə yüksək gözləntilər qoyub, olmayanda frustrasiya yaşamaqdansa anında baş verənləri olduğu kimi qəbul etmək daha rahatdır. Spoiler kimi olacaq, amma demək yerinə düşər,çox əla keçdi. Qrup üzvləri çoxusu öncəki turlarda bir-birilə tanış olmuşdular. Ona görə ortam çox səmimi idi.

Bu turun digərlərindən əsas fərqi də o idi, tura tək yox, sevgilimlə gedirdim. Gördüyüm işlərlə, hobbilərlə maraqlanması, yanımda olması ayrı bir həyəcan verir. İkinci məqam Əmbil gölü çox məşhur və marşurutu yaxın olsa da ilk dəfə idi gedirdim. Payızda ən gözəl olan yerlər sözsüz ki, göl kənarlarıdır. İki il öncə Qaranohurda da bunun şahidi olmuşdum. Hər rəng görmək mümkündür. Şəhərdə eyni rəngdə bina, maşınlar, eyni ifadəsiz simalı insanları gördükdən sonra bu rəngarənglik insan ruhunu yeniləyir. Aid olduğun yerdə olduğunu hiss edirsən. Zeyvə kəndindən Qaz-66 ilə maşın olunun mümkün olduğu yerə qədər getdik. Hardasa 1 km qədər yolu piyada getdikdən sonra gölə çatdıq. demək olar ki, heç yorulmamışdım. Elə bu? deyə bir səs gəldi içimdən. Əsas hədəflərimdən biri daha çox gəzib fiziki yorulmaq idi. Böyük qruplarda çoxluğa tabe olmaq şərtdir. Üstəlik göl kənarında da gəzmək şansım var. Əvvəllər olsa, buna görə pis olardım. Ancaq heç əhvalımı pozmadan gölün ətrafı ilə tanış oldum. Gölə sallanan ağacla gölün müəyyən hissəsinə qədər getdim. İçinə düşsəm əlavə paltarım yox idi. Amma bunu ancaq indi düşünürəm. Orda olanda sadəcə sınamaq istəyirdim.

Daha sonra gəldiyimiz qrupun olduğu yerə gəldik. Artıq acmışdım. Həm təmiz hava, həm istədiyim məkanda olmanın verdiyi məmnunluq, həm də dünən axşam yeməyi hazırlayarkən ta indiyə qədər necə yeyəcəyimi xəyal edirdim. Ona görə ocağın ətrafında öz yerimizi aldıq. Digərləri bizdən bir az tez günorta yeməyinə başlamışdılar. Özüm hazırladığımı yemək hər zaman zövq verir. Yemək bişirməyi sevən adamlar adətən sadəcə prosesdən həzz alır. Ancaq mən necə deyərlər axıra qədər görürəm. Təbii ki, belə əhvalda biraz yuxulamaq da əla olar. çox yox hardasa 20-25 dəqiqə uzandım. Çayın qaynama xəbərindən sonra yata bilmədim. Termosda özümlə çay aparsam da, ocaq çayının dadını heç nə vermir.

Bundan sonra tək başına göl kənarına gəzməyə çıxdım. Göl həqiqətən adamı valeh edir. Quşların səsi, bir az yüksək səslə danışanda səsinin meşədə verdiyi əks-səda, payızın rəngarəngliyi, suyun təmizliyi insanı fərəhləndirir. Biz insanlar, təbiətin bir parçasıyıq. Amma özümüzü təbiətdən uzaq, komfortlu dediyimiz şəhərlərə həbs etmişik. İnsan yalnız təbiətlə iç-içə olanda özünü tam hiss edir. Bu yay başa düşdüyüm ən dəyərli şeylərdən biri də bu oldu. Təbiətə çıxana qədər insan bunu hiss etmir. Ancaq istənilən səyahətsevərdən soruşsanız, eyni cavabı verəcək. “Buna ehtiyacım var.”

Telefonla danışıb cibimə qoymuşdum ki, çox tanış bir sima ilə qarşılaşdım. Gözümü ovuşdurub təzədən baxdım. Özüdür ki, var- Toğrul. Sən demə gecədən gəlib, kiçik bir qrupla gəlib capm edib göldə. Artıq aşağı düşürdü. Əşyaları çox idi. Təklif elədim ki, bərabər düşürək. Həm söhbət edərik, həm də yardım etmiş olaram. Amma qrupla gəldiyim üçün buna özbaşıma qərar verə bilməzdim. Ona görə tur rəhbərinə vəziyyəti bildirdim. Onsuzda Toğrulu tanıyırdılar. Mən, Toğrul və Nəzrin qrupdan öncə düşdük. Yolda hiss etdiklərimizdən, payız üçün gəzinti planlarından danışdıq. Tez düşdüyümüzə görə yaxınlıqdakı şəlaləyədə baş çəkmək şansımız oldu. Amma biz qrupla birgə qayıtmaq üçün şəlalədən çatan kimi geri döndük. Qrup artıq maşınlara qalxırdı.

Bakıya dönüş üçün gəldiyimiz maşına çatanda artıq yorulduğumu hiss edirdim. Gecə az yatmağım öz sözünü deyirdi. Amma maşında da yata bilmirdim. Bu əhvalıma mənfi təsir etsə də yaşadıqlarım anda qalmağıma kömək elədi. Yeni insanlarla tanışlıq, fərqli bələdçilər, karantində olan şəhərdən tura getmək, əslində nə qədər şeyə sahib olsaq da fərqində olmadığımı mənə yenidən xatırlatdı. 11 Nömrəyə də çəkdikləri zəhmətə, qurduqları səmimi mühitə görə təşəkkür edirəm. Yeni səfərlərdə görüşmək ümidi ilə #özdünyanıkəşfet

Əmbil gölü- Şabran” üzərinə bir şərh

  1. Yazını oxudum və hər zamanki kimi özümü ordaymış kimi hissi aldım🤩
    Və qısaca bizə həqiqətən təbiətin yetəcəyini çox gözəl vurğulamısan👏👏👏

    Bəyən

Bir şərh yazın