Son zamanlar uşaqlarla ən çox rast gəlinən problemlərdən biri də uşaqların məktəbə getmək istəməməsi ilə bağlıdır. Bir çox uşaqlar ya istməyərək gedir, ya da ümumiyyətlə məktəbə getməyi rədd edir. Nə qədər məktəblə bağlı mükafatlar, sözlər verilsə də uşaqlar getməməkdə israr edir. Bu da onların proqramdan geri qalmalarına, uşaqlara uyğunlaşmamalarına gətirib çıxarır. Son olaraq uşaqlarla bağlı bütün stuasiyalarda olduğu kimi burada da əsas əziyyəti valideynlər çəkir. Bu məsələ ilə bağlı bəzi detalları açığa çıxarmanın doğru olacağını düşündüm. İlk öncə səbəblərindən başlayaq.
Uşaqlar birmənalı olaraq tanımadıqları mühitlərdə narahat hiss edirlər. Əlavə olaraq ailədə daha çox diqqət mərkəzində olan uşaq bilir ki, kənarda bu diqqəti, güzəştləri əldə edə bilməyəcək. Ona görə də hər vəchlə ev mühitindən qopmaq istəmir. Əgər uşaq getmək istəmədiyi halda valideyn güzəşt edirsə, uşaq dirənməkdə davam edir. Digər bir səbəb isə uşaqlar niyə məktəbə getməli olduqlarını bilmirlər. Bəzi valideynlər isə məktəb və bağçanı uşaqdan qurtulma şansı kimi dəyərlədirirlər və ya uşaqları cəza olaraq apardıqlarını dilə gətirir. Bu vəziyyətdə də onlar kollektivə qoşulmağı rədd edirlər. Sonrakı səbəblərdən biri qoşulduğu hər hansı kollektivdən rədd cavabı alan və ya kollektivdə özünə yer edə bilməyən uşaq növbəti kollektiv cəhdini qəbul etmir. Bu səbəblər ən çox rast gəlinən və baş vermə faizi ən yüksək olanlardır. Səbəbləri ilə tanış olandan sonra həlli üçün müəyyən məqamlara baxa bilərik.
Valideynlər nə etməli?
İlk öncə uşaqla bərabər bu dirənişin səbəbini aydınlaşdırmalı(soruşaraq). Daha sonra məktəbə nə üçün getməli olduğu barədə motivasiya verməli(hər iki valideyn bu məsələyə həssas yanaşsa daha effektiv olar). Bu prosesin sırf onun inkişafına xidmət etdiyini, onun məktəbə getməyi valideyn üçün də ağır olduğunu və edə biləcəyi hər hansı bir şey olmadığını başa salmalı. Son olaraq hər gün dərs bitən kimi onu gəlib götürəcəyini dilə gətirməlidir. Müəllimlərin də bu məsələdə həssas olmaları şərtdir. Uşaqlara dərsi sevdirmək üçün müxtəlif əyləncəli qrup fəaliyyətləri təşkil etməli, uşaqların bir birinə və sinif ortamına uyğunlaşmaları üçün səy göstərməlidir. bütün bunlarla bir fayda əldə olunmadıqda, məktəb psixoloquna bu vəziyyəti bildirməli və prosesi onunla birlikdə təşkil etməyə çalışmaq məqsədəuyğundur.