Çöküşün başlanğıcı – Mart ayının 2-si artıq karantin rejimi elan oldu. Həmin gündən sonra 12 gün saflıqla oturub evdə karantinin qutaracağını gözlədim. Mart ayının 15-ə qatar üçün bilet aldım (hələ qatarlar işləyirdi).Gedərkən 2 aylıq hazırlıqlarımı görmüşdüm; kitab, paltar, ləvazimatlarım. Çünki karantinin yenə uzanacağını hiss edirdim. Sonradan bu qərarıma həddindən artıq sevinəcəkdim. Gedəndən sonra bir neçə gün evdən çıxmadım. Evdə qal, çağırışına vətəndaş olaraq riayət edirdim. Ancaq vaxt keçdikcə bu mənfi təsir etməyə başladı. Bir tərəfdən işsizlik (evdə kitab oxumaq, həyətdə iş görmək var idi, sadəcə standart öyrəşdiyim kimi deyildi), digər tərəfdən qeyri-müəyyənlik və qadağalar insana mənfi təsir edir. Həmin vaxt dostlarla insanların olmadığı yerlərə getməyə çalışdım. Cəmi bir dəfə çaya balıq tutmağa getdik. 2 gün sonra isə evdən çıxmaq qadağası tətbiq olundu.
“Biganə Qalma” – Havalar hələ də soyuq keçir. Evdən məcbur olmadıqca çıxmıram. Həmin vaxt bütün ölkə üzrə bütün iş yerləri bağlanmışdı. Günəmuzd çalışan insanlar üçün bu ac qalmaq deməkdir. Həmin vaxt içlərində dostlarımın da təşkilatçı olduğu “Evdə qal, Biganə qalma” aksiyası başladı. Mənimdən internet üzərindən edə biləcəyim mesajlara cavab vermək, anket doldurmaq kimi işlər gəlirdi. İlk 3 gün düzgün yemək yeyə bilmədim. Hər dəfə yemək deyəndə o insanların yazdıqları mesajlar, vəziyyətin çox acınacaqlı olduğunu hər dəfə yadıma salırdı. Ehtiyaclı insanların olduğunu bilirdim. Amma bu qədərini təsəvvür etmirdim. Bir tərəfdən kimlərəsə yardım edirdim deyə sevinirdim. Digər tərəfdən isə kömək gözləyən minlərlə ailə. Bu hiss qarışımı bütün çalışdığım 40 gün ərzində mənimlə oldu.
Dibdəyəm – Aprel ayının 23-dən Ramazan ayı başlamışdı. Son 3 ildə Ramazan ayında gecə oyaq qalır, imsakdan sonra yatırdım. Ödənməyən yuxu saatlarını da işdən sonra kompensasiya edirdim. Bu il işə getmədiyim üçün bunu tam şəkildə edirdim. May ayının 6-sı gecə hardasa 3 olardı əmimoğlu zəng elədi. Atan gili də durğuz mən gəlib götürəcəm dedi. Ağlıma ilk əmim gəldi, şəkər və təzyiqdən əziyyət çəkir. Bir də eşitdim anamgil artıq durublar. Ona da digər əmimoğlu zəng edibmiş. Atama demişdi ki, Qafar(əmimoğlu) xəstədir. Xəstə olanda gecənin bu saatı çağırmazlar. Alışdırma olduğunu da bilirdim. Amma inanmıram hələ də. Atam kənarda gözlədi. Yağış da elə yağır, tut ucundan göyə qalx. Səhər 11 ə dək elə də davam elədi. Zəfər gələndə artıq vəziyyət tam aydın oldu. Məndən başqa hər kəs ağlayırdı. Onlara çatana qədər də elə davam elədi. Mən nə qədər ürəyi bərk adamam, birlikdə böyüdüyün, hər şeyini paylaşdığın adam artıq yoxdur, amma sənon gözündən bir damla yaş gəlmir. Bu arada ekspertizadan gələn cənazə mənimlə bir evə girdi. Artıq ayaqlarım boşaldı, gözlərimdəki yaşın isə nə vaxt axmağa başladığını hiss etmədim belə. İndi düşünürəm ki, mən gözümlə görənə qədər sadəcə olaraq inanmırdım. Görəndə belə ayılacağını gözləyirdim. Ta ki, üstünə öz əlimlə torpaq atanadək. Həmin 72 saat ərzində 12 saatdan biraz çox yatmışdım. Orucuma da davam etdiyim üçün bədənim artıq tükənmişdi. Növbəti günlərdə nisbətən toparlandım. Ən azından ölümü qəbul etmişdim. Eyni zamanda mənim də bir an sonra olmayacağımı başa düşdüm.
Toxumların cücərməsi – İtkini qəbul etmək çox çətin məsələdir. Xüsusi dəyərləri olan insanlar üçün bu digərlərinə nisbətən rahat olur. Mən müsəlman olduğum üçün, sadəcə bir müddət (mən ölənə qədər) bu dünyada itirdiklərimdən ayrı qaldığımı logik səviyyədə başa düşürdüm. Ancaq emosional səviyyədə hələ də hüznlü idim. Acının da zamanında yaşanmalı, hiss edilməlidir deyə düşünürəm. Həmin vaxtlarda ən çox düşündüyüm isə, mən də öləcəm və beynimdəki hər şey yarım qalacaq. Bu düşüncə ilk başda adamı dəli edir kimi görünür. Amma zamanın məhdud olduğunu bilərək nə qədər mənasız işlərə zaman ayırdığımı, sevdiyim işləri, sevdiklərimlə vaxt keçirməyi, yeni insanlarla tanış olmağı, hobbilərimə vaxt ayırmağı, özümə vaxt ayırmağı mənasız özümüzə qoyduğumuz qaydalara görə ertələdiyimi də dərk edirəm. Bu isə indini yaşamağa, nəfəs aldıqca hər şey üçün vaxt var fikri ilə hərəkət etməyə sövq edir. Bu ilin başlanğıcında etdiyim fəaliyyətlərlə insanlara istiqamət vermək üçün #özümdənbaşlayıram sloqanı ilə səyahət, kitab və ixtisas haqqında təcrübələrimi paylaşırdım. İndi bu işi görmək üçün daha geniş baxış bucağı qazandım. Bundan sonra sloqanım #özdünyanıkəşfet dir. Özümdən başlayıram isə ondan sonrakı mərhələ olaraq davam edir.
Dibə çatanda gedəcəyin tək yer yuxarıdır – Ondan sonra onlayn seanslar, gəzintilər, dostlarla görüşlərimi bərpa elədim. Eyni zamanda “Kreşendo” fərdi inkişaf marafonuna qoşuldum. Qrup işləri, kollektivin münasibəti, hər gün etmək üçün qoyduğum hədəfləri etməyimə həvəsləndirdi. İndiyə qədər heç fikir verməsəm də artıq filmlərə baxmağa başladım. Bu bir yerdə bir az da diqqətimi dağıdırdı. Bir növ ehtiyacdan dolayı oldu. Ondan sonrakı gəzintilərimi blog şəklində köhnə yazılardan oxuya bilərsiniz. İndi isə karantin dövründə qazandıqlarımı siyahı halına saldım. Həm özüm üçün xatirə, həm də digər insanlar üçün motivasiya olar deyə düşünürəm.
- 8 kitab oxudum.
- 5 serial, 4 filmə baxdım.
- 2 onlayn kurs bitirdim.
- İlk dəfə onlayn konsultasiyalara başladım hələ də davam edirəm.
- Biganə qalma komandası ilə 1 ay könüllü olaraq ehtiyaclı ailələrə ərzaq paylanmasında iştirak etdim.
- İndiyə qədər cəmi 3 gün davam edən hər gün idman seriyamı 45 günə qaldırdım.
- İlk dəfə canlı yayıma qoşuldum, 3 vebinar verdim.
- İlk dəfə zirvəyə (Samalit 3458m) , eyni zamanda 3000 metr yüksəkliyə qalxdım.
- İlk dəfə 3 gün dağda tək qaldım.
- İlk dəfə şimşək çaxması və göy qurşağını lentə ala bildim.
- İştirakçısı olaraq ilkinə qatıldığım “Kreşendo” fərdi inkişaf marafonun mentoru oldum. Eyni zamanda psixoloqlar üçün mentorluq programımı başlatdım.
- 17 blog yazdım.
- Birdə 16 il sonra yenidən it sahibi oldum. İndi artıq böyüyür.
Bütün bunları nə üçün yazdım deyə sual oluna bilər. Pandemiya 100 ildə bir görülə bilən hadisələrdəndir. İlk başlarda nə qədər evdə qalacağımıza sevinsək də, 15-20 gündən sonra artıq divarlar üstümüzə gəlməyə başladı. Əslində etdiyimiz fəaliyyətlərlə nə qədər xoşbəxt olduğumuzu, həyatımızın əslində necə rəngarəng olduğunu anladıq. Artıq karantindən sonra heç kim əvvəlki kimi olmayacaq. Hər kəs özü üçün hansısa itkilər, qazanclar əldə edib. İndidən sonrasını daha fərqində olaraq yaşamaq ümidi ilə #özümdənbaşlayıram. Paylaşmağa, öyrənməyə, dərk etməyə.
30.08.2020 Zaqatala