Qas kəndinə çatanda, maşının dayanmasından istifadə edib, yola piyada davam etdik. Bundan sonrakı dayanacaq artıq Alıbna Suvagil (Yuxarı Suvagil) idi. Məntiqi olaraq maşından tez çatdıq. Bura gələn hamının tanıdığı, gəlməyənlərin gələnlərdən eşidib öyrəndiyi cökə ağacının altında su içib dincimizi aldıq. Bundan sonra maşın artıq gəlib bizə çatdı. Maşından ərzağımı götürəndə artıq bəzilərinin şirəsi axırdı. Evə gəlib əşyaları yerləşdirdim. Su doldurub ocaqda çay qoydum. Əhməd də stolu hazırladı.

Ev deyəndə kiçik bir eyvanı olan, içində bir metr yüksəklikdə taxtı və stol, qab-qacaq şkafından ibarət kərpicdən hörmə balaca bir evcik deyək. Çobanlar veş üçün düşəndə burada yemək yeyir, ardınca yenə bağlayıb gedirlər. Hər fermanın belə bir evi var. Arxasında çay, qarsında sıx meşəli təpə var. Pənahla (əmimoğlu, həm də ev sahibi) birgə hansı yemək olduğunu düşünmədiyimiz(günorta olmamışdı hələ) yeyib, biraz daha yuxarı, tarixi köhnə Suvagilin qalıqları olan yerlərə yollandıq.



Qəbrlərin çox hissəsini çay aparmışdı. Elə kəndin köçürülmə səbəbi də bu idi. Çünki artıq çay balaca olan dağ döşündə kəndin çox ərazisini yumuşdu. 1953 cü ildən başlayaraq köçürülən və 12 il davam edən köç prosesinin sonunda, hazırda 1300 dən çox evi olan bir kənd salınıb. Orda da artıq ev tikmək üçün torpaq bitib. Alternativ olaraq, Zaqatala şəhəri, Bakı və Rusiyanın müxtəlif vilayətlərinə köçürlər. Bu ərazidən görünən mənzərələr isə möhtəşəmdir.


















Artıq Əhmədin gediş vaxtı idi. Mən də bələdçilik etməyimin verdiyi məmnunluq, gəzintimin sevinci, havanın sərinləşdirici təsirindən zövq alaraq gəlib evdəki hər şeyi sudan keçirdim. Ortalığı səliqəyə saldım. Özümə yemək hazırladım. Neft lampasına baxmaq yadıma düşəndə artıq hava qaralırdı. Ona görə də fənərlə keçinmək məcburiyyətində qaldım. Səhər baxaram deyib yemək yedim. Çay içdim. Yatsı namazını da qılıb bir az oturdum. Saat hələ 11 in yarısı idi. Arada hürən itlər və çay səsindən başqa bir səs yoxdu. Telefonda mobil rabitə əlaqəsi yox, işıq yox. Tam sakitlik yəni. Bir xeyli oturub tamaşa edəndən sonra yerimə keçib yatdım.


Səhər hələ 8 idi. Artıq gün qalxmışdı. Yavaş-yavaş yoluma davam elədim. Aşağılar çox dik yoxuş idi. Başqa yollar da mümkün idi. Amma yol gedərkən görəcəyim mənzərələr üçün bu yolu seçdim. Hardasa 40 dəqiqə gedəndən sonra su içmək və video çəkmək üçün fasilə verdim.




Daha sonra yoluma davam etdim. Yenə hardasa 25 30 dəqiqə gedəndən sonra mobil rabitəni açmaq qərarına gəldim (set axtarışında enerji itirməsin deyə uçuş rejiminə qoymuşdum.) Narın dalğası tuturdu,cəmi bir xətt, biraz da yuxarı qalxdım. Sağa doğru, yəni aşağı kəndlərə doğru dalğa daha güclü idi. Burdan yuxarı dalğa 4G olaraq davam etdi. Xeyli sayda video şəkil göndərdim. Burda set tapdığıma sevinmişdim ki, yuxarıdan çox yaxındaymış kimi it səsləri eşitdim. Elə bildim məni görüblər, bir ağacın altına keçdim. O an min fikir beynimdən keçdi. İçimdən bir hiss, “Sənin nə azzarın var burda? özü də tək başına” deyirdi. “Sənə nəsə olsa kimin xəbəri olacaq? Ölüb qalacaqsan burda” qəlibdən fikirlər beynimə hakim idi. Dedim yaxşı, indi düşüm aşağı, bura qədər qalxmağımın nə mənası olacaq. Yaxud da zirvəyə çatmadan geri dönsəm, evə gedəndə özümü necə hiss edəcəm. Əlimdəki ağaca da baxdım. Qərara aldım ki, nə olur olsun davam edəcəm. Bu arada itlər mənim hədəf olaraq seçdiyim zirvədə idi.

Burda ənənəvi dağ gülləri buketimi yığandan sonra yavaş-yavaş yola davam elədim. Kəkotu axtarışındaydım. Amma hamısı quraqlıqdan yanmışdı. Mənə qalan dağ nanəsi və dazıotu oldu.

Düşünürdüm ki, zirvənin digər tərəfində fermalar var. İtlər də otarılan qoyunlarla gəzəndə bəzən uzağa gedə bilir. İki dəfə yol olmayan, hər iki tərəfi sıldırım və sürüşkən daş tozundan olan yerlərdən keçdim. İtlər qədər olmasa da burda da biraz qorxdum. Amma bu kimi hadisələr yürüşü daha yadda qalan edir. Zirvəyə doğru yol daha dikəldi. Mən də artıq həm günün istisindən, həm də hərəkətimdən, su kimi tər içində idim.

Zirvəyə çatanda içimdə fərəh, qürur, şükür hissləri bir birinə qarışmışdı. İlk dəfə idi belə bir yerə tək çıxırdım. İtləri də yenə uzaqdan gördüm. Fermalarında idilər. Amma buradan yuxarı bir neçə ferma da var idi. Çobanların qoyun sağımında olduqlarını danışdıqlarından aydınca eşidirdim. İtlər zirvədə məni görəndən sonra hürsələr də baş qoşmadılar. Bir ara gəlsələr üstünə çıxmaq üçün ən yaxın ağacın harada olduğuna baxan yerdə tapdım özümü. Burada xeyli oturdum. Hardasa yarımsaat. Günəş qollarımı və boynumu yandırmışdı. Günün altında olsa da oturdum. Anın dadını çıxarmaqla məşğul oldum. Aşağıda ağlıma gələn fikirlə qulaq asmadığım üçün ayrıca məmnun idim. Bütün ətraf kəndlər və yaylaqlar gözümün qabağında, arada qalxan sərin meh, qoyun və it səsləri, yuxarıda gördüyüm mənzərələ baxıb yeni marşrutlar fikirləşərkən vaxtın ne keçdiyindən xəbərim olmadı.





Daha sonra qalxdığım kimi yavaş yavaş düşdüm aşağı. Yenə şəkil və videolarda dayanırdım ancaq. Bəzi yerləri keçəndə həqiqətən mi belə yerlərdən keçmişdim deyə düşünürdüm. Çünki yuxarı qalxanda ancaq zirvəni görürəm. Və haradan çıxdığıma çox da fikir vermirəm. Amma düşəndə hər addımı hesablamalıyam, ola biləcək səhv mənim uçurumdan uçmağımla nəticələnə bilər. Öncəki təcrübələrim olmasa, nə tək çıxmağa cürət etməzdim. Nə də çıxsam salamat dönə bilərdim. Aşağı çatanda artıq saat 1 idi. Yemək yeyib, doyunca çay içdikdən sonra uzandım. Aşağıdakı kənddə olanda günorta 1 saat budilnik qoysam 3 saat yatıram. Burda 2 saatlıq qoydum. 1 saata oynadım. Halbuki gecə 6 saat yatmışdım, dünən də yaxşı yorulmuşdum. İkindi namazını qılıb, çayımı evin önündə oturub içdim. Mənzərəyə tamaşa etmək, ocaqda bişən çayın ləzzəti, bu gün qaldığım zirvəyə baxanda içimi bürüyən fərəh hissi ilə 1 saata yaxın bu ləzzətə davam elədim. Burada hər gün çox həyəcanla düşündüyüm şeylərin heç bir ağlıma belə gəlmədi.


Daha sonra, Şıxəmirin nənəsigilə getdim. Bura gəlib, tanıdığın adamlara baş çəkməsən çox inciyirlər. Saleh müəllimi görmüşdüm. Elçinin də nənəsi burda yox idi. Bakuzar nənə yenə incidi ki, sən niyə indiyə qədər gəlməmisən. Heç olmasa günorta gələrdin. Onlarda qalmağımı da israrla təklif elədi. Ancaq səhər yola çıxacam deyə evə qayıtdım. Güzəranından, fəaliyyətlərindən, buradakı çətinliklərdən xeyli söhbət elədik. Yaşlı adamları dinləməyi çox sevirəm. O ki, ola hər günü belə yerdə yaşayıb, yaşlanmağına baxmayaraq fəaliyyətinə davam edən insanlar. Yeri gəlmişkən qeyd edim, yayda bura gələnlər mal-qara, və bostanla da məşğul olur. Düzəndə bitən böyürtkən budada hələ kaldır. Çox şeylərin yetişməsi gecikir.



Saat 11 ə qədər çəkdiklərimə baxdım, çöldə oturub çay içdim, çayın səsini dinlədim. Boynum o qədər yanıb ki, nəsə hərəkət edəndə ondan icazə alıram. Bu gün artıq lampam yanır. Lampa məni uşaqlığıma aparır həmişə. Kənddə jər axşam işıqlar kəsilirdi, lampa işığında oturub oyun oynayardıq.

20 iyul 2020
Bu gün səhər durub çay içim yeməyimi yedikdən sonra, çantamı topladım. Evdən çıxanda saat 6:30 göstərirdi. Düz kəndimizə qədər piyada gedəcəkdim. İlk iki saatı çox rahat gəldim. Gün qalxandan sonra artıq dünən yanmış yerlər təzədən acımağa başladı. Mənə baxmayın, peşmanam, özünüzlə günəş kremi götürün. 8 dəfə çayı keçdim.
Yolda nə qədər insan, at arabası, motosikl, maşın, su yemək təklif etdi. Sudan başqa digərlərini qəbul etmədim. Özümlə götürdüyüm su az qala qaynayırdı. Qas, Qarqay, Qalal, Əzgilli, Cımcımax, Sabunçu, Ələsgər, Yuxarı Çardaxlar, Mamrux, Kələl və nəhayət Gözbarax kəndini də keçəndən sonra bizim kəndin yoluna çatdım. Burda artıq “Bəlkə kəndə gedən maşınlardan birinə minəsən” beynimdə fırlanırdı. Amma minmədim. Bircə sumkamı verdim. Çünki artıq çiyinlərimi kəsirdi. Kəndin başındakı artizanda son dəfə nəfəsimi dərmək üçün durdum. Ardınca evə qədər davam etdim.
Bu 3 gün ərzində öz sərhədlərimdən kənara çıxdım. İtlərin səsini eşidəndən sonra ağlıma gələn fikirlərə qulaq asmadan öz hədəflərimə doğru baxacağıma söz verdim. Belə hallarda hər dəfə bunu xatırlamağa çalışacam. Yol boyu asvalt yola çıxanda, sumka çiyinlərimi kəsəndə təkcə onu düşünürdüm. Dünən elədim. Bu gün də edə bilərəm. Sadəcə işinə, getdiyin yola bax. Telefona baxmağa çalışdım. Gəldiyim yol məni arxayn etməsin deyə addımsayara cəmi iki dəfə baxdım. İkinci dəfə baxanda belə bir rahatlıq hiss edəndə qərar verdim buna. 30 km, 42000 addım təkcə bu gün, ümumiyyətlə isə 3 gün ərzində 80000 addım 57 km yol qət etdim. Bu mənim həyatımda ilkdir. Tək səyahətə çıxmaq barədə həmişə qorxulu düşünmüşəm. Bu dəfə əksini elədim. Çox məmnun şəkildə bitirdim. İndiyə qədər məni nələr xoşbəxt edibsə, əksəriyyəti öz komfort zonamdan kənarda olmağım sayəsində olub. İndi özümü yenilənmiş kimi hiss edirəm. Ayın 17 si düşündüyüm heç nə məni narahat etmir. Sağlam olun. Özünüzü tanımaq üçün düşüncələrinizdən kənara baxın. Həyat ordadır. Gələn səfərlərdə görüşənədək.
Murad bəy, söz tapa bilmirəm, möhtəşəm, sizinlə gəzmiş kimi oldum. Amma düşünürəm bir tur təşkil edərsiniz, bizlər də yeməyin dadına baxarıq😍
Bu arada qaldığınız ev ilk şəkildəki evdi?
BəyənBəyən
Bəli həmin evdir, uzaqdakı şəkillərdə də var, qırmızı kərpicli ev
BəyənBəyən
Çox axıcıdı yazınız..mənzərələr o gədər gözəldir ki, görmək nəsib olsun diləyirəm. O anları doya doya yaşamanız, qorxularınız üstünə getməniz və bunun muqabilində əldə etdikləriniz biz oxuculara həyat dərsi bəxş edir☀️
BəyənBəyən
Nə xoş mənə 😊
BəyənBəyən
Yürüşü artıq o qədər yadırğamışam ki, oxuduqca yadıma düşür hisslər, ah o günlərə qayıdaq. Davam elə yürüşlərə, həqiqətən təbiət insana elə güc verir ki, artıq sənin önünə maneə çıxa bilmir 😊 Belə getsə, artıq oralarda bələdçiliyə başlaya bilərsən 😄 Hər tərəfi gəz bitir, gələn dəfə bizi apararsan 😊
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Bu gün də hisslərinizi təzələyəcəm. Dünən möhtəşəm bir hiking etmişəm 23 cə km 😇
BəyənBəyən
Təbiəti və təbiətdə vaxt keçirməyi sevən biriyəm. Şəkillər çox gözəldir. Günlük rutiniz də çox maraqla oxudum) Uğurlar)
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Çox maraqlı idi, əzminizə heyran qaldım, mənzərələr isə möhtəşəmdir😍
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Belə şəraitlərdə insan yenilənməklə yanaşı bir az daha böyümüş olur, özünü hər problemin öhdəsindən gələcək qədər güclü hiss edir. Bu adama çox zövq verir. Bu hissi bolüşdüyünüz üçün təşəkkür edirəm!
Bəyəntərəfindən bəyənildi 1 şəxs
İmkanlarımın fərqinə varıram hər dəfə bu mənə daha da hüzurlu hiss etdirir
BəyənBəyən
3 günə 57 km, yəqin ki, karantin vaxtı komfort zonadan çıxa bilən tək-tük adamlardansan 🙂 Təsvirlərini çox bəyənirəm, özümü lap orda hiss etdim.
Bəyəntərəfindən bəyənildi 1 şəxs