Qustav Hans Qraber – Qadın Psixologiyası

Hər yeni doğuş bir ölümü tələb edir. Ruhən yenidən doğulmaq üçün də eqonun ölməsi lazımdır. Başlanğıcda sizin kimi mənə də ziddiyyətli görünsə də, kitabın sonuna doğru gətirdiyi arqumentlər sayəsində bu fikirlə razılaşmalı oldum.

Psixoanaliz Psixoloji məktəbinin nümayəndəsi olan Qraber əsərdə ilk öncə nağılların (milli) insan həyatındakı rolunu və qarşılıqlı təsirini incələyir. Özünün irəli sürdüyü “Dərinlik psixologiyası” konsepsiyasına əsaslanaraq keyslərə (hər hansı xəstəliyi olan şəxsin xəstəlik tarixçəsi, müalicəsini əhatə edən qeydlər toplusu) ilk öncə nağılların fərdi fərdi şüuraltılarına təsirini və nevrozların bu nağıllarla əlaqəsini geniş izah edir. Mövzuya çox dəxilsiz yerdən girib deyə düşünə bilərsiniz. Ancaq Doktor Qraber kitabı həyatının sonlarına doğru yazıb, tamamilə öz araşdırmalarına əsaslanaraq məsələləri bir-bir açır. Onu da qeyd edim ki, Qraber insan şəxsiyyətini prenatal(doğuşöncəsi) dövrdən başlayaraq araşdıran ilk psixoloqlardandır. Əsərin adı sizi yanıltmasın. Müəllif qadın psixologiyasından yola çıxaraq hər iki cinsin inkişaf prosesi valideynlərlə münasibət, qadınların “Analıq insitinkti”, “Qadın başlanğıcı”, “Əsl mən”, kişilərin qurtula bilmədiyi “Qayğıya ehtiyaclı uşaq” insitinkti kimi bir çox məsələyə aydınlıq gətirir. Kitabı oxuduğum müddətdə ələ alınan mövzuların öz həyatımdakı gerçəklik payını yoxlayırdım. Bəzi beynimə ilişən sualların da cavabını tapdım. Konsepsiyanın “Dərinlik psixologiyası” adlandırılmasının səbəbi səbəbi müəllimi Froyddan fərqli olaraq və daha da irəli gedərək problemlərin qaynağını uşaqlıqda yox, doğuşöncəsi dövrdə olması və araşdırmalarını bu istiqamətdə aparması ilə bağlıdır.

Qadının sevgi həyatı – Müəllif iddia edir ki, araşdırmalar qadının sevgi bacarığının düşünüləndən daha aşağı olmasını göstərir. Ancaq bu qadının kişini cəzbetmə və özünə bağlama hadisəsinin baş verməməsi anlamına gəlmir. Halbuki, həqiqi sevgi onu cəzb edib özünə bağlamaz, onu azad edər. Digər bir nüans isə qadınlarımn özləri də cinsi münasibətlərdə soyuq olduğunun fərqində deyil. (kitabda statistika da var) Kişidən qorxmaq qadını kişi qarşısında ehkam kəsməyə yönəltmiş, kişi tərəfindən tanınıb bilinmək qorxusu onu, kişini özünə cəlb edən sirli bir varlığa çevirib. Beləliklə, kişini ələ keçirmək və ya özünə bənzətdiyi kişini əldən buraxmamamaq üçün sözü gedən bacarıqlarını istər-istəməz gücləndimrək məcburiyyətindədir. Belə bir yanaşma isə qadını get-gedə öz təbiətinə qarşı yadlaşdırır.

Doğuş ana tərəfindən ilk evdən qovulmadır. İnsan hər zaman aid olduğu yerə, ana bətninə, formalaşdığı öyrəşdiyi, heç bir məsuliyyət və qayğı hissi olmayan evinə dönmək istəyir. Bu fikrə əlavə olaraq deyim ki, biz bunu çox insanın uşaqlığını arzulamasında görürük. “Necə qayğısız və xoşbəxt idik” bu insanların əsas arqumentidir. Analıq instinti isə hər şeyi əhatələməyi, daxilində yaşatmağı sevir. Hər qadın analıq insintinə sahibdir. Kişilərin isə hər zaman bir anaya ehtiyacı var.

Tərbiyə – Çətin həyatları və nevrozları ilə başı dərddə olan insanların başına bu dərdi açan yenə onların öz eqolarıdır. Kitab boyunca müəllif müxtəlif somatik (soma-bədən) xəstəliklərin psixoloji səbəblərini də izah edir. Eyni zamanda ana modelinin sanılandan və populyar aforizmlərdə deyiləndən daha dərin və əhəmiyyətli olmasına diqqət çəkir. Ananın uşağına tərbiyə vasitəsilə qazandıracaqlarından əlavə, yanlış tərbiyə etməklə övladının həyatını qaraltmağa da qadir olduğunu detallı misallarla sübut edir.

Hər despotluğun kökündə ana-ata tərbiyəsi yatır. Qəddar anaların uşaqlarına tərbiyə verərkən əl atdıqları despotluq dünya tarixində despot atalarınki qədər yaxşı bilinməsə də ilkindən daha köklü, daha yıxıcı təsirə malikdir. “Uşaqların təhsilinə son verək; həmin enerji və zamanı anaların təhsili uğrunda xərcləyək. Gəlin öyrədənlərə yanlış öyrədilənləri düzəldək, bu çətin olduğu qədər uzun və ağrılı prosesdir. Ancaq hal-hazırda yaşadığımız dünyadakı hadisələrdən ağır və çətin deyil” deyə müəllif sonda hər kəsə müraciət edir.

Nəyi bəyəndim:

“Kişinın qadın haqqında yazdığı kitab necə olar ki?” Deyənləri fikirlərinə peşman edəcək potensiala sahibdir.

Kitab çox axıcı və rahat anlaşılacaq şəkildə tərcümə olunub. Yəni psixoloq olmayanlar belə başa düşməkdə çətinlik çəkməyəcək. Buna görə başda Turgut Qaraca olmaqla “Başla” komandasına təşəkkür edirəm.

İrəli sürdüyü konsepsiyanın adına uyğun mövzunu dərindən araşdırıb, 40 illik akademik təcrübəsinə əsaslanıb.

Öz arqumentlərinin doğru olduğunu göstərmək üçün başqa psixoloqların fikir və mülahizlərini dartışdırmır.

Nəyi bəyənmədim: Elmi cəmiyyətlərin ilk vaxtlarda nəzəriyyəsinə qarşı olan biganəliyindən müəyyən dərəcədə incikliyi var. Bunu da kitabda 2-3 məqamda hiss etdirib.

Kitabı oxumaq üçün 3 səbəb:

Qadın belədir, kişi elədir deyib iki-üç kəlmə əzbərləməklə insanları tanıdıqlarını iddia edənlərin boşuna danışdıqlarını sizə hər bölümdə hiss etdirəcək.

Kişilərdən çox qadınların öz təbiət və mental vəziyyətlərinin fərqində olması üçün oxumaları vacibdir deyə düşünürəm. Kişilər isə qadın təbiətini daha yaxşı başa düşüə bilmək üçün vasitə olaraq oxuya bilər.

Son dönəmlər hər şey kimi primitivləşdirilməyə çalışılan psixologiya elminin əslində nə qədər dərin bir elm olduğunu izah etmək yolunda yaxşı bir başlanğıc ola bilər.

Bir şərh yazın