Qorxu – qavranılan təhlükədən qaçma davranışıdır. Normal inkişafın bir hissəsi olaraq, insanı təhlükədən qoruyan müdafiə mexanizmidir. Yaş artımı ilə qorxular da dəyişir.
Körpəlik dövründə bu qorxular, yüksək səs, parlaq işıq, tanımadığı insanlar kimi ani, yeni və bilinməyən nəsnələrə qarşı qorxulardır.
Məktəbəqədər (3-6 yaş) yaş dövründə əsasən qaranlıq, tək qalmaq, ölüm , bədəninə ziyan dəyməsi, xəyali varlıqlar (cin, şeytan, ruh, xoxan), heyvanlar, göy gürultusu, dilənçi, polis, oğru , valideynlərinin onu tərk etməsi kimi qorxuları nümunə göstərə bilərik.
Kiçik məktəb yaşı (6-10) dövründə təlimə başlamaları ilə yeni mühitə uyğunlaşma, məktəbdə tək qalmaq, ona zərər verə biləcək adamlardan qorxmaq, baxdığı filmlərdən olan qorxuları qeyd edə bilərik.
Yeniyetməlik (10,11- 16, 17) dövründə bəyənilmək, gələcək, dostları tərəfindən zarafat mövzusu olmaq, insanlar önündə danışmaq kimi qorxular özünü göstərir.
Onu da mütləq qeyd etmək lazımdır ki, yaşlara görə qorxuları bölündüyünə görə, valideynlərə elə gələ bilər ki, bu qorxular bir yaşdan sonra keçib gedəcək. Ancaq bəzən bu qorxular qalıcı ola bilir. Bu da sözsüz ki, həm uşağın həm də, ona bağlı ailənin həyat tərzinə mənfi təsir edir. Məsələn qaranlıq qorxusu olan uşaq son çarə olaraq, ana ilə atanın arasında yatmağı seçir. Yaxud sinifə girməkdən qorxan uşaq, artıq məktəbə getmək, hətta səhər yerindən durmaq belə istəmir.
Qorxunun mənbəyi – körpəlik dövründə yeni yeriməyə başlayan bir uşaq yerə düşəndə valideyninin ona verdiyi reaksiya çox önəmlidir. Həmin an, çox təlaşlı, həyəcanlı bir reaksiya uşağın növbəti dəfə gəzməyə cəhd etməsini əngəlləyə bilər. 3 yaşından etibarən qaydaları öyrənən uşaq bu qaydalara riayət etmək problemi ilə ilə qarşı-qarşıya qalır. Bu qaydalara uyğunlaşmaq üçün (ya da yayınmaq üçün) təmsil edən qorxulu varlıqları, ana-ataya yansıda bilər. Qorxunun digər bir mənbəyi də qorxuları izləməsidir. Yəni həyətdəki uşaq və ya bacı/qardaşı bir varlıqdan qorxursa o da ondan qorxmağa başlayır. İtdən qorxan, iti görəndə itdən qaçan ananı izləyən uşaq da itdən qorxa bilər. Qapı klidlənəndə otaqda qalan uşaq, tək qalmaqdan qorxa bilər. Ya da məktəbə/bağçaya hazırlaşan uşağa anası necə darıxacağını, onsuz evin necə mənasız olduğunu izah edəndə uşaqda ayrılma qorxusu baş qaldıra bilər. Burada yanlış olan ananın ayrılma problemi yaşamasıdır. Bu durumda uşaq evdən kənara çıxdığı üçün özünü günahkar hiss edə bilər.
Qorxunun meydana gəlməsinə səbəb olan amillər:
– Ailədaxili konfliktlər – Məsələn: iş yerində əsəbləşdiyi üçün evdə qışqıraraq danışan bir ata düşünün. Uşaq da atanı görən kimi öncəki günlərdə onun qışqırıqlarını yada salır. Təbii olaraq da atadan qaçır. Yaxud da ata ilə ana arsında baş verən konfliktlər zamanı uşaq bütün bunların şahidi olur. Daha sonra valideynlər öz aralarında bu məsələni həll edir. Daha sonra uşaq ana ilə atanın bir araya gəlməsinə mane olur ki, eyni şeylər təkrar yaşanmasın. Bunu da ağlamaq, qaçıb otağına girmək, qışqırmaq kimi fərqli vasitələrlə edə bilər.
– Səbəbsiz, açıqlanmadan ani ayrılıqların olması – Ata ilə ayrıldıq, artıq bu gündən onu görməyəcəksən, və ya valideynlərdən hər hansı birinin bir müddətlik başqa yerə getməsi, valideynlərdən birinin vəfatı kimi hadisələri misal göstərmək olar. “Bütün bunlar həyatın bir parçasıdır bəli, bunu necə planlaya bilərik?” deyə bilərsiniz. Ancaq, yanlış anlaşılmaması üçün uşaqlara bunu onların başa düşəcəyi şəkildə izahı mütləqdir
– Aşırı qadağalar – Həyətdən gec gəlsən, səni birdə həyətə buraxmayacam, dərslərini oxumasan sənə gəzinti yoxdur, yemək yeməsən səni döyəcəm, otağında yatmasan polis çağıracam kimi yanaşmalar yol verilməzdir. Cəza davranışa uyğun olmalıdır, eyni zamanda aşırı qadağa qoyaraq öz avtoritetinizi itirməyinizə şərait yarada bilərsiniz.
– Görməzdən gəlmə – “İşim-gücüm qutarıb, birdə gecə qorxursan deyə gəlib səninlə yatım indi ?” Sənin sinifyoldaşların özləri məktəbə gedir, sən nədən qorxursan ki ? kimi yanaşmaları da eşitmisiniz yəgin. Bəli bunları da etmək tövsiyə olunmur.
– Diqqətçəkmə – Özünə lazımi diqqət ayrılmadığını düşünən uşaq, qorxduğu vaxtlarda valideyninin onunla daha çox vaxt keçirdiyini görsə, artıq bu qorxular onun üçün diqqətçəkmə vasitəsinə çevrilə bilər. “Mən qorxuram, gəl səninlə yatım. Səninlə yatanda qorxmuram.
– 3-4 yaşı olmasına baxmayaraq ana-ata ilə eyni yataqda yatmasə kimi inkişaf dövründə göstərilən yanlış münasibət – “O hələ balacadır, qoy birazda bizimlə yatsın.” Əgər bu yaşlardadırsa fərdi olaraq oz yatağında yatmağa vərdiş etməlidir. Hələ də balaca olduğunu eşidən uşaq, bunu məsuliyyətlərindən qaçış vasitəsi kimi də istifadə edəcək.
– Travmatik hadisələr – Gecə yuxudan ayılanda ildırım çaxması, küçədə tək başına ikən arxasınca itin gəlməsi, otaqda tək ikən işıq sönməsi və ya qapının klidlənməsi, qaranlıqda gördüyü əşyaları başqa şeylərə bənzətməsi (stolu itə bənzədə bilər) kimi hadisələri buna misal ola bilər.
– Məktəbdəki problemlər – Sərt rejimli pedogoji mühit- məktəbə getməkdən boyun qaçırmasına, avtoritar və cəzaverən sinif müəllimi- dərsi bilsə də səhv danışanda cəzalanacağı üçün danışmamasına, sinifdə davranış pozuntuları olan uşaqların çox olması – döyüldüyü və bullingə məruz qaldığı üçün sinifdən qaçmasına səbəb ola bilər.
Qorxunun aradan qaldırılması zamanı diqqət ediləcək nüanslar
– Qorxusunu sizə danışarkən aşırı reaksiya verməyin (hiiih, sonra noldu bəs?)
– Fərqli mühitlərə qoşularkən aşırı qoruyucu olmadan, fərdi şəkildə davara bilməsinə icazə verin (məndən ayrılsan səni orada qoyacam kimi ifadələrdən qaçın)
– İzlədiyi tv və internet programlarına nəzarət edin. (son dönəmlərdə ən çox rast gəlinən qorxular, yutubda izlənən videolarla bağlıdır)
– Ailədaxili hər hansı bir problemin təsir edib-etmədiyini araşdırın. (sən evdə nədənsə qorxmusan?)
– Öz qorxu və təşvişlərini ona hiss etdirməyin (çölə çıxma! orda yekə it var )
– Qorxuyla baş etməyə çalışdığı hallar olanda bunu dəstəkləyin (sənin qaranlıq otaqdan hədiyyəni tapmağın çox xoşuma gəldi)
– Sən bəbəsən?, kişi də qorxar? kimi ifadələrlə onun qorxularına qeyri-ciddi yanaşmayın, zarafata salmayın
– Mənim dediyimi eləmiyəndə həmişə belə şeylər başına gələcək, kimi ifadələri istifadə etməyi tərgidin.
Qorxular insanların dəyərləri üzərində formalaşır. Yəni insan dəyərli bildiyi bir şeyi itirməkdən qorxur. Necəki biz, işimizi, sevdiklərimizi itirməkdən qorxuruq. Uşaqlar üçün isə bu rahat ailə ortamı, problemsiz məktəb mühiti ola bilər. Ona görə onlar sizə hər hansı bir şeyi dedikdə ilk öncə ona əhəmiyyət verdiyinizi, onunla birlikdə olduğunuzu, tək olmadığını hiss etdirin. Yuxarıda qeyd etdiyimiz əlamətlərdən biri və ya bir neçəsi övladınızda varsa, qeyd etdiyimiz həll yollarına baş vura bilərsini. Bunlar da işə yaramırsa hökmən uşaq psixoloquna müraciət edin. Uşaqlar gələcəyimizdir. Gələcəyimiz qorxu ilə böyüsə, hər addımları təşvişli olacaq. Bu da onların özünəgüvənmələrinə, nəhayətində özlərini olduğu kimi göstərmələrinə əngəl olacaq. Övladlarımızın sağlam böyüyəcəyi bir mühit qurmamız ümidi ilə.