Oynamağı yadırğamış uşaqlar

    Günümüzdə ən çox gündəmdə olan mövzuların başında övlad tərbiyəsi, valideyn-övlad münasibətləri gəlir. Ancaq nə qədər çox müzakirə olunsa da məsələlər hələ də həll olunmamaqla bərabər, getdikcə daha kritik həddə çatıb. Buna səbəb valideynlərin sosial-iqtisadi vəziyyəti, valideynlərin pedoqoji bacarıq(sızlıq)ları, ətraf mühitin ailəyə müdaxiləsi kimi məsələləri əsas götürə bilərik. Bu yazıda 3 məqama toxunmaqla, məsələnin görünməyən və ya görməzdən gəlinən hissərini qısa şəkildə əhatə etməyə çalışmışam.

Müasir Psixologiya  elmində 3-6 yaş aralığı məktəbəqədər yaş dövrü olaraq xarakterizə olunur. Bu dövrə xas fəaliyyət növü isə oyundur. Yəni bu dövrdə bütün uşaqların işi-gücü oynamaq olmalıdır. Altı yaşından isə təlim əsas fəaliyyət olaraq xarakterizə edilir. Ancaq bu zaman uşaqlar fəaliyyət dəyişiminə çox ciddi cəhdlə dirənirlər. Bunun üçün 5-6 oyundan təlimə keçid dövrü olaraq qəbul edilir. Hazırki dövrdə uşaqların məruz qaldığı informasiya bolluğu və bir o qədər diqqətdən kənarda qalmaları sayəsində yaşlarına uyğun olmayan məlumatlarla tanışlıqları asanlaşıb. Buna nə qədər xeyirlidir deyə düşündüyümüz riyazi məntiqi bacarıqları, əlavə dil öyrənmə bacarıqlarını da göstərə bilərik.  Daha ağır olan isə yaşından tez bu bacarıqları uşaqlara öyrətməyə çalışanların elə onların valideynləri olmasıdır. Yaşına uyğun olmayan hər hansı məlumatı öyrəndikdən sonra uşaqlarının üstünzəkalı olduğunu düşünüb, onu məqsədli şəkildə lazım olmayanlarla yükləyirlər. Belə olan halda isə yaşına uyğun fəaliyyətlərdən kənarda qalan uşaq, artıq ilk məktəb dövrlərindən bu çatışmazlığını hiss etdirir. Akademik uğursuzluqların da səbəbi olan bu yanlış yanaşma sayəsində uşaqlar artıq irəlidəki yaşlarda onlara lazım olan işləri belə görməkdən boyun qaçırır. Valideynlər isə əsasən səbəbi axtarmaq yerinə uşaqları daha çox yükləməklə problemi birazda çıxılmaz yola salırlar. Ona lazım olan fəaliyyətləri zamanında edə bilməyən uşaqlar bunu həyatlarında hər zaman hiss edirlər. Artıq nə istədikləri deyil, nələri istəmədiklərini öyrənib, ona uyğun yaşamağa çalışırlar. Belə olan halda isə nə xoşbəxt uşaqlıqdan, nə inkişafdan, nə də sağlamlıqdan söhbət belə gedə bilməz.

Bu barədə qeyd etmək istədiyim ikinci məqam isə uşaqların pedogoji baxımsızlığıdır. Qısa olaraq izah etməli olsaq, onlara yaşlarına uyğun deyil də, tələb etdiyiniz kimi yanaşaraq əmrlər yağdıraraq, fikrini belə soruşmadan onu tərbiyə etməyə çalışmaq və ya ən ağır halda onunla heç maraqlanmamağınızı qeyd edə bilərik. Burada olan maraqlanma, imkan daxilində onunla birlikdə vaxt keçirməyə çalışmaq, zövq və üstün cəhətlərini öyrənmək, zəif cəhətlərini tapıb onları aradan qaldırmasına dəstək olmağı qəsd edirəm. Praktikada gördüyüm nəticələrə əsasən deyə bilərəm ki, Azərbaycan mühitində valideynlər övladları ilə yeniyetməlik dövründə onların aqressiv davranışlarına nəzarət edə bilmədikdə ünsiyyətə girməyə can atırlar. Təəsüf hissi ilə qeyd edim ki, bu mərhələdə ünsiyyətə çalışmaq çox gecikmiş bir addımdır. Yuxarıda qeyd etdiyim məktəbəqədər yaş dövründə uşaqların əsas diqqət obyekti ailələridir. Nə edirlərsə, ilk ailəsinin görməsini, bilməsini istərlər. Bu diqqəti ala bilmədiklərində məktəb dövründə bunu dostları ilə kompensasiya etməyə çalışırlar. Qrupun üzvü olduğunu göstərmək üçün siqaret çəkən yeniyetmələri buna misal göstərə bilərik. Məktəbəqədər dövrdə onunla quracağınız qarşılıqlı anlaşmalı ünsiyyət sizi yeniyetməlik və gənclik dövrlərində hər hansı narahatlıqlarında ilk sizə gəlmələrinə şərait yaradacaq. Beləcə çox problemlər heç yaşanmamış olaraq qalacaq. Sizinlə olan ünsiyyət onların cəmiyyətdə özlərini ifadə etmə şəklini də müəyyən edir. Cəmiyyətdə gördüyü kişiləri tanımaq üçün standart olaraq atanı, qadınları öyrənmək üçün isə ananı model kimi götürür. Yanlış götürülən nümunələr isə onun cəmiyyətdən də qaçmasına, ğzünə olan inamını itirməsinə səbəb olacaq. Uşaqlar öz məsuliyyətlərinin fərqində olmadan onlara hədə-qorxu gələrək etdirdiyiniz işlər, sizə qulaq asan ağıllı uşaq imici yaratsa da yenə boşluq tapan kimi və ya hədə-qorxu öz gücünü itirən kimi problemlər ortaya çıxmağa davam edəcək. “Yemək yeməsən polis çağıracam” , “dərs oxumasan telefon verməyəcəm”, “küçədə məndən nəsə istəsən, səni orda qoyacam” tipli hədələr bir müddət sizin işinizə gələcək. Daha sonra çətinlikləriniz dərinləşəcək. Bütün bunların baş verməsinin qarşısını almaq üçün valideynlər bir-birinə dəstək olaraq ata və ana ayrı-ayrılıqda öz rollarını qəbul edib, nu yöndə işləməklə nəticələri müsbətə doğru dəyişə bilər. Məsələn evdə ata yeməkdən sonra təşəkkür etmirsə, uşaqdan bunu istədiyiniz anda deyəcək ki, bəs atam niyə eləmir. Yaxud da, ana telefonla həddindən artıq vaxt keçirirsə, uşaq da ona qoyulan norma ilə razı olmayacaq. Valideynlər öz aralarında bu mövzuda bir-birini nizamlamaları lazımdır.

Bu yazını yazmağıma səbəb olan əsas məqam isə uşaqlarla ünsiyyət və oyunun bizə təsirləridir. Ana gün ərzində ev işləri ilə məşğuldur.(24 saat işləsə belə bitməz) Ata isə işdən yorğun gəlib, uşaqlarının maddi ehtiyaclarını qarşılaya bilməsinin verdiyi rahatlıq ilə istirahət etməli olduğunu, uşaqlarla ünsiyyətin ananın işləri siyahısında olduğunu düşünür. Halbuki hər iki valideyn ayrı-ayrılıqda və birlikdə (biz bərabərik, ailəyik mesajı verir) övladları ilə vaxt keçirmələri həm övladlarının vəziyyətlərindən xəbərdar olmasına, olası təhlükələri yox etmələri üçün öncədən davranmasına səbəb olacaq. Həm də özlərinin məşğul olduğu rutin davranışlardan qurtularaq fərqli düşünmələrinə səbəb olacaq. Səhər işə durarkən 5 dəqiqə artıq yatmağı belə qənimət bilən böyüklər gecə yarıya qədər film, futbol izləyən zaman bu barədə düşünmək istəmirik. Zövq və hobbilərimizdən vazmı keçək deyə bilərsiniz ? Xeyr, əlbəttə ki. Ancaq həyatımızda etdiyimiz davranışlar bizim nəyə daha çox əhəmiyyət verdiyimizi göstərir. Uşaqlara ayırdığınız vaxt da onların sizin üçün nə qədər önəmli olduğunun göstəricisidir. Görüşümüzə yox deyən bir dostunmuzu 3-4 gün səbəbini bilsək də ürəyimizdə danlaya bilirik. Ancaq hər gün etdiyi yenilikləri ilk bizə göstərmək üçün həyəcanla qabağımıza qaçan uşaqları nə qədər görməzdən gəldiyimizi bir düşünün… Əgər bütün bunları edirdinizsə bu gündən daha gözəl bir addım atmaq üçün gecikmiş sayılmazsınız. Sonra çox gec ola bilər.

Sağlam ailə mühitində böyümək,  valideynlərinin diqqət və dəstəyini almaq hər bir uşağın haqqıdır. Onlara haqlarını verərək, sadəcə 1 iyun deyil, hər gün bunun fərqində olaraq yaşacağınız, hüzurlu bir həyat yaşamaları dilə ilə neçə sağlam illərə…

Bir şərh yazın