Karantin günlərində edilə biləcək ən faydalı fəaliyyətlərdən biri də kitab oxumaqdır. Fərqli sahələrdən olan kitabları da məhz belə zamanlarda sınamaq olar deyə düşünürəm. Eyni zamanda karantindən sonra hər şeyin buraxdığımız kimi qalmayacağı dəqiqdir. Buna görə də, fərqli bacarıqlarımızı inkişaf etdirmək həm vaxtımızı səmərəli keçirməyimizi təmin edir, həm də, növbəti mərhələyə hazırlıq görmüş oluruq. Kitab Teas Press Nəşriyyatı tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Dili axıcıdır. Keçək kitaba;
Bu mənim sahibkarlıqla bağlı oxuduğum ilk kitabdır demək olar. Bundan öncə marketing və pr-la bağlı oxuduğum ədəbiyyatlarda sahibkarlığa nəzər salınsa da, yetərli olmamışdı. Bu kitabı seçməyimə səbəb stratap quruculuğunun ilk etaplarından başlayaraq davamlı şirkət modelinə qədər necə inkişaf edə biləcəyimizi göstərməsi oldu. (almadan öncə kitabı fərqli mənbələrdən araşdırıram.) Müəllif səmimi şəkildə öz səhvlərindən yola çıxaraq inkişaf etdirdiyi idarəetmə modelini detallı və nümunələr əsasında izah edir. Yazarın təklif etdiyi sistem bütün sahələrə uyğun tutarlı alətlər təklif edir. Tətbiq prosesi və nəticələri də nümunələrlə qeyd edir.
Qısa icmal olaraq kitabda diqqətimi çəkən, kitab haqqında fikir formalaşdıra biləcək məlumatları açağıda qeyd edirəm. Təbii ki, bunlar sadəcə kitab haqqında daha ətrflı fikir formalaşdırmaq üçündür.
Cənab Ris bildirir ki, hər bir sahibkar səhv edərək öyrənir. (hə nolsun, bunu mən də bilirəm deyirsiniz yəgin, tələsməyin) Ancaq bu demək deyil ki, eyni səhvləri edərək qurduğumuz işləri batırmaq olar. Əksinə səhvləri avantaja çevirmək üçün qur-ölç-öyrən fidbək(geridönüş tam mənanı vermir, kitabda da belə verildiyinə görə sözü eyni saxlayıram) halqası ilə işləməyi təklif edir.

Yəni hər hansı bir məhsulu tam hazır variantını iri partiyalar şəklində bazara buraxmadan öncə minimum həyat qabiliyyətli məhsul (MVP) dövriyyəyə buraxaraq müştərilərin fikirlərini, məhsula olan tələbatı, məhsulda olan çatışmazlıqları görə bilərik. Ardından isə tələbata uyğun məhsulu və ya xidməti bazara təqdim edə bilərik. Əks halda, müştərilər məhsulu bəyənməsə uzun müddət üzərində işlədiklərinizi atmalı olacaqsınız.
Tərif olaraq Qənaətcil Startap – sürətli təkrarlanmanı və müştəriyə çatmağı, nəhəng vizyonu və böyük ambisiyaları eyni vaxtda əsas götürən innovativ yeni məhsulların inkişafının nəzərdən keçirilməsinin yeni yoludur (təzədən oxuyun)
İnnovasiya – alt-üst edən, mərkəzi olmayan və gözlənilməyən məhvumdur, amma bu o demək deyil ki, onu idarə etmək qeyri-mümkündür. Bunun üçün isə rəhbərlikdəki şəxslərin özlərini fikirlərə baş barmağını yuxarı və ya aşağı tutub cavab verən Sezar kimi davranmağa son qoymalı, əvəzində komandaların təcrübə aparma sisteminin sürətini yüksəldə, habelə innovasiya yarada biləcəyi mədəniyyət və sistemlərə yönləndirməlidirlər.
Öyrən – Heyf ki, öyrənmə uğursuzluğun icrası kitabında ən qədim bəhanədir. Menecerlər vəd verdikləri nəticələri əldə edə bilməyəndə buna sığınırlar. Öyrəndiklərimizi banka qoya, onu nə xərcləyə nə də harasa yönləndirə bilmərik. Bu öyrənmə individualdır. Startapın əsas ölçü vahidi isə təsdiqlənmiş öyrənmədir. (Empirik datalarla) Öyrənməyə töhvə verməyən istənilən xüsusiyyəti və işləri kənarlaşdırın. Qalib gəlmək üçün yeganə yol daha tez öyrənməkdir.
Təcrübə apar – Startapların az sayda müştəriyə malik olma, qaranlıqda qalma, gözə girməmə kimi üstünlükləri var. Malik olduqlarımıza baxıb kədərlənməkdənsə, onları sınaqdan keçirin, məhsul real mütərilərlə özünü təsdiqləyəndən sonra onun kütləvi marketinqinə başlaya bilərsiniz. Cari statusunuzun aydın göründüyü mənzərə olmadan inkişafa başlamağınız mümkün olmayacaq. Təcrübə- məhsuldur. Uğur isə müştərinin problemini necə həll etməyi öyrənməkdir. Hesabatlar da mümkün qədər vasitəçi sistemdən yox, bir başa əsas mənbədən olmalıdır.
Sürətlənmə – Startaplara onların ən başlıca düşməni olan böyük qeyri-müəyyənlikləri dəf edən təşkilati strukturlar lazımdır. İstənilən qənaətcil fəaliyyət üçün ilk mühüm sual budur ki, hansı fəaliyyətlər dəyər və hansıları israfçılıq yaradır. Startapda dəyər anlayışı nəsə yaratmağa deyilmir, necə davamlı biznes qurmaq haqqında təsdiqlənmiş öyrənmə qazanmağa deyilir. Uğurlu startapın sürətlə bğyüməsinin üstünlüyü DNT – sini qoruya bilməsidir.
Uyğunlaşma və idarəetmə – Adətən startaplar davamlı biznes qurmaq üçün ölüm-dirim savaşına girirlər və onların resurslrı tükəndikdə həyatının sonu çatır. Təkcə sürətə fokuslanıb tələsmək də zərərlidir. Effektiv işləmək üçün komandaların öz optimal iş tempini tapmasına kömək edən daxili nizamlayıcı sistem qurulmalıdır. İstehsalın heç vaxt dayanmaması üçün istehsalı dayandırın. (Toyota)
Əksər səhv və uğursuzluqların səbəbi pis insanlarda yox, qüsurlu sitemlərdə olur.(5 niyə metodikası- araşdır!) Menecerler işlər yolunda getməyəndə tənqid olunur, işlər yolunda gedəndə isə yada salınmırlar.
Kitabda ən çox nəyi bəyəndim:
1) Sıfırdan bizens necə qurula bilər – çox sadə misallarla izah olundu.
2) Sən uğurlu olmalısan mifi aşılamır əksinə, uğursuzluqların da həyatın bir parçası olduğunu, hətta bunların vacibliyini qeyd edir .
3) Şəxslərin deyil, sistemin önəminin aşılanması.
Nəyi bəyənmədim:
1) 90% nümunələr IT ilə bağlı idi. Bu da digər sahələrdə biznes qurmaq istəyənlər üçün sistemin tətbiqində çətinliklər yarada bilər.
2) Startapın inkişafı üçün yöndəyişdirməsi və böyük şirmət ola bilməsi üçün DNT-sini saxlamasının vacibliyi dilemma kimi görünür. Bu iki məhvumun daha çox açılışına ehtiyac var məncə.
Kitabı oxumanız üçün 3 səbəb:
1) Azərbaycan dilində biznesin təşkili və idarəetməsi ilə bağlı kospirologiyalardan bəhs edən müəyyən ədəbiyyatlar var. Ancaq bu kitab sizə biznesin əyri və doğrularını, yüksəliş və enişlərini detallı şəkildə izah edəcək
2) Hazırda karantin vəziyyətində olduğumuzu nəzərə alsaq, sosial-iqtisadi böhran qaçılmazdır. Böhran isə köhnə alətlərin sıradan çıxıb, yeni sistem və məhsulların bazara çıxması deməkdir. Hazırki vəziyyətə uyğun ağlımızdakı ideyaları hansı mərhələlər əsasında gerçəkləşdirəcəyimizə istiqamət verəcək.
3) Hazır biznesiniz varsa ona hansı yenilikləri tətbiq edə və ya idarəetmənizdə olan problemləri necə aradan qaldıra biləcəyinizə dair sizə alətlər verəcək.
Ümid edirəm bu məlumatlar kitab haqqında müəyyən bir fikir formalaşdırmaq üçün kifayətdir. Bir neçə dəfə oxuyub fərqli şeylərlə rastlaşa bilərsiniz. Xoş mütaliələr.