Günümüzdə ən çox qarşılaşdığımız problemlərdən biri də yanlış informasiyaların çoxluğudur. Ətrafımızda olan məlumat bolluğunda hiss etmədiyimiz, bizi qəsdən və ya bilinməyərək ötürülən saysız-hesabsız yalan və təhrif olunmuş məlumatlar var. Bu məlumatlarla ən çox rastlaşan qruplardan ilki valideynlərdir. Övladları ilə münasibətləri yaxşıya doğru müəyyən dəyişikliklər etmək və ya yeni nələrsə öyrənmək istəyən valideynlər yanlış məlumatlarla qarşılaşmalı olurlar. Belə olan təqdirdə nəyin doğru, nəyin yanlış olduğunu müəyyən etmək mümkünsüz olur. Eyni zamanda valideynlərin sosial əhatəsi də onlara xeyli sayda yanlış məlumatlar ötürməkdədir. ( 3 övlad böyütmüşəm, filan həkimdən eşitmişəm tipli sözlər tanış ola bilər sizlərə) Bu yanlış məlumatların tətbiqindən sonra ən çox zərərçəkən uşaqlar və onların valideyninə olan münasibətidir.
Valideynin övladı ilə münasibəti, uşağın çevrəsinə olan münasibətinı istiqamət verən əsas amildir. Buna görə də son dərəcə diqqətli olmaq lazımdır ki, aşağıda qeyd olunan səhvlər baş verməsin.
1) Dəymə! Mən edərəm… Valideynlər çox zaman ya səbrsiz olduqlarından (uşaq ləng hərəkət edir), yaxudda ki, ətrafı çirkləndirər bəhanəsi çox işləri onların əvəzinə edir. Bir tərəfdən edə biləcəyi fəaliyyətlərdən məhrum ola uşaq, uyğun olmayan işlər üçün əlavə vaxt tapır. Eyni zamanda isə onun işlərinin başqası tərəfindən görülməsinə alışır. Daha sonra ailəsi və təmsil olunduğu mühitlərdən onun işlərini görməsini tələb edir. Yaşına uyğun özünə xidmət bacarıqları formalaşmayan uşaqların özünüqiymətləndirməsi aşağı düşür. Məktəb və ya yeniyetmə dövründə valideynlər bu uşaqların tənbəlliklərindən şikayətlənir. Bəzən bu şikayət gecikmiş olur.
2) Mənim övladım ən yaxşısına layiqdir! Hər davranışında, hər addımında bunu eşidən uşaq bir müddət sonra ən yaxşısını tələb etməyə başlayır. Valideyn isə bir mərhələyə qədər ən yaxşısını edə bilir. Daha sonra ən yaxşı olmayanda isə konfliklər qaçılmaz olur. Əziyyət çəkmədən, çalışmadan yaxşısına layiq olduğunu düşünən uşaq mənmərkəziyyətçi, digərlərinə yuxarıdan aşağı baxmağa başlayır. Bu da onun sosial münasibətlərdə uğursuzluğa düçar olmasına səbəb olur.
3) “Nənə-baba onu çox istəyir”, “Atanın bir dənəsidir.” Azərbaycan tərbiyə sistemində nənə baba da tərbiyə prosesində rol olmağa çalışır. Ancaq hər hansı yanlış olan məqam olan kimi valideynləri ilk danlayan da elə özləri olur. Arqument olaraq da deyirlər ki, nənə baba onları çox istəyir. Tərbiyə prosesini idarə edən valideyndir. Ona məsul olan da valideyndir. Nənə, bibi, xala, əmi hərəsi öz rolunda olması kifayət edir. Valideyn rolunu yüklənmələri, uşağın gələcəyi haqqında hər hansı qərar qəbul etməsi doğru deyil. Digər bir məsələ ana aşırı tələbkardır, ancaq ata mülayim və ancaq hədiyyə verən obraza malikdir. Belə olan təqdirdə uşaqlar ataya daha çox meyillənir. Ancaq burada uşaqları çəkən ata deyil, onun verdiyi imkanlardır. Bütün qərarlar hər iki valideynin iştirakı ilə verilməli və icra olunmalıdır. Əks halda tələbkar valideynə aqressiv münasibət formalaşacaq. Çox zaman ailə bu kimi halların qarşısını almaqda aciz qalır.
4) Mən oxumadım, sən oxu! Ola bilər ki, hər hansı bir səbəbdən təhsil ala bilməyən valideynlərin əsas sözüdür. Ancaq oxumaq tək universitetlə olmur, uşaq üçün əsas model götürdüyü şəxslər valideynlərdir. Valideynləri kitab oxuyan uşaq özü də kitab oxumağa daha çox maraq göstərəcək. Eyni zaamanda hərəkəti siz də etdiyiniz üçün ona qəribə gəlməyəcək ki, özü oxumur amma mənə deyir.
5) Sən həkim olacaqsan! Laylasından başlayaraq uşaqlara özlərinin arzuladıqları peşələri aşılamağa çalışan valideynlərin cəhdləri çox zaman uğursuzluqla nəticələnir. Uşaq valideynə etiraz edə bilmir, sadəcə olaraq öyrənmir. Beləcə valideyni cəzalandırır. Eyni zamanda istədiyi sahəyə yönələ bilmədiyi üçün valideynə gizli və ya aşkar aqressiv münasibət bəsləyir.
6) Sözdür də dedim, keçdi… Ətrafımızda xeyli sayda valideyn var ki, eyni şikayəti dilə gətirir. “Övladım mənim sözümü dinləmir” Verilən sözləri tutmayan valideyn uşağın gözündə etibar edilməyən bir adama çevrilir, ciddi şəkildə deyilən hər hansı bir sözü belə ciddiyə alınmır. Yeniyetməlik dövründə isə belə uşaqlar valideynlərə qarşı tamam qapanmış vəziyyətə gəlirlər.
7) Qayda sənə aiddir. Mənə onu pozmaq olar! Ailə içində qoyulan hər hansı qaydalar valideynlərin özləri tərəfindən əməl olunmursa uşaqlar da əməl etməyəcək, yaxudda qorxduğu üçün əməl edəcək. Bu qorxu aradan qalxandan sonra disiplin də aradan qalxmış olacaq.
8) Yalan danışma!– Əvəzinə düzünü danış deyə bilərsiniz. Birinci halda günahlandırırsınz və eyni zamanda sıxışdığında yalan danışa biləcəyini göstərirsiniz, ikincidə isə düzgün istiqamət verirsiniz və digər bir alternativi olmur. Uşaq ondan nə tələb olunduğunu tam anlayır.
9) Qardaşın səndən böyükdür; Bacı səndən balacadır. Ailədəki növbə uşaqların məsuliyyəti deyil. Bu onlara olan yanaşmaya sirayət etdiyində həm uşaqlar arası həmdə valideynlə uşaqlar arasındakı münasibətlər pozulur. Uşaqlar müqayisə etməyə, bir-birini qısqanmağa başlayır.
10) Xalan səni çox istəyir, ona görə belə deyir. Başqalarının yanında onu tənqid etmək və ya başqalarının onu tənqid etməsinə şərait yaratmaq onun özünü qiymətləndirməsinə mənfi təsir edir. Valideyni yanında olanda tənqid lunan və etiraz haqqı verilməyən uşaq başqa situasiyalarda da eyni şəkildə səssiz qalmağa davam edir. Cəmiyyətimizdə bunun nümunələri minlərlədir.
11) Mən seriala baxıram, amma qulağım səndədir… Hər gün valideynlərlə xüsusi vaxt keçirə bilməyən uşaqlar bu ehtiyacını dostları ilə ödəməyə çalışır. Valideynlər çox zaman yeniyetməlik dövründən məsələdən agah olur. Ancaq bu zaman məsələ böyümüş olur. Uşaq artıq valideynlə ünsiyyətə heç bir maraq göstərməz hala gəlir.
12) Onsuzda əlindən bir iş gəlmir, sənin tayların nələr edir… Bizim həyat təcrübəmizlə uşaqların həyat təcrübəsi tamam fərqlidir. Valideynlər öz təcrübələrinə əsasən uşaqların da addım atacağını gözləyirlər. Onda rəqabət hissini aşılamaq üçün başqaları ilə müqayisə edir. Özünü dəyərsiz hesab edən uşaq isə fərqli davranışlarla özünün dəyərli hiss etməyə çalışır.
Hörmətli valideynlər! Uşaqlar həyatda qarşılaşdığı situasliyaları təcrübə etməkdə maraqlıdırlar. Onların bu şanslarını əlindən almayın. Maraqlanan uşaq öyrənən, dəyərləndirə bilən uşaqdır. O sizin arzularınızı həyata keçirmək üçün, qonşunuz Fatma xalanın “ay nə ağıllı uşaqdı” sözünü sizə eşitdirmək üçün gəlməyib. İmkann verin, öz səhvlərini etsin, səhv etdiyində nəticələrinə qatlaşsın. Tənqidi təfəkkürü formalaşsın. Belə olan təqdirdə hər şeyi onun əvəzinə etməyinizə də ehtiyac qalmayacaq. Hər iki tərəf üçün uyğun olan da budur. Sağlam və özünü düzgün qiymətləndirə bilən övladlar yetişdirməmiz diləyi ilə…