George Orwell – 1984

Kitabı oxuyarkən sanki SSRİ-yə səyahət etdim. Əsər ümumən sosialist rejimlərin, əsasən də o dövrdə (1930-40 cı illər) məşhur olan SRRİ-nin daxili siyasəti haqqındadır. Bəzi məqamlar mübaliğə təsiri bağışlasa da, bu rejimin təsirini günümüzdə sıx-sıx görmək mümkündür.

Əsər Winston adlı partiya üzvünün sosial-iqtisadi vəziyyətinin tərənnümü ilə başlayır. Daha sonra partiyanın insanları necə ehtiyac içində saxladığını, onların vaxt və ümumilikdə həyatlarını necə əllərindən aldığını, uşaqların necə zombiləşdirildiyini, insanların bir-birinə olan inamını necə sarsdığını və məhv etdiyini aydın şəkildə göstərir. İnsan çöldə hökümət işçi və casusları tərəfindən, evdə isə teleekran tərəfindən izlənir. Hər hansı uyğun olmayan bir davranış da insanlar yoxa çıxarılır. Onlara aid olan qeydlər, sənədlər də onlarla birlikdə yoxa çıxır. Xəyali ğlkə olan “Okeaniya”da ən böyük cinayət isə “Fikir Cinayəti”dir. Mahiyyəti ondan ibarətdir ki, insanlar nəyinki partiya əleyhinə hər hansı xoşa gəlməz hərəkət edə bilməz, eyni zamanda bunu düşünə də bilməz. Bunu düşünənlər “Fikir Polisi” tərəfindən təqib olunur, ya da zombiləşdirilmiş övladları onları polisə təslim edir. Belə sıxıcı mühitdə isə hələ də düşüncə tərzini itirməmiş insanların bu mənfi fikirlərə qapılmaması mümkün deyil. Valideynini fikir polisinə təqdim edən uşaq isə ölkənin fərxi hesab olunur. Hətta yuxuda belə partiya əleyhinə deyilən fikir cinayətdir. Ölkə hər zaman müharibə içindədir. Ya Avrasiya, ya da İstasiya ilə. Avrasiya ilə müharibə edilirsə İstasiya ilə müharibəyə aid bütün məlumatlar yox edilir. Sanki hər zaman Avrasiya müharibə edilib. Ona görə hər zaman insanların hökümətdən yüksək tələbi yoxdur. İnsanlar doğub-törəyə, işləyə, onlara icazə verilən yerlərə gedə,  deyilən vaxta yatıb, deyilən vaxta dura bilərdilər. Günün 24 saatı partiya tərəfindən nizamlanmışdır. İnsanların əlavə nələrsə etmək üçün nə vaxtları nə də imkanları vardı. Gənc qızlar “Antiseks” cəmiyyətinə cəlb olunur, məqsəd isə insanları bütün həzzlərdən məhrum etmək, daha sonra həzz almaq istəyini rejim üçün çalışmağa yönəltməkdir. Toplumda isə ancaq bir sevgi var, o da “Böyük Qardaş”a olan sevgidir. Böyük qardaş partiyanın simvoludur. Hər kəs onu və partiyanı sevməli, ona sadiq qalmalı və həyatını ona həsr etməlidir.

 

MÜHARİBƏ SÜLHDÜR!

CƏHALƏT GÜCDÜR!

AZADLIQ KÖLƏLİKDİR!

Ölkədə hər şey “İKİ FİKİRLİLİK” nəzəriyyəsinə əsasən qurulub. Ancaq bu ikifikirlilik partiyanın əleyhinə olan ola biləcək mülahizə və arqumentləri yox etmək üçün istifadı olunur. Yuxarıda göstərilən 3 fikir isə əsərdə ən çox keçən və ölkə miqyasında məşhur olan fikirlərdir. İnsanların az düşünməsi üçün isə “YENİ DİL” adlanan bir məhvum yaradılıb. BU dil sözləri qısaltmaqla insanların düşüncələrini də qısıtlamağı hədəfləyir.

    Bütün insanlar, resurslar partiyanındır. Partiya tarixi istədiyi kimi dəyişir, bir çox elmi yenilikləri öz adına çıxarır, ağla gələ biləcək hər şey lazım olan anda dəyişdirilir. İnsanlar isə fikir polisinin əlinə keçməmək üçün günün 24 saatı hər kəsdən özünü qorumağa çalışır. Sosial mühitlərdə hər kəs partiyanı tərifləyir, “Nifrət ikidəqiqəliyi”ndə saxta düşmən Emanuel Qoldşteyni lənətləyir. İnsanlar demək olar ki, bir birinə inanmır. Bu da yenə pariyanın yararınadır. Kitabın gedişatına girmədən gəldiyim nəticələri qeyd edirəm;

   Kitab mənə köhnə sosialist cəmiyyəti olan ölkəmizdə baş verənləri analiz etmək üçün  bir başqa yol göstərdi. Bu qədər təzyiqlərə, beyin yuyulmasına məruz qalmış yaşlı nəsillə bərabər yaşadığımız toplumda biz yeni nəsil olaraq onları anlamaqda çətinlik çəkirik. Onların hər zaman, hər yerdən təhlükə gözləmələri, başqasının mülkiyyət hüququnu tanımamaları, onlar üçün dəyərlər anlayışın xırda detallardan ibarət olması və ya ümumiyyətlə olmaması kimi fikir və davranışlar mənə çox tanış gəldi. Eyni zamanda yaşlı nəslin sevgi münasibətlərində maddi amillərə, statusa əhəmiyyət verməsi aldıqları travmaların nəticələri olduğunu düşünürəm. 

Daha sonra bu qədər yoxluq və təzyiq altında qalan toplumun hər şeyin sadə insanların istehlakı üçün nəzərdə tutulduğu kapitalizm rejiminə keçidi fəsadlı bir hal aldı. Göründüyü kimi, bütün qaynaqlar israfçı şəkildə xərclənir, ehtiyaclar şişirdilib, əzilib yox olmuş mən yerini “Mərkəzdə Mən”ə çevrilib. İnsanların dəyərlər sistemi darmadağın edildiyindən, bu azadlıqdan sonra dəyərlər də xaricdən istehlak edilən mallar kimi, xaricdə mahiyyəti çoxda məlum olmayan cərəyanların işğalına məruz qalıb. Öz fərqliliklərini nümayişetdirmə ehtiyacı içində böyüyən “Sosialist valideynlərin kapitalist övladları” bu cərəyanlara axın edir. Sovet dövründə bizə aid olan nələr vardısa hamısı dağıdıldı, indi də eyni şəkildə bu cərəyanlar xaricdən bizim özümüzə gəlməyimizə mane olur. Sanki bütün yaxşı işlər, yaxşı insanlar bizdən kənardadır. Bu həm də cəmiyyət olaraq necə natamamlıq kompleksindən əziyyət çəkdiyimizi göstərir. Bizlər özümüz ola bilmirik, biz  olmağı aşağılanma qəbul edirik. Aparılan bütün işlər bu günün səbəblərinə əsasən aparılır. Halbuki, beyinlərdə olan səbəblər sosialist səbəblərinə əsaslanır. Yeniyetmə və gənclik illəri sovet dövrünə təsadüf edən insanlar yeni nəsli anlamadıqlarını, çox zaman isə heç dinləmək istəmədiklərini dilə gətirir. Hər nəsil öz eynəyindən məsələlərə baxır. İstər ölkəmizin idarəetmə sistemi, istər müəllim, istər satıcı bu təfəkkürdən tam azad ola bilməyib. Belə olan halda isə ortaq maraqlardan söhbət belə gedə bilməz. Ortaq maraq və dəyərləri olmayan cəmiyyətlər isə onların parçalanmasından istifadə edən rejimlər tərəfindn sömürülməkdədir. Bu gün olduğu kimi… 

George Orwell – 1984” üzərinə bir şərh

Bir şərh yazın