Artmaqda olan iş və təhsil tələbləri günümüzün insanını halsız edib. Hər ötən gün bir öncəki gündən daha ağır şərtlərlə, daha çox zaman xərcləməklə çalışırıq. Texnologiyanın inkişafı da bir tərəfdən “iş saatı yoxdur” fikrinə doğru yönəlir. İş və dərslərimizdən kənarda qalmaq üçün müəyyən fəaliyyətlərlə məşğul olmaq da yetmir. Çünki bir mesaj və ya zəng bütün istirahət planlarımızı pozmağa bəs edir. Belə olan təqdirdə isə bütün həvəs və enerjimiz itir, ardından isə yenidən eyni mühitə daha bitkin halda qayıdırıq. Bunların nəticəsində xroniki yorğunluq və digər psixi və fizioloji xəstəliklər bizə doğru yol alır.
Amansızlaşan sosial-iqtisadi münasibətlər sistemində insanların peşə və məşğuliyyətləri onların şəxsiyyətlərindən kənara çıxmağa başlayıb. Bu bizim üçün həyəcan siqnalı olmalıdır! Çünki bizi biz edən cəmiyyətə qazandıran peşə və iş fəaliyyətimiz və ya göstərməyə çalışdığımız şeylər deyil, bizim şəxsiyyətimizdir. İçində olduğumuz qarşılıqlı faəliyyət prosesində hər birimizin müəyyən rolları var. Ancaq bu rollar bizi şəxsiyyət kimi dəyərləndirmək üçün yetərli deyil. Əslində şəxsiyyətimiz bu rollardan kənarda qalanlardan ibarətdir.
İnsan beyni daim işləyir, biz yatanda belə. Əsas işi isə düşüncə istehsal etməkdir. Bu düşüncələrin istehsalına isə irsi faktolardan tutmuş sosial, iqtisadi, dini, etnik, sağlamlıq və b. faktorlar təsir edir. Çox zaman biz bunu təbii proses olaraq başa düşürük və bu düşüncə selinin içində itib batırıq. Harvar Universitetinin apardığı bir araşdırmaya görə vaxtımızın 47% -i düşüncələrin içində itib gedir. bu çox böyük nisbətdir. Çox zaman bu düşüncələr də gələcək qayğısı və ya keçmiş peşmanlıqlar olduğunu nəzərə alsaq nə qədər vaxt və enerji itirdiyimizi fərq edərik. Beynimiz hər zaman bir şeylə məşğul olma məcburiyyəti hiss edir. Hər keçən an qarşısına həll etməli olduğu məsələlər çıxır və daim onları həll etməyə, ümumiləşdirməyə, bu məsələləri öz üsulunca əvvəlcə beynimizdə formalaşan qəliblərə salmağa çalışır. Bu baş vermədikdə isə işəyararlılığı olmayan ancaq bizi qayğılandıran düşüncələr sıralanır. Beynimiz həll edə bilmədiyi, qayğılandığı məsələlərlə indiki zaman arasına ara düşüncələr yerləşdirir. Qorxduğumuz məsələni fəlakətləşdirir. Çoxumuzda bu özünü fərqli formalarda özünü göstərir. İşini itirmək qorxusu, universitetdən atılmaq qorxusu kimi. Nəticədə isə həmin araya girən düşüncələr bizi daha çox çalışmağa, həmin məsələyə daha çox vaxt ayırmağa sövq edir. Önə çıxan bu məsələlər də öz növbəsində şəxsi qayğı və ehtiyaclarımızı ikinci plana atır.
Bəs biz şəxsiyyətimizi bu kimi zərərlərdən, sağlamlığımızı bizə mənfi təsir edən vərdişlərdən necə qoruya bilərik? Populyar psixologiya və fərdi inkişafda özünü doğrultmayan cürbəcür metodlar bizim qarşımıza çıxır. Stresslə başa çıxmaq, stresslə mübarizə, vərdişləri formalaşdırmaq üçün 21 gün kimi miflər bizə məlumdur. Digər tərəfdən bu mənbələr bizi eyni zamanda xoşbəxtliyi daim var olmalı olan bir büt olaraq təqdim edir. Biz də öz növbəmizdə məruz qaldğımız bu informasiyalar sayəsində həmişə xoşbəxt olmağa məcbur hiss edirik. Nəticə olaraq yenə xoşbəxtlik bizə uzaq olaraq qalır. Hal hazırda hiss etdiyimiz hisslərdən, yaşadıqlarımızdan isə demək olar ki xəbərimiz yoxdur. Ancaq ya gələcək ya da keçmiş var. Halbuki indiki ana yönəlsək bizi qorxuda biləcək bəzi məsələləri baş vermədən həll edə bilərik. Burada qeyd etdiyim beynimizdəki düşüncələrə düşünməmək, diqqətsizləşməmək, mənfi emosiyalardan uzaq qalmaq deyil. Sadəcə bu ana yönəlməkdir. Bu fərqindəliyi hiss etmək üçün müəyyən qrafikə, plana ehtiyacımız var. Bunu möhkəmləndirmək üçün xırda xırda edə biləcəyimiz işlərdən başlaya bilərik. Bu bizdə özünə əminlik hissi formalaşdıracaq. Hər gün 5-10 dəqiqə heç nə etmədən qalmaq, bizim üçün gündəlik durum dəyərləndirməsi ola bilər. Yəni bir addım geriyə çəkilərək necə bir düşüncə və hisslərlə məşğul olduğumuzu görə bilərik. beynimizə gələn düşüncə seli durmur. Bizim onu dayandırmağa çalışmamız sadəcə enerji və motivasiya itkisi, məğlubiyyyət hissindən başqa bir çey deyil. Ancaq biz onlara olan yanaşmamızı dəyişərək, həmin düşüncələrin istiqamətini və təsir gücünü dəyişdirə bilərik. Bir şeyi etməzdən öncə onu qəbul etməyimiz lazımdır. Çox zaman biz qəbul etməkdən qaçırıq. Qaçdıqlarımız isə qar topası kimi böyüyərək üstümüzə gəlməyə davam edir. Nəticə olaraq deyə bilərəm ki, özümüzü yaxşı hiss etməyin birinci addımı özümüzü(şəxsiyyətimizi, xüsusiyyətlərimizi, keyfiyyətlərimizi, mənfi və müsbət vərdişləri) qəbul etməyimiz lazımdır. Digər bir məsələ isə bu anı yaşamaq bizə hər zaman xoşbəxtlik verməyə bilər. Digər duyğularda həyatmızda z varlığını davam etdirir. Ancaq xoşbəxtliyə yönəlsək bir müddət sonra duyğu və düşüncələrimizi ayırd etməz hala gələrik. Sağlam və zövq aldığınız anlar yaşamanız diləyi ilə…