Sıxıcı və fəaliyyətsiz sentyabrdan sonra bu şəkildə davam edə bilməyəcəyimi anladım. İş-ev marşurutu bir müddət sonra sıxır adamı. İlk olaraq dostlarla olan görüşləri çoxaltdım. İş və dərslərimi tam çatdıra bilməsəm də bu görüşlər məni daha yaxşı hiss etdirir. Oktyabrın ilk iki həftəsonu futbol oynadım. Sonrakı həftəsonu isə haqqında danışacağım möhtəşəm səfərə qoşuldum.
Qrupda real olaraq təkcə Toğrulu tanıyırdım, 3-4 nəfər də virtual tanışlar vardı. İlk başlarda biraz məsafəli davrandım. Getməmişdən qabaq Toğrul bildirmiş ki, uşaqların çoxu bir-birini tanıyır. Tək başına səssiz gölə qalxıb düşəcəyimi düşünmüşdüm. Ancaq danışmağa başladıqca qrupdakı hər kəs məni birazda qrupun içinə çəkirdi. Belə ünsiyyətcil insanları ilk dəfə belə toplu halda görürdüm. Hərəsi ayrı-ayrı peşə sahibləri olmasına baxmayaraq hamımızın bir məqsədimiz var idi, yürüyümüzü maksimum əyləncəli və yaddaqalan etmək. Düşünürəm ki, biz bunu bacardıq. Yol boyu oynadığımız oyunlar və rəqslər də bizi yol yorğunu olmaqdan xilas etməklə bərabər, yadda qalan anlar yaşatdı. 
Gələk səfərin təbiət hissəsinə. Qaranohur gölü İsmayıllının Talıstan kəndindən yuxarıda, Şahdağ Milli Parkının İsmayıllıda olan hissəsində yerləşir. Dəniz səviyyəsindən təxmini 1600 metr yüksəklikdədir. Bakıda payız hiss olunmasa da, burada qızılı rəng özünü göstərir. Talıstan kəndindən gölə qədər 4,5 km məsafə var. Bunun 3 km çay və meşə ilə, qalan 1,5 km isə dağa dırmanma yolu ilə gedir. Təcrübəsi olmayanlar üçün çətin marşurut ola bilər. Meşə yemişan, əzgil, böyürtkən və itburnu ilə doludur. Gölə qədər su ehtiyacımı bu meyvələrlə qarşıladım. Havanın da günəşli olması bizim işimizi asanlaşdırdı, yer nisbətən quru idi. Meşələrdə Milli park ərazisi olmasına rəğmən köhnə və hündür ağaclar çox az idi. Yaşlı ağacları gölə yaxın yerlərdə və ondan yüksək görə bildik ancaq. Yol boyu aşağıda qalan kəndə açılan mənzərə biraz daha genişlənirdi. Sanki tabloya biraz daha uzaqdan baxırdıq. “Heç gölə çatmasaq da olar” kimi bir fikir keçdi ağlımdan. Bir tərəfdə çay və şəlalələr, çayın özünə açdığı kanyon, digər tərəfdə isə böyüyən kənd mənzərəsi. Təbii ki birdə hər addımda bir birinə dəstək olan, kömək edən, deyib gülən 5 Mövsüm ailəsi. Orada olanda tək bir şeyə heyifsləndim; Niyə bu qrupa daha öncə qoşulmadım?!
Uşaqlıqdan təbiətlə iç-içə olmuşam. Hər səfər təbiət insana bir şeylər öyrədir yaxud yadına salır. Bu dəfə də eynisi baş verdi. Böyük dağları, geniş meşələri gördükcə əslində heç vaxt təbiətə hökm edə bilməyəcəyini, özünlə və özündə olanlarla barışmalı olduğunu sənə xatırladır. Təbiət insana özündə olanları yenidən sevməyimiz üçün səbəb və stimul verir. Həmin anlarda “Niyə mən bunları daha öncə düşünmədim” deyə insan özünə təəcüblənir. Yol boyu gördüyümüz çürük və sağlam ağaclar bizə hər şeyi bir tam olaraq qəbul etməyi öyrədir. Pozitivə yönəlsək neqativi, neqativə yönəlsək pozitivi görə bilmərik. Ona görə də tablomuz hər zaman əskik qalacaq. Necəki aşağıda ancaq kəndin çox az hissəsi görünürdü. Təbiət həmdə səssiz ortamda rahat düşünməyə imkan verir. Sərt qayaların xırda çayların qarşısında aciz qaldığı bu mühitdə, insanların hər zaman bir-birinə ehtiyacı olduğunu sübut edir. Fikrimcə təbiət insanı cəmiyyətdən uzaqlaşdırmır, əksinə cəmiyyətin niyə lazım olduğunu ona göstərir. Biz isə bunları düşünüb dərk etdikcə daha çox dinləməyə, tələsik fikir bildirməkdən qaçmağa, həqiqətən insanları anlamağa başlayırıq. 
Hər zaman hərəkətdə olmağın vacib olduğunu düşünürəm. Bakıdakı aqressiv və pessimist simalar, amansız sosial münasibətlərlə əhatəli mühitdən bir günün içində tam əks bir mühitə adladım. İnsan ancaq gəzdikcə, paylaşdıqca böyüyür. Özünün və ətrafının qeydinə qalmağı öyrənir və dərk edir. Bir səfər mənə bu qədər yaxşı təsir edirsə, niyə mən bu səfərləri vaxt aşırı etməyim ki? Tezliklə yeni səfərlərdə görüşmək ümidilə 5 mövsüm ailəsi. Başda Toğrul və Məsud olmaqla səfərdəki hər kəsə dərin təşəkkürlər.