Bu gün valideynlər yeni tədris ili ilə bağlı həyəcanlı olmalarına baxmayaraq, eyni həyəcanı artıq uşaqlarda görə bilmirik. Çünki yeni tədris ili artıq onlara maraqlı heç nə vəd etmir. Əksinə onlar dərs başlayandan sonra, uzaq qalacaqları planşet və telefonları, dərsdən sonra onları həddindən artıq yükləyən kursları düşünürlər. Buna görə də dərs onlara öyrənmə və ünsiyyət vasitəsi deyil, bir məcburiyyətə çevrilir. Bunun bir başqa və daha ağır formasını özlərinə xidmət də daxil bütün qayğıları valideynlərin birbaşa iştirakı ilə qarşılanan uşaqlar yaşayır. Belə ki, yay boyu hər işi valideyni tərəfindən görülən, bu rahatlığa alışan uşaqlar artıq məktəbdə ancaq özlərinin işləməli olduqlarını bilirlər. Dərs başlayan gündən çeşidli bəhanələr, xəstəliklər il boyu belə uşaqları tərk etmir. Yekunda isə onların davamiyyətində boşluqlar yaranır.
Yeni dərsə başlayan uşaqlar üçün isə mənzərə biraz fərqlidir. Bir tərəfdə böyüdüyünü sübut etmək istəyən uşaqlar məktəbə həvəslə hazırlaşır, digər tərəfdə isə evdə olan imkanları kənarda tapa bilməyən uşaqlar isə məktəb yaxınlaşdıqca valideynlərə daha da bağlanır. Nəticədə isə məktəblərdəki mənzərələr dəyişməzliyini qoruyub saxlayır. Bu kimi halların baş verməməsi üçün uşaqların bağça və məktəbəqədər programı keçməsi mütləqdir. Bu programlarda iştirak edən uşaqlar, ancaq ailə içində olmayacaqlarını, özlərinin də cəmiyyətdə bir insan olduğunu, eyni zamanda müəyyən yaşına uyğun bilikləri öyrənir. Nəticədə bu uşaqlar məktəbə tam hazır olur, valideynlər və özləri üçün də bu mərhələ çox yüngül keçir. Ancaq bütün problemlər bununla bitmir. Daha sonra dərs və öyrənmə çətinlikləri gündəmə gəlir.
Aşağıda valideynlərin uşaqlarına təlimi bağlı göstərdiyi yanlış münasibətlərin bəzilərini qeyd edəcəm;
- Cəza olaraq əlavə dərs vermək (evdə etdiyi hər hansı uyğun olmayan davranışına görə, dərslərini oxuduğu halda əlavə dərs vermək)
- Məktəb haqqında yanlış məlumat vermək (səni adam edəcəklər)
- Məktəbdən gələn kimi dərs haqqında soru-sual etmək (heç bir uşaq evə qayıdanda dərs barədə düşünmür, evdə yarımçıq saxladığı işlərini düşünür çox zaman)
- Sinifdə və tanışlarında olan yaxşı dərs nəticələri olan uşaqları onlarla müqayisə etmək
- Qiymətləri ilə təhdid etmək ( gündəliyini ataya göstərəcəm)
İlk dəfə övladları yeni məktəbə gedən valideynlərə aşağıdakı məqamlara diqqət yetirmələri, onların bu prosesi daha yaxşı təşkil etmələrinə yardım edəcək.
- Məktəbdə hansı işlər görəcəyi ilə bağlı geniş məlumat verin (əlavə olaraq məktəbə gedən uşaq videolarına da birlikdə baxa bilərsiniz)
- Onları yenə də çox sevdiyinizi, ancaq məktəbin onlara lazım olduğunu vurğulayın.
- Ağladığı zaman danlamaq yerinə, öncəki günlərdə verdiyiniz məlumatları xatırladın (elə şəarit yaranmasın ki, siz ondan qurtulmaq üçün onu məktəbə qoyursunuz)
- Hər səhər dərs bitən kimi mütləq gəlib onu götürəcəyinizi bildirin.
Övladları yuxarı siniflərdə olan valideynlər isə, onlarla məktəb haqqında nə düşündüyünü, nə üçün getmək və ya getməmək istədiyini öyrənin. Aşağı nəticələr olacağı təqdirdə təhdidlər yağdırmayın, yüksək nəticələri olsa nələri əldə edəcəyi ilə bağlı motivasiya verin. Qeyd: bu motivasiya ona xeyirli və sizdən asılı ola biləcək mükafatlar, yaxud da dərsi ilə bağlı prognozlar ola bilər. Verdiyiniz sözlərin icrasına da həssas yanaşmağınız ona əlavə motivasiya ola bilər. Biz onlara necə yanaşsaq, onlar da özlərinə elə yanaşacaq. Buna görə də hər atacağımız addımın onlara necə təsir edəcəyini hesablamalıyıq. Əks təqdirdə nəticələr ürəkaçan olmaya bilər. Cəmiyyətimiz üçün layiqli vətəndaşlar olmaları diləyi ilə yeni tədris iliniz mübarək.