Bəyaz zanbaqlar ölkəsində – Qriqoriy Petrov

“Hər kəs həyat şəraitinin ağırlığından, qarşılaşdığı problemlərdən, həyatın bilinməzliyindən danışır, ancaq həyatı nizama salmaq və yaşana bilən hala gətirmək üçün heç kim, heçnə etmək istəmir. Elə bil hamımız həyatdan kənarda qalan izləyicilərik, sonsuz səlahiyyətli hakimlər kimi vəzifələndirilmişik: Hamı böyük işlər, böyük şəxsiyyətlər, böyük sevinclər tələb edir, ancaq özünü və çevrəsini saran bayağılığın, cahilliyin və heçliyin üstünə bir addım belə getmir. İnsanlar nə bahasına olursa-olsun, borclarını ödəməkdən qaçan pis niyyətli borcluya bənzəyir”

Kitabdan qeyd etdiyim sitat mənə görə kitabın əsas vermək istədiyi mesajlardan ən birincisidir. Nəyisə etməmişdən, “nəsə istəməmişdən qabaq buna nə qədər layiq olduğumuz barədə də düşünməliyik ” fikrimlə üst-üstə düşür. Hazırda ən çox gözümə çarpan, məni narahat edən mövzulardan biri insanların ətrafına, özlərinə birtərəfli yanaşmasıdır. Yəni ya özümüzə, ya da ətrafımıza qarşı nələrisə yanlış edirik, düzgün qiymətləndirmirik. Bu da insanlar arası münasibətlərə, digər bir problemin, “rol bölgüsünün düzgün olmaması və ya ümumiyyətlə olmamasına” gətirib çıxarır. Fikrimcə bu bütün problemlərin başlanğıcıdır. Öz rolunun sərhədini bilməyən şəxs, təbii ki başqalarının sərhədlərini də pozacaq, bilərək ya  biməyərək. bu ilk zamanlar şəxsi sferada, daha sonra isə sosium səviyyəsində gerçəkləşir. Bunun bariz nümunəsi kimi öz hüquqlarını bilməyən vətəndaşların hüquqlarını pozan məmurları və ya öz rollarını bilmədiyi üçün övladlarına aşırı qayğılar yükləyən valideynləri misal göstərə bilərik. Hər hansı addımı atmamışdan qabaq özümüzlə bərabər ətrafdakılara verəcəyimiz xeyir və ziyan barəsində də düşünməliyik.

Çıxardığım nəticəyə əsasən deyə bilərəm ki, kitabın əsas məqsədi insanlara dünyaya yeyib, yatıb, gülüb, ölmək üçün gəlmədiyimizi çatdırmaqdır. Digər bir məqsəd isə sosial məsuliyyətin təkcə idarəçilərdə deyil, hər bir cəmiyyət üzvü arasında bərabər paylandığını göstərməkdir. Kitab çox realist axarla davam edir, lakin sonda “xeyir-şər” savaşı ilə mistika qatılmasına çalışılıb. Yeganə bəyənmədiyim məqam bu oldu kitabda.

“Məktəblərdə şagirdlər imtahan bitdikdən sonra bir araya gəlib dərs kitablarını xüsusi mərasimlə yandırırlar. Bunun mənası nədir? Nəyə görə? Eyni hal  təhsil və demək olar ki, bütün iş sahələrində  baş verir. Gördükləri işin nəyə xidmət etməsi demək olar ki, çox insanı maraqlandırmır. Onlar işləyərkən belə ay sonunda alacaqları maaşla edəcəkləri zövqlər barəsində fikirləşir. Böyüklərə baxan uşaqlar isə oxumaqları müqabilində yaxınlarından  “rüşvət” tələb edir. Ancaq əsas məqamı yaddan çıxarırlar. Gördükləri işlər təkcə onlar üçün deyil, həm də cəmiyyət üçündür. Bu gün məktəbdə oxuyan uşaq sabahın həkimi, müəllimi olacaq, xalqa xidmət edəcək, bununla öz maddiyyatını təmin edəcək. İşin maddi tərəfi çox qabarıldığından mənəvi tərəf görünmür heç. Nəticədə isə hər gün gördüyümüz minlərlə faciə baş verir.

“Aydınlar xalqın beynidir. Xalq bizi təhsil aldıqdan sonra yüksək maaşlı işə girib axşamalr restoranlarda oturmaq, güya “mütailə salonlarında” oturub kart, domino oynamaq üçün yetişdirmədi. Bu həyatı yaşayanlar ziyalı yox, ziyalı qırıntılarıdır. Sizin ziyalı olaraq vəzifəniz xalqın zəkasını, vicdanını, iradə və enerjisini oyatmaq və hərəkətə gətirməkdir. Bu kitab günümüzün Azərbaycanına çox uyğun kitabdır. Bu sitatda deyilən fikirlərin əksini ölkəmizdə sosial mediada, tv və radio kanallarında edilməyə çalışıldığının şahidiyik. Hər vəchlə insanları əyləncələrə, bayağı şeylərə yönlədirməyə çalışırlar. Bunlar bəli ziyalı qırıntılarının işləridir.

Kitab ideya və fikirlərimlə örtüşən bir kitabdır. Hər kəsə oxumasını tövsiyə edirəm. Ölkəmizdə baş verən hər şeydən hər birimiz günahkarıq. Bizdən çox az olmalarına rəğmən inkişaf etmiş toplumlar var. Əminəm ki, bunu istəyən tək mən deyiləm. Parçalamaqla, parçalanmaqla inkişafımızı təxirə salırıq. Gəlin əl-ələ verib ölkəmizi birlikdə quraq. Nə qədər gəncik, nə qədər enerjimiz var yeniliklərə açıq olaq, cəmiyyətin inkişafı ayrı-ayrı şəxslərin fərdi inkişafından da asılıdır. Qaranlığı lənətləməkdənsə, bir şam yandıraq. Axı bu ölkə bizimdir, bu insanlar bizimdir.

Bəyaz zanbaqlar ölkəsində – Qriqoriy Petrov” üzərinə bir şərh

Bir şərh yazın