Kitabsevər dostumuz, bloqer Sərxan Rüstəmov bir neçə gün öncə maraqlı bir təklif etdi. Təklifi video-müraciət formasında edən Sərxan bəy BookMap səhifəsindəki müraciətində bildirdi ki, oxuduğumuz kitabları sosial şəbəkələrdə paylaşarkən #övladınüçünoxu həştəqindən istifadə edərək paylaşaq ki, kitab oxumağa vaxtı olmayan valideynlər və dostlarımız da bundan faydalana bilsinlər.
Bir kitabsevər, uşaq psixoloqu olaraq buna sevinməyə bilməzdim. Artıq Sərxan bəy bunun üçün xüsusi motivasiyaedici videorolikdə hazırlayıb.
Videoda göründüyü Azərbaycanın sosial mediada tanınmış simaları bu sosial kompaniyaya qoşulublar. Ölkəmizin inkişafı üçün bütün sahələrdə maariflənmək başlıca şərtdir. Maarifin əsas qaynağı isə oxumaqdır. Hər sahədən olan insanların bir mövqedən çıxış etməsi, bu kompaniyaya dəstək olması bizi daha da ruhlandırır.
Mən də bu kompaniyanın valideynlərə verəcəyi faydalardan biraz danışmaq istəyirəm. Ölkəmizdə demək olarkı əksər valideynlər uşaqlarının oxuması, ali təhsil almasının vacib olduğunu düşünürlər. Bu çox gözəl düşüncədir. Ancaq çox hallarda bir məqam gözdən qaçırlır. Məktəbəqədər yaş dövründən (3-6 yaş) valideynlər övladlarını təlim prosesinə cəlb etməyə başlayırlar. Məktəb yaşı dövründə isə uşaq artıq öz tərəfini seçmiş olur. Düzgün nümunə və model görmüş uşaqlar həvəslə təhsillərinə davam edir, bu nümunə və modeldən məhrum olan uşaqlar isə hər vasitə ilə təlimdən yayınmağa çalışırlar. Təbii ki, övladın yetişməsinin hər sahəsində olduğu kimi, təlim-təhsil sahəsində də əsas məsuliyyət valideynlərin üzərinə düşür. Əksər valideynlər uşaqlarına dərs oxumanı sadəcə söz formasında çatdırırlar. Lakin uşaqlar daha çox etdiyimiz davranışlara baxır. öz dediyimizi özümüz etmiriksə, uşağa da bunu etmək absurd gəlir. Digər bir məqam isə uşaqlar niyə oxumalı olduqlarını bilmədən günlərini məktəb və tədris mərkəzlərində keçirməli olurlar. Buna görə də bir çox uşaqlarda təlimə münasibət bir mənalı olmur.
Yekun olaraq onu deyə bilərəm ki, uşaqlar üçün biz əsas modelik. Onlar bizim hərəkətlərimizə baxır, onları təkrar etməyə çalışır. Onlara kitabı, oxumağı aşılamaq üçün ilk öncə özümüz oxumalıyıq. Bu kompaniya bizlər üçün motivasiya ola bilər, oxuyaq, oxudaq, paylaşaq.