– Onda anam evdən çıxdı, məni də özü ilə apardı. Gündüz idi. Biz axşama qədər küçələrdə gəzdik, anam elə hey ağlayırdı, məni də qolumdan tutub aparırdı. Mən çox yorulmuşdum, biz o gün heçnə yeməmişdik. Anam elə öz-özünə danışırdı, mənə də elə deyirdi: “Nelli, kasıb ol, mən öləndən sonra heç kəsə qulaq asma, heç kəsin yanına getmə, tək ol, kasıb ol, işlə, iş olmasa, get dilən, amma onların yanına getmə”. Hava qaralanda biz böyük bir küçədən keçirdik, birdən anam çığırdı: “Azorka! Azorka!” Osaat tükü tökülmüş böyük bir it anamın yanına yürüdü, zingildəyib onun üstünə atıldı, anamın qorxudan rəngi qaçdı, çığırıb uca boylu bir qocanın qarşısında dizi üstə düşdü. Qoca əlində ağac, başını aşağı dikib gedirdi. Bu uca boylu qoca mənim babam imiş, özü də çox arıq idi, əyninin paltarı çox köhnə idi. Babamı mən birinci dəfə burda gördüm. O da çox qorxdu, rəngi ağappaq ağardı. Elə ki gördü onun qabağında yıxılan qıçlarını qucaqlayan anamdır, anamın qollarından çıxdı, onu itələdi, əlağacını daşa vurub tez getdi. Azorka hələ bizim yanımızda idi, elə hey ulayırdı, anamı yalayırdı, sonra babamın ətəyindən tutub geriyə dartdı, babam onu ağacla vurdu. Azorka yenə də bizə tərəf qaçdı, amma babam onu səslədi, o dönüb babamın dalınca getdi, yenə ulayırdı. Anam ölü kimi yerdə sərilib qalmışdı. Camaat başımıza toplaşdı, polis işçiləri gəldi. Mən çığıra-çığıra anamı qaldırdım, anam qalxdı, ətrafına baxıb mənim dalımca gəldi. Mən onu evə apardım. Adamlar bizə çox baxdı, hamısı da başını yırğalayırdı…
Əsəri çox yavaş oxudum, demək olar ki ay yarıma bitirdim. Başlanğıcda çox sıxıcı təsir bağışladı. Sonuncu hissə və epiloqunu isə bu gün bir nəfəsə oxudum. Saat və havanın qaralmağından xəbərim olmayıb.
Əsərdə XIX əsrdə Çar Rusiyasında hökm sürən feoadlist cəmiyyətində yaşayan insanların çəkdiyi iztirablarından çox açıq və amansız şəkildə bəhs edir. Dostoyevskinin digər əsərlərində olduğu kimi baş qəhramanının düşüncələri, fikirləri ilə onun iç üzündəki əzabları oxucuya çatdırır, bir növ öz qəhrəmanını alçaldır. Başqalarına görə həyatını qurban verən adamın həyatının necə puç edildiyini, həmin başqaları onlara necə amansız davrandığını göstərir müəllif bu əsərində. Müəllif öz düşüncələrini cəmiyyət tərəfindən qınanıla bilməyəcək balaca bir qızın adından oxucularına çatdırır, bir növ öz ədalətini belə bərqərar etməyə çalışır. Alçaldılmışları göstərməklə, alçadanların iç üzünü oxucularına açır. Fikrimcə bu əsər feodal Rusiyasına Müəllifin üsyanıdır. Nəzərə alsaq ki, Dostoyevski bu əsəri sürgündən qayıtdıqdan sonra qələmə almışdır. Öz etirazını bu şəkildə bildirməsi çox normaldır. Həyatımızdakı “Nellilərə” sahib çıxmağımız diləyi ilə. Çox danışıb spoiler vermək istəmirəm. Xoş mütalilələr. #Hərgünoxu