Yeraltından qeydlər – Fyodor Dostoyevski 

“Məncə, bunları yazmaqla səhv eləmişəm. Açığı, bunları yazan vaxt utanırdım, bu ədəbiyyat yox, cəza idi. Axı öz gizlin hücrəsinə çəkilib yaratdığı dünyada yaşayan, öz hirsində, kinində boğulan adam haqqında yazılan roman nə dərəcədə maraqlı ola bilər? Romanda gərək qəhrəman olsun, mənsə antiqəhrəmanın özəlliklərini yazmışam. Biz yaşamağı yadırğamışıq, hamımız axsayırıq, yaşaya bilmirik, bu söz bizim üçün o qədər yadlaşıb ki, kimsə yanımızda həyat sözünü işlədəndə hirslənirik. O dərəcəyə çatmışıq ki, həyatı əzab kimi, vəzifə kimi təsəvvür edirik və hamımız kitabların həyatdan yaxşı olduğunu fikirləşirik. Biz axı nə istəyirik? Heç özümüzdə bilmirik. İstəklərimiz yerinə yetsə bizim üçün çox pis olacaq. Siz bir yoxlayın, bizə imkan yaradın, əhatə dairəmizi genişləndirin, onda necə geriyə qayıtdığımızı görəcəksiniz. Bilirəm yəgin mənə hirslənəcəksiniz, deyəcəksiniz ki, öz adından danış, hamının adından danışmağa cürət etmə! İcazə verin, cənablar, bununla özümü təmizlə çıxarmaq istəmirəm. Həyatınızda çox şeyi axıracan etməyə cəsarətiniz çatmayıb, mənsə hamısını axıra qədər  eləmişəm, üstəlik, siz qorxaqlığınızı xeyirxahlıq kimi qələmə vermisiniz, özünüz özünüzü aldatmısınız. Belə baxanda sizdən daha “canlıyam”. Diqqətlə baxın. Kitablarımızı əlimizdən alsalar biz çaşıb qalarıq, nə edəcəyimizi bilmərik. Çünki həyat, yaşamaq bizim üçün yerini bilmədiyimiz sirli bir şeydir. Biz, hətta insan olduğumuzu da yaddan çıxartmışıq. Biz, ölü atalardan doğulan ölü insanlarıq.”

Yazıçı əsərin sonunu bu sözlərlə bitirib. Kitab boyu insanı “şillələyən” müəllif sonda da insanlığımızın acınacaqlı hala düşməyini bu cür təsvir edib. Hazırki dövrlə müqayisədə burada qeyd olunanlar çox yüngüldür. Ancaq di gəl ki, bizlər heç birimiz bunun fərqində deyilik. kimlərinsə bizə dürtdüyü xarakterlərə sahiblənib, birdə onunla qürurlanırıq. Çox cılız görünürük məncə də.  Hər gün minlərlə insan gözümüzün qabağından keçir. Hər biri də öz məqsədləri üçün, ona qoyulan planı yerinə yetirmək üçün, gözümüzün içinə baxa-baxa bizi aldatdığını, yola verdiyini düşünür. İnsanlar nərdivanın bir pilləsi deyil, sadəcə insandır. Sizin, bizim kimi insanlar! Hələ üstəlik bu durumdan şikayətlənmə cəsərati də tapırıq özümüzdə. İnsanlar bir birindən istifadə edir. Bizlər başqalarından istifadə etdiyimizi düşünürük, halbuki, bizdən də eyni şəkildə başqaları istifadə edir. Ancaq bu “xeyrimizə” olduğu üçün səsimizi çıxarmırıq. İstədiyimiz alınmayanda isə oyuncağı əlindən alınmış uşaq kimi zarıyırıq. Yaşa dolana qədər gördüklərimi kopyalamaqdan başqa əlimizdən bir iş gəlmir. Sözdə yenilikçiyik. Bəli, yeniliklər var. Ancaq özümüzlə bağlı heç bir yenilik yoxdur. cihazlarımız vasitələrimiz, bir- birimizə gəldiyimiz kələklər yenilənir.

“Xəstəliyi ilə qürurlananlar da var və  deyəsən, mən hamıdan çox qürurlanıram. Mübahisə eləməyəcəm, yersiz olar, amma istənilən halda, əminəm ki, şüur xəstəlikdir.” Bu ifadə çoxları üçün gülünc səslənə bilər. Ancaq öz otağından çıxmayan bir adamın illərdir düşünüb heç kimə deyə bilmədiyi sözləri bu əsərə köçürdüyünü nəzərə alsaq çoxda haqlıdır. Ardınca müəllif ağrıdan həzz almaqdan, alçalmaqdan aldığı həzzdən danışır. Əslində isə, müəllif öz timsalında insanların özlərini könüllü şəkildə necə alçatdıqları göstərib. Çox təəsüf ki, bu kimi hallarla biz hər gün, hər saat qarşılaşırıq. Və də ən dəhşətlisi, biz buna alışmışıq. Bunu bir norma olaraq qəbul etmişik. İnsana görə xarakterimizi dəyişir, işə görə düşüncələrimizi dəyişir, partnyora görə hisslərimizi dəyişirik. Özümüzdən heç bir şey qalmır geriyə. Sıradan bir toplum kopyası oluruq. Utanmadan, birdə bununla qürrələnirik.

“Kaş tənbəl olardım. Aman tanrım, onda özümə necə hörmət edərdim. Bəli hörmət edərdim, ən azından bilərdim ki hansısa xüsusiyyətim var.”  Burda da xarakterini  dəyişdirən insanlarla ciddi bir zarafat edib. Rəğbət bəslədiyi adamlara yaltaqlanmaq, onlara oxşamağa çalışmaq 2 əsr qabaq olduğu kimi indiki dövrdə də aktuallığını saxlamaqdadır. Əslində heçdə inkişaf etmədiyimizin bir daha şahidi oluruq.

Daha sonra Dostoyevski insanın iki ən gözə çarpan özəlliyindən biri kimi naşükürlüyünü göstərir. Bu da yenə günümüzdə də təsdiqini tapır. Ümumiyyətlə XIX əsrdə, Rusiyada  kapitalist münasibətlərinin inkişafı fonunda baş verən iyrənc “inkişaflar”, bu gün kapitalist rejimini tətbiq etməyə çalışan bizlərə çox bənzəyir. Eyni zamanda qeyd edirki, bəşər tarixində ağıl olmayıb. Bunu da yersiz müharibələrlə əlaqələndirir. Nəzərə alsaq ki, insan doğulduğu gündən ancaq savaşır. Bu fikirlə də razılaşıram.

Arzu və istəklərə çatanda isə müəllif qeyd edirki, “ancaq yaxşılığı sevmək tərbiyəsizlikdir!” Əsərdə ən çox xoşuma gələn fikirdir bəlkə də. Gün ərzində pozitivçilər ətrafımızı mühasirəyə alıb. ancaq yaxşı şeylər düşünməyimizi, həyatın xoş olduğunu bizə yedirməyə çalışırlar. Bəli həyat xoşdur, lakin təkcə yaxşılıqdan ibarət deyil. Pisliklər olmasa, yaxşılıq deyə bir qavrama niyə ehtiyac olsun ki? Ancaq yaxşıları istəmək, düşünmək, görmək büsbütün həyatı yarımçıq yaşamaq deməkdir. Birdə hər şeyi yarımçıq düşünüb, yarımçıq görən insanlar bizə qarşı necə tam səmimi ola bilər ki ? Maskalar özümüzdən önəmli deyil axı. Bununla bərabər qeyd edir ki, ” İnsan ancaq öz bədbəxtliyini görür, xoşbəxtliyini deyil.” Bəli biz naşükür olduğumuz üçün ancaq bədbəxt olmaqla kifayətlənirik.

Əsərin sonlarına yaxın tanış olduğu bir fahişəylə danışan qəhrəman onu düz yola çəkməyə çalışır. Bu zaman onun üçün ən ağır məqam ona yalan danışmaq olur. ” Mənim dilim dolaşacaq, utanıb qızaracağam, yalan danışmağa başlayacam. Lənətə gəlsin! Ən pisi də elə budur – yalan danışmaq. Utanıb qızarmadan yalan danışmaq!..” bu monoloqdan sonra yenə özünə haqq qazandırmağa çalışan qəhrəman yenə özünü ifşa etməli olur.

Qeyd edim ki, əsər Fyodor Dostoyevski ilə ilk tanışlığımız idi. İnsan üçün şillə effekti yaradan, insana özünü, həyatı sorğuladan bir dəsti xətti var. Bir daha cəmiyyət dediyimiz xarabada olan iyrənclikləri bir daha görmüş oldum. Səmimi qəbul etməyiniz diləyi ilə növbəti yazıda görüşənədək.

Yeraltından qeydlər – Fyodor Dostoyevski ” üzərinə bir şərh

Bir şərh yazın