“Sevgini dağıtmaq üçün iblislərin hamısının birlikdə nə vaxtsa fikirləşib tapdıqları cəhənnəm ixtiralarından ən məhv ediciləri – qınamaq və məhv etməkdir. Onlar səhvsiz təsir edirlər, kral gürzəsinin sancması kimi, onlar həmişə məhv edir, həmişə öldürürlər.”
Qraf Lev Tolstoyun həyat yoldaşı bunu başa düşəndə gec idi. Ölümündən qabaq o, qızlarına etiraf etdi: “Sizin atanızın ölümündə günahkar mənəm”. Qızları cavab vermirdilər. İkisi də ağlayırdı. Onlar bilirdilər ki, anaları həqiqəti deyir.
Ancaq bütün məlumatlara görə, qraf Tolstoy və onun həyat oldaşı xoşbəxt olmalı idilər. O, bütün dövrlərin ən məşhur yazıçılarından biri idi. Şöhrətdən başqa, Tolstoyun var dövləti, yüksək sosial mövqeyi, uşaqları var idi. Heç bir nikah bu cür aydın, buludsuz göyün altında çiçəklənməmişdi.
Sonra heyrətli bir şey baş verdi. Tolstoy tədricən dəyişdi. O, tamamilə başqa bir adam oldu. O, yazdığı kitablara görə xəcalət çəkməyə başladı və həmin vaxtdan etibarən öz həyatını sülhə, müharibələrin dayandırılmasına və yoxsulluğun aradan qaldırılmasına çağıran məqalələrin yazılmasına həsr etdi. Torpaqlarının hamısını paylamışdı, yoxsul bir adam kimi yaşayırdı. Onun həyat yoldaşı isə nifrət etdiyi dəbdəbəni sevir, Tolstoyun öz kitabları müqabilində ala biləcəyi pulları tələb edirdi.
Tolstoy etiraz edəndə, o, isterikalar qurur,ağzın içərisində tiryək olan şüşə qab tutaraq döşəmədə yuvarlanır və and içirdi ki, özünü öldürəcək, quyuya atacaqdır.
Əvvəl-axır, 88 yaşında Tolstoy öz evliliyinə dözəcək halı qalmadı və 1910-cu ilin qarlı oktyabr gecəsində hara getdiyini bilmədən evdən qaçdı.
On bir gün keçəndən sonra o, balaca bir dəmiryolu stansiyasında vəfat etdi. Ölümündən əvvəl tələb edirdi ki, həyat yoldaşını onun yanına buraxmasınlar. Qrafinya Tolstoyun öz hücumları, zarıltıları və isterikalarına görə ödədiyi qiymət bu oldu.
Hamımız deyə bilərik ki, xanım Tolstoyun kifayət qədər bəhanəsi var idi. Tutaq ki, amma məsələ bunda deyil. Sual bundan ibarətdir ki, onun mühakimələri və giley-güzarı kömək etdimi, yoxsa əksinə, vəziyyəti birazda psiləşdirdi? Dale Carnegie- “Necə dostlar qazanmalı”
Günümüzdə bu kimi hallar və əksinə olanlar kişilərin qadınlara qarşı yersiz mühakimələri kifayət qədərdir. Bu kimi halların sayəsində dağılan ailələrində sayı hesabı yoxdur. Olan yenə uşaqlara olur. Həyatın yazılmamış qanunu “Düşünmədən hərəkət edən böyüklərin cəzasını uşaqları düşünərək çəkirlər” işə düşür. Oxucuların bəzilərində hiddət doğura bilər ki , niyə məhz qadın günahkar olan misalı qeyd etmişəm. Burda əsas məsələ gender mövzusu və ya kimin haqlı kimin haqsız olmasını aydınlaşdırmaq deyil. Əsas problem hər iki tərəfin qarşılıqlı şəkildə anlaşa bilməməsi və bunun nəticəsində baş verə biləcək fəlakətlərdir. Misalı çəkməyimə səbəb müəllifin minlərlə adamın iş və şəxsi həaytındakı münasıbətləri yaxşılaşdırmasına kömək olmasıdır.
Uşaqlar gələcəyimizdir deyirik, bəs biz bu gələcəyi mühakimə və tənqidlərlə nə qədər məhv etdiyimizin fərqindəyikmi? Cəzalarını anında kəsirik, bəs yaxşı işlər görəndə onları alqışlayırıqmı?
Uşaqların özlərini aktuallaşdırdığı mühit ailədir. Ailə uşağın müsbət davranışlarını qiymətləndirib, mənfilərini yox etməyə çalışmaq əvəzinə bir-birini mühakimə etməklə məşğul olursa normal düşüncəli vətəndaşlıqdan söhbət belə gedə bilməz. uşaq bizim sözlərimizə deyil, davranışlarına baxır. Valideyninin əlində kitab görməyən uşağın dərslərini pis hazırlaması normaldır. Çünki o böyüklərində bunu görmədiyi üçün lazımsız davranış hesab edər. Uşaqlarımızın xətrinə belə olsa mühakimədən, yersiz tənqiddən uzaqlaşaq.
Tolstoy qədər ruhu sakit və geniş təxəyyüllü birinin həyatını məhv edən mühakimələr bu günkü günümüzdə bizi toz kimi əzib keçər. Tolstoy qaçdı və donaraq öldü. Biz qaça bilmərik. Çünki ətrafımızda hər kəs tənqidçi, hər kəs hakimə çevrilib. Tanımadığımız adamlar haqqında bilib bilmədən ağlımıza gələn ifadələri işlədirik, yolunda büdrəyə utanmadan gülər, qaldırmağı ağlımıza belə gətirmərik. Bununla bərabər hüzurlu, anlayışlı bir cəmiyyət tələb edirik. Bizlərdə cəmiyyətin bir parçasıyıq, biz etməsək kimdənsə necə tələb edə bilərik? Gəlin özümüzdən başlayaq – səhvlərdən heç kim sığortalanmayıb səhvləri bağışlayaq, insan xoş sözə həmişə ehtiyac duyur heç olmasa sevdiklərimizə bunu bəxş edək. Onların qürurlarını incitmədən, aşağılamadanda çox gözəl həyatımıza davam edə bilərik…