31st EFPSA Congress – Azerbaijan

16178798_746557495499735_492104956055376101_o.jpg
Çətin oldu, gərgin oldu ama bacardıq. Iki ildən bəri hazırlıqlarına başladığımız Konqres, bir həftəlik yuxu kimi gəldi, keçdi.
Qeyd edim ki,EFPSA – Avropada psixologiya ixtisası üzrə təhsil alan tələbələri və gənc mütəxəssisləri birləşdirən ümumavropa təşkilatıdır. Təşkilata 33 ölkə üzvdür. MDB ölkələrindən yalnız Azərbaycan bu təşkilatda təmsil olunur. Azərbaycan təmsil edən rəsmi qurum “Gənc Psixoloqlar” ictimai birliyidir.
EFPSA-nın hər il təşkil olunan və ən böyük tədbiri hesab olunan illik konqresə 33 ölkədən 300-dən artıq gənc psixoloq və professor-müəllim heyəti qatılır. Qax rayonunda təşkil olunmuş 31-ci EFPSA konqresinin əsas mövzusu “Müasir insanlıq” başlığı altında olub. Bu mövzu ətrafında müharibə və terrorların yaratdığı psixoloji mühit, mədəniyyətlərarası fərqliliklərin yaratdığı psixoloji çətinliklər, texnoloji inkişaf şəraitində insan psixikası və s. bənzər mövzular müzakirə olunub.
İlk başda biraz çətin uyğunlaşdım. Hamının ingliscə danışması, sualların hamısının ingiliscə olması,insana öyrəşdiyi mühitdən tam başqa yerdə olduğunu xatırladırdı. Çoxdandı hazırlaşdığımız həftənin artıq başlaması isə tam başqa bir həyəcan idi. Ölkə tarixində belə böyük bir tədbirin təşkilatçılarından olmaq həm məsuliyyətli, eyni zamanda qürurvericidir.İndi bu haqda yazanda belə həyəcanlanıram.
23 aprel günü qəribə hislər içərisində idim; ilk dəfə bu qədər çox əcnəbi kolleqamla bir arada olacaqdım. Dili yaxşı bilməmək necə bir şeydir orada yenidən dərk elədim. Sözü başa düşürsən, ama cavab verməkdə çətinlik çəkirsən. Təbii ki bircə gün belə oldu, növbəti günlərdə daha rahat fikrimi ifadə edə bilirdim. Demək olarkı Konqres müddətində ən ağır günlərimizdən oldu ilk gün. Eyni zamanda komanda olaraqda hər şeyin öhdəsindən çox yaxşı gəldiyimizi bir daha sübuta yetirmiş olduq.
IMG_1510
Aprelin 24 açılış mərasımı oldu. Bütün Avropa qarşısında Azərbaycan komandasının alqışlanması, səhnəyə çıxanda hiss etdiklərim təkrar olunmaz hislər idi. 25 nəfərlik bir komanda bütün Avropanı Azərbaycana toplamışdı.
IMG_1687.jpg
Həmin gün axşam isə “Mədəniyyət gecəsi” oldu.Hər ölkə öz milli yemək və içkiləri ilə sərgidə iştirak elədi. Hərəsi başqa başqa millətlərdən olan insanların bir birilə bu qədər mehribanca davranışı insanı başqa planetdəki kimi hiss etdirirdi. Bundan öncəki konqreslərə qatılanların fikirləri yadıma düşürdü. Onlar danışanda qəribə gəlirdi mənə, gözlərimlə gördükdən sonra mənim üçün də adiləşdi, məndə onlardan biri oldum. Tanımasalar belə hamının bir birilə hər gün salamlaşması, ünsiyyətdə olması, xoş münasibəti adama gözəl aura bəxş edir.
IMG-20170505-WA0028.jpg
Konqresin ikinci günü isə mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki həmin gün Qafqaz milli rəqsindən (lezginka) dərs keçməliydim. Eyni zamanda həmin gün “Azərbaycan gecəsi”ndə bu rəqsi ifa edəcəkdim.Gözlədiyimdən də çox gəldi rəqs öyrənmək istəyənlər. Onlarla çox maraqlı 2 saat keçirdik. Təbii ki 2 saata rəqs öyrənmələri çox qəliz məsələdir,ancaq müəyyən hərəkətləri mənimsədilər. Məqsəd mədəniyyətimizi onlara çatdırmaq idi. Onların mədəniyyətimizlə maraqlanması, öyrənməyə can atması,məni daha da həvəsləndirdi. Gecə isə “Dərbəndi” rəqsindən sonra biz çıxış etdik. 350 nəfərin diqqətinin bizim üzərimizdə cəmləşməsi, heyran baxışları, alqışları biraz həyəcanlandırsa da eyni zamanda daha da məni ruhlandırdı. Halbuki həmin gün axşama qədər rəqsi məşq edib yorğun idik. Ancaq rəqs vaxtı bu yorğunluq yadıma belə düşmədi . Bundan sonra məni “Dancer” adlandıranlar oldu, hamının yadında elə qalmışdım. Son gündə mənə yazılan məktublarda da bu ləqəbimlə xitab etmişdilər.
IMG-20170428-WA0024
Ayın 26 sı hər şey program əsasında öz axarında davam etdi. Növbəti gün olacaq eksursiyaya tam hazırlaşdıq. birinci dayanacağımız İlisu oldu. Çoxdandı getmək istədiyim, gedib çıxa bilmədiyim yerlərdəndi İlisu. İlisu məscidini, “İlisu sultanlığı”ndan yadıgar qalan Kürmük çay sahilində tikilən müdafiə qalasını gəzdik. Sonrakı dayanacaq Qax şəhəri oldu. İlk öncə “kilsə”, daha sonra “qala küçəsi”, “Heydər Əliyev Mərkəzi”, sonda isə şəhər “cümə məscidi”ni gəzdik. Qax şəhəri restavrasiyadan sonra tarixiliyini qorumuş çox az saylı Azərbaycan şəhərlərindən biridir. Əhalisi də çox mehribandır, çoxlu sayda etnik tərkiblər burada rahat şəkildə öz yaşamlarını davam etdirməkdədir.
IMG-20170428-WA0039.jpg
Nöbvbəti dayanacaq Şəki “Kiş Alban Məbədi” oldu. Bura çıxmaq üçün bir xeyli enerji sərf etdik. Kiş çayı daşanda körpünü dağıtdığı üçün ora avtobus yolu yox idi. Kəndə piyada qaxdığımız müddətdə təbiəti və kəndi seyr etmək üçün daha çox imkanımız oldu. Möhtəşəm görüntülər idi. Mənzərələri həvəskar fotoqraf olaraq dəyərləndirdim. Sonra “Şəki xan sarayı”, daha sonra “Karvansarayı” gəzdik. Sonuncu dəfə şəkini 11 il öncə belə rahat gəzə bilmişdim. Ancaq həmin dövrə aid heç bir şəklim yoxdur. Bu dəfəki səfərimizdə hər daşı tarix qoxan bu şəhərdə çoxlu anları yaddaşa yazdıq. Axşam yeməyi üçün getdiyimiz məkanda nağara, zurna ilə qarşılanmağımız onları şoka salmışdı. Onlarda belə hallar ya festivallarda, bayramlarda yada çox mühüm şəxslər üçün təşkil olunur. Gedəndən sonra da hər gün sosial mediada Azərbaycandan bəhs etmələri, bizlərə təşəkkür etmələri bizi sevindirməyə bilməz. Konqres boyu ən gərgin günlərimizdən olsa da ən yadda qalan gündə elə məhz ekskursiya günü oldu.
Konqresin son günlərində artıq mənə ilk baxışda çox yad görünən adamlar doğmalaşdı, yavaş yavaş adları da yadımda qalırdı. Azərbaycanın bizdən nisbətən yaşlı psixoloq və psixiatrlarının da qonağımız olması bizi daha da ruhlandırdı. Bizə dəstək olan hər birinə təşəkkür edirəm.
Hər gözəl başlanğıcında bir sonu var. İllərdir onları tanıyırmış kimi, illərdir burada birlikdəymişik kimi bir ortamda olduğum insanlar öz vətənlərinə dönmək üçün hazırlaşırdılar. 30 aprel bütün qonaqlarımızı yola saldıq. Tək özümüzüz qalmışdıq, sadəcə org.com.
IMG-20170501-WA0010[1].jpg
Konqres müddətində həm komandımızı, həm digər qonaqları yaxından tanıma şansım oldu. Bir daha belə kollektivlə birlikdə olduğum üçün çox məmnun oldum. Həqiqətən də əla komandayıq. Bu uşaqlar hələ Azərbaycan Psixologiyasında daha neçə ilklərə imza atacaqlar! Bu bir həftə ərzində özümü tamam başqa ölkədə hiss etdim; dil fərqli, insanlar fərqli, insanlara münasibət fərqli idi. Hər kəs bir birinə xoş aura bəxş etmək üçün əlindən gələni edirdi. Möhtəşəm görüntülər idi. Hələ otel işçilərinin “Habu oğlan bizim yerlidi” deməkləri başqa zövq verirdi mənə.Çox macəra yaşadıq,çox şeylər öyrəndik. bütün gərginliklərin, əziyyətlərin sonu böyük bir xoşbəxtlik və qürurla bitirsə demək ki,boşuna olmayıb…350 nəfər Avropanın gənc Psixoloqları və 25 nəfər Org.com. 1 ilin 1 həftədə əksi olunduğu nağıl kimi günlər … Sanki xüsusi bir qüvvə vardı ki,bizə yardım edirdi. Nəticədə Avropa Tələbə Psixoloqlarının 31-ci konqressi Azərbaycanın Qax şəhərinin El-Resort otelində baş tutdu. İndinin özündə də çox həyəcanlıyam. Məqaləni yazmaqda məqsədim bizdən sonra gələn gənc psixoloqları həvəsləndirmək, mənim yetişməyimdə əməyi olan hər kəsə təşəkkür etmək, xalqımızın bu cür gənclərini tanımasına yardım olmaqdır. Oxuyub bəyənənlər məqaləni paylaşada bilər. Bizimlə olan, bizə dəstək verən, hislərimizə şərik olan, bizimlə qürur duyan hər kəsə dərin təşəkkürümü bilidirirəm.

Bir şərh yazın